Elşən və Mətanət…
Neçə-neçə azərbaycanlı övladı “Bir qalanın sirri” filminin igid, cəsur, ağıllı Elşəni və sədaqətli Mətanəti timsalında böyüyüb. Bu qəhrəmanlara baxan yeni-yeni nəsillər yetişdirib bizim torpaq.
“Cığır”ın bu qəhrəmanlarla canlı ünsiyyət yolçuluğunda (səfərində) növbəti qonağı Füzuli döyüşlərində Şəhid olan çavuş Elşən Musayevin ailəsidir. 1988-ci il təvəllüdlü, əslən Ağsudan olan, iki yaşında atasını itirən şəhidimiz həyatın çətinliklərini çox gözəl bilirdi…
Zəhmətkeş, alın tərinin qiymətini bilən qəhrəmanımız seçdiyi şərəfli hərbçi peşəsində çox dəqiq idi. Var gücü, bacarığı və istedadı ilə çalışan igidimiz əsgər yoldaşlarının böyük rəğbətini və hörmətini qazanmışdır. Elşən əsl nağıldaki tanıdığımız qəhrəman igidlər kimi Cəbrayıl rayonunda gedən döyüşlərdə qolundan qəlpə yarası alsa da xəstəxanaya müraciət etmədən yeni döyüşlərə qatılıb və düşmənlərimiz tərəfindən snayper gülləsilə vurulub. Cəsur Elşən və xanımı Mətanətin üç gözəl övladı 8 yaşlı Ayşən, 6 yaşlı kiçik-idmançı oğulları Hüseyni və 3 yaşlı nazlı Dərya ataları ilə çox fəxr edirlər. Onların qəhrəman kimi yaşamağın sirrini bilən Elşən və Mətanət kimi valideynləri var. Bizlərə qələbə sevincini yaşadan yüzlərlə gözəl insanın taleləri dillərdə dastanlara, nağıllara çevrilir.
Başın sağ olsun, Vətən, uğrunda vuruşan belə övladın var.