Ramazan bayramı boyunca İsmayıllıda, Qəbələdə, Oğuzda yaşayan şəhid və qazi ailələrini ziyarət edib, bizə qoyduqları əmanətləri ilə yaxından tanış olduq. Hər kəndimizin, qəsəbəmizin qəlbimizdə özəl yerləri olan əmanətləri var.
Əslən Ağdamdan olan çavuş Nicat Həsənquliyev İsmayıllı rayonu Qarabağ qəsəbəsində anadan olmuşdur. Sağlıq vəziyyəti yerində olmasa da, o, 26 oktyabr 2020-ci ildə Qubadlı cəbhəsində gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş və şəhidlik zirvəsinə ucalmışdır.
Uşaqlıqdan çox cəsur və mərd olan Nicatın arzusu doğma Ağdamı düşməndən azad etmək, bayrağımızı Qarabağda dalğalandırmaq olub. Məktəbdə, çevrəsində bacarığı, insansevərliyi ilə seçilən Nicat öz yaşadıqları küçəyə bulaq çəkdirmişdi. İndi ailəsi bu çeşməyə şəhidin adını verərək onun arzusunu həyata keçirib. Nicat o bölgədəki sakinlərin, qonaqların qəlblərini sərinlədir və sevindirir.
Əminik ki, onun bizlərə əmanət 11 aylıq oğlu Bakir atası kimi vətənə, insanlığa xeyirli övlad olacaq.
Allah bütün şəhidlərimizə rəhmət etsin, ruhlarını əbədiyyən yaşatmağımız üçün bizlərə güc versin!