Xeyriyyə satışı

Xeyriyyə satışı

Layihənin həyata keçirilmə səbəbi və məqsədi:

     “Cığır” MDİD İB-nin könüllü komandası Bakı  əhalisinin tez-tez bir araya toplandığı xeyriyyə satış yarmarkalarının təşkilinə xüsusi əhəmiyyət verir. Bu satışlar müntəzəm aralıqlarla istər açıq, istərsə də qapalı məkanlarda böyük və fərqli çeşiddə məhsulların satışını həyata keçirməklə gerçəkləşir. Bir və ya bir neçə gün ərzində davam edən həmin satışlardan əldə olunan gəlir birliyin bir sıra layihələrinin həyata keçirilməsinə kiçik də olsa öz dəstəyini göstərir. Lakin gəlirdən daha çox burada bizləri insanların – kiçikdən böyüyə, fəal könüllüdən sıravi insanlara – hər kəsin “xeyir adına mənim də payım olsun” düşüncəsinin qəlblərdə və üzlərdə  təzahürünü görə bilmək sevindirir. Bu satışlarda baş tutan ünsiyyət və tanışlıqlar çox zaman yeni dostluqların, əməkdaşlıqların başlanğıcına çevrilir. Hətta müştərilərimiz səbirsizliklə satışlarımızın baş tutacağı günü gözləyir, bayramqabağı öz süfrələrini məhz xeyriyyə yarmarkamızdan aldıqları məhsullarla bəzəməyə özən göstərirlər. Könüllülərimiz isə alıcıların xeyir adına olan bu şövqündən ilhamlanaraq daha geniş çeşiddə və incə zövqlə satışların gerçəkləşməsinə çalışırlar.

      Xüsusən, “Cığır” İB himayəsində olan əmanətlərin bu tədbirlərdə iştirakı bizlərə böyük stimul verir. Onlar  bu fəaliyyətdə könüllülərlə bərabər yaxından iştirak edir, kimi satıcı qismində,  kimi qonaqlara çay, şirniyyat ikram edən vəzifədə olmaqdan məmnunluq duyur, birliyimizin bu böyük və ictimai əhəmiyyətli layihəsinə kiçik dəstəklərini göstərirlər.

“Birlikdə yaxşılıq etmək daha zövqlüdür.”

Layihənin gedişatı:

     Xeyriyyə yarmarkamız bir çox xüsusiyətləri ilə alıcıları cəlb edir. Satış boyu uşaqlar və gənclər müxtəlif masterklaslarda iştirak edir (ebru, daş üzərində boyama və s), əl qabiliyyəti olan xanımlar və dul analar öz zəhmətlərinin bəhrəsi olan müxtəlif növ qida məhsulları – şirniyyatlar, tortlar,  soyuq qəlyanaltılar, yarımfabrikat qidalar və hətta hazır isti yeməkləri alıcılara təqdim etməkdən məmnunluq duyur. Özəl brendimiz sayılan və könüllü gənclər tərəfindən hazırlanan “Amber soap” təbii sabunları, “Maidə tekstil” brendinə məxsus eko çantalar, dul anaların tikdiyi müxtəlif süfrələr, geyimlərin təqdimatı, “Zəhmətsevər” nişanı altında təqdim etdiyimiz müxtəlif qış tədarükü bağlamaları satış stollarımıza xüsusi rəng qatır. Kimlər isə sadəcə uzun müddət görüşmədiyi qonaqlarını xeyriyyə yarmarkamıza dəvət edərək xoş, halal mühitdə, dadlı desert və bir fincan çay müşayiəti ilə  gözəl vaxt keçirməyin zövqünü yaşayır.

      Tədbir boyu gözoxşayan dekorasiyalarımız, insanların ruhunu oxşayan musiqilərin sədası, müsəlmanlar arasında xoş ünsiyyət aurası, balacaların sağa sola qaçışması, gənclərimizin gülüş səsləri, qonaqların xoş ovqatı və sonda toplananan gəlir və sədəqələrin bərəkəti layihəmizin ən başlıca müvəffəqiyyətinə çevrilir, xeyir adına cəm olan toplumun gözəllik və mərhəmət adına bir araya toplanması sevgi dalğalarının ətrafa saçılmasına vəsilə olur.

Sosial mediada bizi izləyə bilərsiniz.