Proqram əmanətlərin bir-birini daha yaxından tanıması üçün təşkil olunan tanışlıq oyunu ilə başladı. Oyun uşaqlar arasında ünsiyyəti gücləndirdi və isti bir mühit formalaşdırdı.
Ardınca əmanətlərə “Hansı sehrli gücünüz olsun istərdiniz?” mövzusunda rəsm tapşırığı verildi. Uşaqlar öz xəyal güclərini kağız üzərində ifadə etdilər və daha sonra rəsmləri haqqında danışaraq həmin gücü necə və kimlər üçün istifadə etmək istədiklərini bölüşdülər. Bu paylaşım maraqlı müzakirələrlə davam etdi.
Proqramın davamında Yusif peyğəmbərin qissəsi əsasında hazırlanmış teatr tamaşası təqdim olundu. Tamaşadan sonra xeyirxahlıq və qısqanclıq mövzularında uşaqlarla birlikdə müzakirə aparıldı, hekayədən çıxarılan nəticələr paylaşdıldı.
Eyni zamanda əmanət anaları ilə ayrıca proqram təşkil olundu. Onlarla səmimi söhbətlər aparıldı, mənəvi dəyərlər haqqında fikir mübadiləsi edildi.
İftara yaxın əmanətlər, analar və könüllülərlə birlikdə dua edildi və sonra iftar süfrəsi ətrafında cəm olunduq. Birlikdə açılan oruc Ramazanın paylaşma və mərhəmət ruhunu bir daha yaşatdı.
Sonda uşaqlara Ramazan hədiyyə qutuları və “Maidə” teksil sosial sahibkarlıq layihəsi tərəfindən hazırlanan pastellər təqdim olundu, analara isə sosial sahibkarlıq mağazası “Mülk”-dən geyim hədiyyə edildi.
Proqram uşaqlarla birlikdə Ramazan tortunun kəsilməsi ilə yekunlaşdı və xoş, unudulmaz xatirələrlə başa çatdı.
























