Ramazan tədbirlərinin 1-ci günü-sevgi və paylaşma dolu ilk iftar

Ramazan tədbirlərinin 1-ci günü-sevgi və paylaşma dolu ilk iftar

Ramazan tədbirlərinin I günü – sevgi və paylaşma dolu ilk iftar…
“Cığır” MDİD İctimai Birliyinin təşəbbüsü ilə təşkil olunan Ramazan tədbirləri çərçivəsində əmanətlərlə ilk iftar proqramı həyata keçirildi.

Qürur və sevinclə qeyd edək ki,bugünkü iftar süfrəsinin bütün xərcini həssas qrup nümayəndəsi olan tənha analar qarşılayıb.
Tədbir əmanətlər və könüllülər arasında keçirilən “Sevgi toru” oyunu ilə başladı. Hər kəs ipi digərinə ötürərkən gözəl bir söz və ya dua səsləndirdi. Beləcə, deyilən xoş sözlər və edilən dualar iştirakçılar arasında görünməz, lakin güclü bir sevgi bağı yaratdı.

Ardınca “Emosiyaların təsviri” mərhələsində uşaqlar xoşbəxt olduqları bir anı rəsmlə ifadə etdilər. Hər bir şəkil onların daxili dünyasının, saf duyğularının və ümidlərinin əksi idi.

Proqramın davamında sevgi və mərhəmət dəyərlərini aşılayan hekayə əsaslı tamaşa təqdim olundu. Tamaşa sonrası uşaqlarla birlikdə dəyərlərimiz, paylaşma və qayğı haqqında müzakirə aparıldı.

Orucumuzu əmanətlərin,əmanət anaların və könüllülərin duaları ilə açdıq.Xeyriyyəçilərin və himayəçilərin də iştirak etdiyi ifrat süfrəsində bərabər oturduq.İftar saatında mərkəzimizin önündən keçən insanlara da isti düşbərə, su və xurma ikram olundu – hər pay Ramazanın paylaşma ruhunun təcəssümü idi.

Sonda uşaqlara hədiyyələr təqdim olundu, tort kəsildi. Əmanət anaları ilə keçirilən proqramda isə onların mənəvi dünyası ilə bağlı səmimi söhbətlər aparıldı və analara Azərbaycanda ilk sosial sahibkarlıq mağazası “Mülk”-dən geyim hədiyyə olundu.
Bu gözəl axşam sevinc, birlik və mərhəmət hissləri ilə yadda qaldı. Birlikdə atılan hər addım, paylaşılan hər an Ramazanın ruhunu daha da yaşatdı.