Sevgi ilə yola saldığımız ey Şəhri-Ramazan!
Ey əmin-amanlıq və rifah ayı! Sən bizə bol nemət bəxş etdin və bizi günahlardan pakladın!
Gəlişindən əvvəl sənə şad idik və ayrılıq anı yetişməmişdən öncə qüssəyə qərq oluruq..
Ey həmsöhbətimiz, ey sirdaşımız! Sənin gəlişin qəlbimizə sevinc gətirmiş, gedişin isə qəlbimizə qorxu və məşəqqəti həkk edir…
Qəlblərin mərhəmətlə dolduğu, imanla isindiyi, sevgi və hörmətin, səbr və vəfanın əsas olduğu bu ay dünyamıza bəxş edilmiş ən gözəl hədiyyələrdəndir. Mübarək Ramazan Ayı qəlblərə bulud oldu yağmaq üçün… Sonra yağış oldu ilahi sevgini böyütmək üçün.
Nə bir sarayda, nə bir süfrədə görülmədi onun gətirdiyi zənginlik.. Şükür etməkdə acizik…
Əllərin səmaya, dillərin duaya, qəlblərin Rəbb’ə yönəldiyi bu mübarək Ay xeyirlərə vəsilə olsun. Dua və niyazdan başqa bir şey yox əlimizdə. Ümidimiz odur ki, dualarımıza cavab gələcək, önümüzdəki pərdələr qalxacaq, zərrə də olsa qəlbimizdəki imanın gücü və dəyəri hörmətinə Rəbb’im günahlarımızı bağışlar İnşaAllah.
Allah bizləri Ramazan Ayını dərk edənlərdən qərar versin!
Gələcək mübarək Ramazana qovuşmaq arzusu ilə..