“Qurandan məktub var -29”

“Qurandan məktub var -29”

Peyğəmbərimiz (s.ə.s) Rəbbimiz tərəfindən aləmlərə rəhmət olaraq göndərildi. Nə üçün Allah peyğəmbərlərini mələklərdən deyil də, insanlar arasından seçdi.Çünki rəsul nümunə olmalı idi. Allahın sözlərini təkcə sözdə deyil, eyni zamanda əməllərində təbliğ eləməli idi. Aləmlərə rəhmət olan sonuncu peyğəmbər Muhamməd (s.ə.s) bütün bəşərə öz həyatı ilə nümunə idi. O həlim və yumşaq davranışları ilə, səbri ilə bir ədəb məktəbi idi. Peyğəmbər (s.ə.s) öz əxlaqı ilə təbliğ edirdi dini.

“Allahın Elçisi sizlərə Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir.” (əl-Əhzab 21)

Peyğəmbər (s.ə.s) gözəl nümunədir biz müsəlmanlara. Özünüzə nümunəlik şəxs axtarırsanız Peyğəmbərə (s.ə.s) baxın._ Əhzab surəsi deyir ki, Muhamməd (s.ə.s) sizə ən gözəl nümunədir. Müsəlmanam deyən şəxs, müsəlmanlıq xüsusiyyətlərini Allahın elçisindən öyrənə bilər. Burada yenə də Allahın zikrinin nümunəsini görürük. Ramazanda ruhumuz zikrlə qidalandı. Əvvəlki ruhumuza nəzər salanda necə də fərah, rahat ruhun bədənimizdə məskən saldığına şahid oluruq. Bu Ramazanda qalmasın, hətta Ramazandan daha da çox zikr edin, Muhamməd (s.ə.s) misalı. Ümmətin Peyğəmbəri. Ölüm anında belə ümmətini düşünənin ümmətiyik bizlər. Düşünək, kimlərə bənzədirik özümüzü? Peyğəmbərəmi ya dünya cəh-cəlalı daha yaxşı olanınamı?
Sən ən gözəl nümunəsən, Muhəmməd (s.ə.s) bağışla, biz səni nümunə götürmürük. Səni öyrənmirik.
Biz iman gətirdik, amma ən gözəl iman gətirəni tanımadıq.
Muhamməd (s.ə.s) son peyğəmbər… O insanlar üçün müjdəçi gəldi.. Allahın rəhmətini və mərhəmətini çatdırmağa, Allahın sevgisini çatdırmağa və qəlb gözlərimizi açıb əvvəlimizə baxmağa və sonumuz üçün düşündürməyə gəldi. O haqq və Haqq müjdəçisi idi. Çünki ən böyük Haqdan gələn sözləri çatdırırdı. Muhəmməd (s.a.s) ən gözəl əxlaqa sahibdir. O bütün müsəlmanlar və bütün yaradılmış canlılar üçün ən gözəl nümunədir. Məhz qüdrətli Rəbbimiz də bizə daima ən gözəl nümunələri gətirir.

Bir hadisə: Muhamməd (s.ə.s)-in bir yəhudi qonşusu var imiş, həmişə zibilini gətirib atarmış peyğəmbərimizin qapısının önünə. Peyğəmbər(s.ə.s) isə heç bir narazıçılıq, şikayət etmədən hər gün o zibili qapısından götürüb apararmış. Bir gün Peyğəmbər(s.ə.s) qapısının önündə zibil olmadığını görmüş. Zibili atan qonşusunun vəziyyəti haqqında narahat olmuş və onu ziyarətə getmiş. Yəhudi qonşusunun həmin gün xəstə olduğunu, bu səbəbdən dolayı da həmin gün zibili peyğəmbərin qapısına ata bilmədiyi məlum olmuş. Peyğəmbər(s.ə.s) onun yanına gəlib onun vəziyyətini soruşmuş, onun haqqında narahatlığını ifadə etmişdir. Yəhudi qonşu peyğəmbərin (s.ə.s) bu ədəbli hərəkətindən təsirlənmiş, İslam ədəbinə, əxlaqına heyran qalmış, və müsəlman olmuşdur.

Bəs biz öz əməllərimizlə insanlara nümunə ola bilirikmi? Davranışlarımızla İslamı təbliğ edə bilirikmi? Müsəlmanam deyib müsəlman ədəbinə sahib ola bilirikmi? Ramazan islahatlar ayıdır. Özümüzü ən gözəl şəkildə islah etməyə çalışaq. Başqalarına nümunə ola biləcək, onları İslama dəvət edəcək həyat yaşayaq…

Peyğəmbərimizin keçdiyi yerlərdən qızılgül qoxusu gələrmiş. O qızılgül ətrini sevərmiş. Təəccüblü deyilmi? Bu gün bizlərə təbliğ olunan, sərt, qaba kişi imici ilə ziddiyyət təşkil etmirmi? Məgər peyğəmbər öz əxlaqı ilə sərtliyi, qabalığı, qadınlara kobud münasibətimi təbliğ edirdi? Yoxsa həlim, mehriban davranışları ilə insanların qəblərinimi qazanırdı?

Məgər yaxşılığı əmr edib, özü əməl sahibi olmayandan insanlığa bir nümunə çıxarmı? Xeyr, əlbəttə çıxmaz. Əgər dediklərin doğrudursa özün niyə onları etmirsən deyə sual verməzmi insanlar.

Muhamməd (s.ə.s)başqa idi. O, Allahın sözlərini həyatı ilə yaşayırdı. O, ikiayaqlı Quran idi. Hər surəni, hər ayəni zərrələrinə qədər yaşayırdı O. Onun həyatı Quran idi. O, səhərə qədər Rəbbinə dua edirdi. O qədər dua edirdi ki, ayaqları şişirdi, biləkləri ağarırdı. Onun gözünün yaşı qurumurdu. İnsanlıq üçün göz yaşı axıdırdı. Rəsulumuz Allahın sözlərini, vəhyi insanlara çatdırmaq üçün çox şeyi qurban etdi. O, özünü düşünmürdü. Ümmətim deyirdi. Ümmətim…

Bəs biz vəhy olunan ayənin ağırlığından bir gecədə saçları ağaran Peyğəmbərimizdən (s.ə.s)nümunə götürə bilirikmi? Həyatı Quran olan, Quranı zərrələrinə qədər yaşayan Məhəmməddən(s.ə.s )nümunə götürə bilirikmi? O da bizim kimi bir bəşər idi. O da bizim kimi idi.
O bacardısa, Rəbbim onu Həbibim deyə çağırırdısa, bəs biz nəyi düşünürük? Daha nəyi gözləyirik?