Şükür bizə verilən nemətlər sırasında yer alır. Maddi-mənəvi bütün nemətləri və onlardan istifadəni Allahdan bilmək, həyatı buna uyğun yaşamaq şükrdür.
Şükür ədəbdir. Şükür etmək insandan ədəbli olmagı tələb edir. Şükür etmək incə mədəniyyətdir.
Şükr = təşəkkür= minnətdarlıq hissi.
Bizə yaxşılıq ediləndə və yaxud qarşı tərəfdən gözəl bir söz eşidəndə ona təşəkkür edirik və içimizə hüzur dolur.
Daim dua edirik Rəbbim sənə şükürlər olsun. Amma Alim olan Allahın bizim üçün xəlq etdiklərinə nəzər salanda sadəcə deyirik ki, ey Rebbim, şükürdə acizik, bizə şükrü öyrət.
Allah göylərdə və yerdə olanların heçbirinə möhtac deyil. Onun bizim şükrümüzə ehtiyacı yoxdur. Ona şükür etməyə ehtiyacı olan bizik. Əxlaq dərsi verir Rəbbim bizə. Təşəkkür etməyin əxlaqını. Bizə yaxşılıq edənə təşəkkürü etməyi öyrədən Rəhman…
Yaradılışın möhtəşəmliyinə, sevgisinə, gözəlliyinə necə şükür edək?
Düşünək. Və dua edək Rəbbim bizə şükrü öyrətsin.
(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?“Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz.”Ayəsi isə şükrün sonsuz sərhəddə bitməzliyini bildirir. Yəni insan nə qədər şükür etsə azdır.
Ayənin ardınca gəlir ki, şükür etməyən Allahın dəhşətli əzabını dadacaq. Axı biz dildə tez-tez deyirik, şükürlər olsun Sənə. Amma bu həqiqətənmi kamil şükürdür.. Şükür ruhun şükrüdür… Şükrü yalanlamaqdan Allaha sığınaq. Havanı içimizə çəkib deyirik şükür olsun Sənə, havanı bəxş etdin bizə. Sonra da havanı çirkləndiririk, bu şükür kamilləşə bilirmi? Biri bizə yaxşılıq edəndə istəyirik ki, xəcalətindən ən gözəl şəkildə çıxaq çünki bilirik təşəkkür etmək yetərli deyil. Bəs Allaha? Halbuki, Ona təşəkkürümüz belə özümüzün xeyrinədir. Təşəkkür edəndə bilirik ki, o təşəkkürün dadını dadacayıq. Şükürü dilimizlə deməklə kifayətlənməyək. Təbiət bizi şükür etməyə vadar edirsə və biz şükür ediriksə onu əməlinizlə etməliyik, ağac əkmək, gül əkmək, təbiətə şükrümüzdür. Allahın sizə olan sevgisinə şükür edirsizsə, siz də sevin. Şükürü ruhunuza yeridin. Şükürü əmələ çevirin. Sənə sonsuz şükürlər olsun,Rəbbim.
Cığıra baxanda deyirik ki, burada gözəl insanlar cəm olub. Yer üzündə Salam orbiti var deyirsiz. Və şükür edirik ki, nə gözəl Allah cəm edib.
Şükür etdik elə deyil?
Bəs hərəkət? Şükür dillə kifayətlənməz. Siz də cəhd edin.Sonsuz lütf sahibi olan Allahımız bizə saysız hesabsız nemətlər bəxş edib. Göz yaratmaqla kifayətlənməyib, eyni zamanda gözlə görə biləcəyimiz gözəllikləri xəlq edib. Qulaq yaratmaqla kifayətlənməyib, eşidə biləcəyimiz xoş avazları yaradıb. Burunumuzu yaratmaqla kifayətlənməyib, ətrini duya biləcəyimiz çiçəkləri, gülləri yaradıb. Məgər saymaqnan bitərmi? Məgər Rəbbimizin bizlərə verdiyi nemətləri saymaqnan bitirə bilərikmi? Xeyr! Deyin Rəbbim şükür edirəm və hərəkət edirəm. Bu orbitin Yer üzündə yayılması üçün hərəkət sizin şükürünüz olacaq. Şükür=hərəkət.
“Şükür etsəniz sizə olan nemətimi artıraram” Deyən Rəbbim bizə nümunələri ilə də şahid etdi. Təbiət və digər varlıqlar daim Allaha həmd edirlər. Və onların nemətinin necə artdığına şahid oluruq.Necə gözəl şükür edir onlar ki,Allah gözəllikləri onlarda cəm edib. Şükür edirlər, şükürlə kifayətlənməyib hərəkət də edirlər. Ağac= oksigen, gül= ətir, külək= carçı… Şükürlə bərabər hərəkət də var! Nemətlərin fərqinə varaq. Şükrü öyrənək. Hərəkət zamanıdır. Hərəkətə keçək. Şükürü yaşayaq Qəlbimiz aramlıq tapsın.
Allahın nemətlərini şükür və hərəkətlə hiss edək.
Düşünmək, təfəkkür etmək nemətdir!
Yaxşılıq etmək üçün verilən ilham, qüvvə, fürsət nemətdir!
Qulu Rəbbindən soruşmuş: “Rəbbim bu qədər nemətlərin şükrünü necə ödəyəcəm?”. Rəbbi quluna cavab vermiş: “Nemətlərin məndən olduğunu bilmən şükür olaraq kifayətdir.”
Nemətlərin Allahdan olduğunu anlamaq, onların şükrünü vermək üçün ilk öncə nemətlərin fərqinə varmaq lazımdır. Nemətlərdən düzgün istifadə etməyi öyrənmək lazımdır ki, haqqı ilə onları bizə ehsan edən Rəbbimizə şükr edə bilək. “Üzərinizdəki nemətləri zikr edin”. Nemətləri anlamaq üçün isə Rəbbimin “Oxu” əmrini yerinə yetirmək lazımdır. Yaradan Rəbbin yaratdıqlarını, verdiyi nemətləri oxumaq lazımdır. Oxumaq lazımdır ki, haqqı ilə şükür etməyi öyrənək. Oxumaq lazımdır ki, o nemətlərin Rəbbdən gəldiyini bilək.
Rəbbim, bizə Sənə şükr etməyi öyrət. Nemətlərindən haqqı ilə istifadə edərək onların şükrünü verməyi bizlərə nəsib elə.Şükürdə acizik. Bizə şükr etməyi öyrət.
Ramazan böyük şükür məktəbi kimi gəldi ömrümüzə. Nə qədər fərqinə vardıq?…