“Qurandan məktub var – 21”

“Qurandan məktub var – 21”

“Parıldayaraq yanan bir çıraq yaratdıq.” (Nəbə, 13)

“Gözəl bir gülüş qaranlıq evə girən günəş işığına bənzər.” (Lev Tolstoy)

Baxaq görək, Günəş nədir? O necə var olur? Faydası nədir? Günəşdə hansı ibrətlər var?

Günəş– Günəş sisteminin mərkəzində yerləşən və Yerə ən yaxın ulduzdur. O, Süd Yolundakı ulduzların 85%-dən daha parlaqdır və kütləsinin mütləq əksəriyyəti isti qazlardan ibarətdir. Ətrafına istilik və işıq şəklində radiasiya yayır. Günəşdən ayrılan enerjinin 2,2 milyardda biri Yerə çatır. Qalan enerji boşluqda yox olur.

Günəş şüaları atmosferdən keçərkən qırılır və Günəş Yerdən baxan müşahidəçi üçün sarı rəngdə görünür, buna səbəb “Reyli” səpilməsidir.

Dünyamızdakı bütün canlıların həyat mənbəyi bizə yalnız həyat vermir, sağlam həyatımız üçün saysız imkanlar yaradır. Dünyamız Günəşin işıqlandırıcı gücünü sıx hidrogen qazından alır. Kainatdakı bütün günəşlər kimi, mənim günəşim də enerjisini bitirəcək. Amma qorxma, çünki ən gec 5 milyard ildə baş verə biləcək bir vəziyyətdir.

Dünyamızı və yeganə günəşimizi qoruyaq.

Günəşin insanlar üçün faydası nədir?

Ruh halımız günəşdən asılıdır. Tədqiqatlar göstərir ki, günəşli ölkələrdə nikbinlik, ümidlilik, pozitivlik və həyat mübarizəsi, tutqun havalı ölkələrin insanlarının əhval-ruhiyyələrində isə bədbinlik yaranır. Günəş torpağa, ağaca şüalarını ötürəndə ora insanlar üçün daha pozitiv və gözəl yerə çevrilir.

Günəş beynimizin ehtiyac duyduğu xoşbəxtlik hormonu olan Serotonin istehsal edir. Serotonin diqqətimizi artırır, stressimizi azaldır. Həmçinin günəş şüası D vitamini mənbəyidir, o da sümük sağlamlığımıza vacibdir.

Günəşin təkamülü: Necə var oldu və necə yox ola bilər?

Nebulyar hipotezinə əsasən günəş və günəş sistemimizin bütün planetləri təqribən 4,5 milyard il əvvəl nəhəng bir molekulyar qaz və toz buludunun içə çökməsi nəticəsində meydana gəldi. Günəşin yanacağı hidrogen atomlarıdır və sonsuz deyil.

Günəşin yanacağı tükəndiyi zaman nə baş verəcək?

Nüvədəki hidrogen atomlarının tükənərək ora yığılan helium atomları xaotik hal alaraq çökməyə başlayacaqdır və Qırmızı Div adlanan formaya keçəcəkdir. Günəşin kütləsi yetərli olmadığı üçün qara dəliyə çevrilə bilməyəcək. Öz enerjisini bitənə qədər yandıracaq və ən sonda “ağ cırtdan” adlandırdığımız, radiusu günəşdən 100 dəfə kiçik, lakin çəkisi günəşin çəkisinə bərabər olan planetə dönəcəkdir.

Günəş salamdır, muhsindir.
Ona baxanda gözəllik görürsən və onun olduğu yerdə olanda xoşbəxt olursan.

Günəşlə danışmalı olsan görərsən ki, o sənə daim ümid verir. Hər qaranlıq gecənin sonunda günəşin parlayacağı mesajını çatdırır insanlığa. Onun hər gün yeni doğuşu “ümidini üzmə, bu gün yeni gündür daha yaxşı ola bilərsən”-söyləyir.

Günəş təslimiyyət rəmzlərindəndir.
Günəş Rəbbinə təslimdir, o təzimdədir. Rəbbi onu vəzifələndirib və o Rəbbinə xilaf çıxmamaqdadır.

Günəş şüaları- bəli, o bərqləri ilə kainatda müəyyən yol qət edib salam yayır, salama çağırır, sevgi yayır, sevgiyə çağırır, o təvazökardır, təvazökarlığa çağırır.
İşığını verər, amma bundan təkəbbürlənməz və özünü arxa kadrda gizli saxlayar. O, səmada çox kiçik görünür. Amma bütün dünyanı işıqlandırır. Yaradılışın gözəlliyini nümayiş etdirir.

Günəş şüaları olmadıqda əksər bitkilər öz çiçəklərini gizləyir.
Sən yanmasan, mən yanmasam necə çıxar bu qaranlıq dünya aydınlığa?

Roman Rollerin dediyi kimi, başqalarına işıq saçmaq üçün özündə günəş olmalıdır.

Günəş yanır, hər şeyə rəğmən yanmağa davam edir, o yanaraq öz vəzifəsini yerinə yetirir.

Gəlin Günəş şüalarının dünyaya çatmaq üçün keçdiyi cığırına diqqət yetirək. Günəş olmasa Yerdə həyat olmaz. Lakin Günəş şüaları birbaşa olaraq da dünyaya çatsa o zaman da Yerdə həyat olmaz.

Bəs Günəş şüaları necə zərərsiz olur?

Şüalar Yer üzərinə çatmamışdan öncə bir neçə qatlardan keçir və həmin qatlar zərərli şüaların bizlərə ötürülməsinin qarşısını alır. Eynilə insanoğlunun ali məqama çatmaq və çiyinlərinə düşən yükü qaldırmaq üçün həyat yolundan keçərək arınıb təmizləndiyi kimi.

Dəyərli oxucu, Günəş birlik nümunəsidir. Tərkibində 150 milyon ulduzu cəm edərək qalaktikamızın lider ulduzu- Günəşi ola bilib. Əgər hər ulduz özbaşına yanmaq arzusunda olub, liderdən ayrılsa idi, onda Günəşin hansı qüdrətindən söz aça bilərdik?

Biz sizi “cəmlik və birlikdə qüdrət var” fikri ətrafında təfəkkürə dəvət edirik!

“Qurandan məktub var – 21”

Ad qövmü – Nuh peyğəmbərin nəslindən olan qövm olmuş indiki Yəmən yaxınlığında yaşamışlar. Rəvayətlərə görə, onlar Yer üzündə ən hündür və güclü insanlar olublar.

«Peyğəmbərlər tarixi» kitabında bu barədə deyir: «Onların ən balaca boylusu 60 dirsək idi və onlar kamilliyə 100 yaşdan sonra çatırdılar… Tayfada insanlar 100 ildən bir dünyalarını dəyişirdilər».

Bu insanlar tezliklə Yaradanını unudur və bütlərə sitayiş etməyə başlayır, bütün sərhədləri aşan günahı yaymağa başlayırlar.

Qurani-Kərimin “Əhqaf” surəsində buyurulur: «Həqiqətən, biz onlara imkan və qüdrət vermişdik və onlar üçün qulaq, göz və ürəklər yaratmışdıq. Lakin nə qulaqları, nə gözləri və nə də ürəkləri onlardan (Allahın gələn əzabından) bir şeyi dəf etdi. Çünki onlar daim Allahın ayələrini inkar edirdilər və (nəhayət) istehza etdikləri şey onları hər tərəfdən bürüdü.” (ayə 26).

Ad qövmünü düzgün yola gətirmək üçün Hud Peyğəmbər onlara göndərilir. Lakin onlar peyğəmbərin çağırışını dinləmirlər:
Hud: «Ey mənim qövmüm, tək olan Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir tanrı yoxdur. Həqiqətən, siz (bütləri Allaha şərik qoşmaqda) yalnız iftiraçılarsınız. Ey mənim qövmüm, sizdən (boynumda olan vəzifənin çatdırılması müqabilində) bir muzd istəmirəm, mənim mükafatım yalnız məni Yaradanın öhdəsindədir, heç düşünmürsünüz?!» (Hud surəsi, 50-51).

Lakin Ad qövmü saylarının çoxluğuna arxayın idilər və düşünürdülər ki, bədənləri nəhəng və güclü olduğu üçün heç kim onlara qalib gələ bilməz: «(Siz) hər bir uca məkanda əbəs yerə və əyləncə xatirinə bir bina ucaldıb var-dövlət nişanəsimi edirsiniz? Cah-cəlallı qəsrlər tikirsiniz, sanki əbədi qalacaqsınız?!Və birini yaxaladıqda ona zülmkarcasına cəza verirsiniz. Belə isə, Allahdan qorxun və mənə itaət edin. Qorxun o kəsdən ki, bildiyiniz şeylərlə sizə kömək etdi. Həqiqətən, mən Böyük Günün sizə (çatacaq) əzabından qorxuram. Ad qövmü isə azğınlıqlarını artırıb rəsullarını dinləmədilər. Dedilər: «Nəsihət etsən də,öyüd verənlərdən olmasan da bizim üçün birdir». Bu, (Allaha və axirətə dəvət) keçmişdə nübuvvət iddiası edənlərin adətindən başqa bir şey deyildir. (Biz onu qəbul etmədik). (Yaxud bütlərə və ulduzlara ibadət etməyimiz bizim keçmiş ata-babalarımızın adətindən başqa bir şey deyildir və biz bunu qəbul etmişik. Və ya bizim bu yaşayış və ölümümüz bəşərin əzəldən bəri olan yaşayış və ölümündən başqa bir şey deyildir. Odur ki, dirilmək və hesab-kitab adlı bir şey olmayacaqdır). Bizə əsla əzab verilməyəcəkdir». (Şüəra, 26/128-138).

Hud Peyğəmbər onları nə qədər düz yola çəkmək istəsə də, qövmü ona qulaq asmır, hətta onu daşa basırdılar. Beləliklə, 70 il keçdi. Lakin tayfadakılar nəinki düz yola gəlmir, hətta getdikcə azğınlaşırlar. O zaman Peyğəmbər Allaha dua edir ki, qadınları sonsuzluq bəlasına düçar etsin. Beləliklə, onların sayı azalar. Həmin il bir uşaq belə dünyaya gəlmir. Beləliklə gördülər ki, Peyğəmbərin duası qəbul olunub. Lakin onlar yenə yola gəlmirlər. Buna görə Yaradan onlara quraqlıq bəlasını göndərir. Düz 7 il insanlar yağış üzü görmürlər. Tayfanın yarısı aclıqdan həlak olur. Lakin bu göndərilən sınaqlara baxmayaraq, az bir qism Allaha iman gətirir.

“Hud” surəsində bu barədə belə qeyd olunub: «Və ey mənim qövmüm, Rəbbinizdən bağışlanmaq diləyin, sonra Ona tərəf qayıdın (tövbə edin) ki, sizə bollu bulud və yağış göndərsin, sizin (cismani və maddi) gücünüzə bir güc də artırsın və (Ondan) günahkar kimi üz çevirməyin. Dedilər: «Ey Hud, bizim üçün açıq-aydın bir dəlil (bizim bəyənəcəyimiz bir nişanə) gətirmədin. Biz heç vaxt sənin sözünlə öz tanrılarımızı tərk edən deyilik və biz sənə əsla inanan deyilik». (ayə 52-53)

Bundan sonra Allah onlara şiddətli bir əzab göndərməklə bu qövmün kafirlərini məhv edir. Hədislərə görə 7 gün, 7 gecə qasırğa əsir. Külək ağacları kökündən çıxardır, yaşayış evlərini məhv edir.
Beləliklə onlar elə (həlak) oldular ki, məskənlərindən başqa heç nə görünmürdü. Biz günahkarların tayfasını belə cəzalandırdıq, nəhayət istehza etdikləri şey onları hər tərəfdən bürüdü. Həqiqətən, Biz siz (Məkkə əhlin)in ətrafınızda olan cəmiyyətləri (Hicr yoldaşlarını, Səmud və Lut qövmlərini) həlak etdik və onlara müxtəlif ayələri(mizi) göstərdik ki, bəlkə haqqa qayıtdılar».

Bundan sonra göydən daş yağır. Onlar həyatla ölüm arasında qalırlar. Daş qalıqlarının altından inilti səsləri günlərlə kəsilmir.

Qurani-Kərimdə bu barədə deyilir: «Bəs nəyə görə Allahı qoyub Ona yaxınlaşmaq məqsədilə ilahiləşdirdikləri tanrılar onlara kömək etmədi? Əksinə, onlardan uzaqlaşıb yox oldular. Bu onların iftiraları və uydurmalarıdır.» (Əhqaf, 28)

Qeyd edək ki, Ad qövmü üçün bəla kimi göndərilən külək Hud Peyğəmbərin yanında olan insanlara toxunmur, onlar sağ-salamat bu tufandan çıxırlar.

Quranda bu barədə buyurulur: «Huda və onunla birgə iman gətirənlərə tərəfimizdən olan bir rəhmətlə nicat verdik və onları çox çətin bir əzabdan qurtardıq».
And olsun qövmlərin həlakında ağıl sahibləri və düşünənlər üçün ibrətlər vardır.
Və bir qövmü məhv edən xüsusiyyətləri belə nəticələndirmək mümkündür:

1) ayələri bilərək qəsdən inkar etmək (26/130), (11/59);

2) inandıqları və bildikləri halda onlara göndərilən rəsulu yalançılıq və ağılsızlıqla ittiham etmək;

3) rəsula üsyan etmək;

4) təkəbbür göstərmək və özlərinin tayı bərabəri olmadığını düşünmək (41/15);

5) hər yüksək təpəyə əyləncə məqsədi ilə və öz qüdrətlərini göstərmək üçün ehtiyac olmadığı halda qüdrət əlaməti (saraylar) tikmək;

6) rəsullarının inancını qəbul etməklərinə baxmayaraq atalarının inanc və ilahını iqtisadi-siyasi məqsədlər uğrunda mühafizə etmək.
Allah həqiqətən rəsul göndərmədiyi qövmü sınağa çəkməz…və azaraq özünü məhvə aparan qövmü hidayətə çatdırmaz…

6 thoughts on ““Qurandan məktub var – 21”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir