“Qurandan məktub var – 22”

“Qurandan məktub var – 22”

“Ona iki yolu- haqq və batil yolunu göstərmədikmi?
O isə sərt yoxuşu aşmağa can atmadı.
Sən nə bilirsən ki, sərt yoxuş nədir?” (Bələd surəsi, 10-12)

“Dümdüz yollar təcrübəli sürücülər yaratmaz”. (Paulo Koelyo)

Nədir yoxuşlu yol?

“Sərt yoxuş”un nə olduğu ayədə belə açıqlanır: O bir kölə azad etməkdir. Yaxud yetimi və ya miskini doyurmaqdır. Sonra da iman gətirib, bir-birinə səbr, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır! (Bələd, 90, 13-17)

Sərt yoxuş həmçinin yolun yuxarı qalxma xəbərdarlığını bildirən işarədir.

Sərt yoxuş nemətin başlanğıcıdır.

Allah mərhəmətindən dolayı insanlara Quran vasitəsilə  başdan sona baxmaq istəyənlərə, gözlərini haqqa çevirmək istəyənlərə doğru və yalnış yolu izah etmişdir.
Allahu Təala buyurur: “Mən hər iki yolu- haqqı da, batili də göstərirəm quluma”.

Sonra sərt yoxuşdan bəhs etmiş, sərt yoxuşun nə olduğunu soruşmuş, növbəti ayələrdə isə bu yolu keçməyin qaydalarını izah etmişdir.

Allah yolu öz seçimimizə buraxıb. Sən özün öz yolunu müəyyən edirsən.

Ya əbədi izzəti- yoxuşu aşmağı seçirsən.
Ya əbədi zilləti- yoxuşdan özünü atmağı seçirsən.

İnsan nə zamana yoxuşa can atar?
Güvənərkən və əmin olarkən. İnam və cəsarət olduqda.  Kimə?  Yol göstəricimiz, həqiqi müəllimimiz Allaha.

Çətin yola can atmaq sevməkdir, cəsarətdir.
Çünki sevgi məsuliyyət tələb edir. Yolun məsuliyyətini çiynində daşıyırsan. Kimi sevmək? Çətinlikdə bizə mərhəmət edəni- Rəhmanı.

Yoxuşda səbr göstərmək

Səbr etmək- səbr əslində bir şeyi tutmaq, saxlamaq, hərəkətinə mane olmaq, dirəniş göstərməkdir.
Səbr etmək əlindən gələn hər şeyi edib, problemə mane olduqdan sonra Allaha sığınıb hər şeyin yaxşı olacağını gözləməkdir.

Yoxuşlu yolda səbr Allahdan əmin olmaqdır. Çünki o hər çətinlikdə bir asanlıq vədd edib.

Sərt olmayan yoxuşa qaçanlar Allahdan əmin olmayanlardır.

Sərt yoxuş isə ümiddir.

Bu yol cihad, cəhd, səbr tələb edir.
Yoxuşu aşmaq faydalı olmaqdır.
Sən özün o yolu yaşamamış insanlara bu barədə tövsiyə edə bilərsənmi?

Qarşılaşdığın çətin yoldur, lakin əbədi yurdda gözəlliklə qarşılaşacaqsan.

Yoxuşun sonu yüksəkdir. Yıxılırsan, yorulursan, amma sonu səni yuxarı-gözəlliyə aparır.

Əlbət, asan deyil yoxuşu aşa bilmək.

Paylaşmağı bacarmaq gərək, dost!
Sevgini paylaş, təbəssümünü paylaş, malını paylaş.

Paylaşmadıqlarımız ağırlıq olar üzərimizdə, ruhumuzu çökdürər və yoxuşu aşmağa mane olar. Fəqət paylaşarkən xəfifləyər ruhumuz, yüngülləşər yükümüz və o sərt yoxuş aşılar.

Sərt yoxuşu aşmaq üçün əllərimizdən tutan dosta ehtiyacımız vardır. Kimdir o dost?!
Həmin dost sevgimizi paylaşdığımız bir yetim, bir yoxsul.
Onlar tam da yoxuşdan aşağı yıxılarkən tutub dayandığımız çiçəklərə bənzər.

Biz o çiçəklərə tutunmaqla ayağa qalxırıq.
Onların əlindən tutub sərt yoxuşu aşırıq, zirvəyə- gözəlliyə şahid oluruq.
Sərt yoxuşdan qorxmayaq! Gəl düşünək, düz yolla yüksəyə çıxmaq olurmu?
Əlbəttə, yox!

Düz yolla yüksəyə çıxmaq olmaz. Yüksəklik yoxuşla başlar.

Düz yolda geriyə baxsan nə görərsən?
Heç bir şey.
Bir az getdikdən sonra yolun izi itir.
Lakin yoxuşdan baxsan böyük pillələri, yaşadığın çətinlikləri bir-bir görə bilirsən. Sərt yoxuş bizə xatırladır – hansı yollardan gəlmisən?

Sərt yoxuş toxumdur.

Toxumlar da sərt olur. Toxumlarda sərtlik onu xarici zərərlərdən qorumaq üçündür. Eynilə yoxuşun sərtliyi kimi.

Sərtlik mühafizədir. Yaşam boyu qarşılaşdığımız çətinliklər bizləri zərərlərdən qoruyar.

Ey dost! Sərt yoxuşu sevək və məni sərt yoxuşlara baş vurmağa sövq edəcək məqsədim nədir?-sualına cavab axtaraq.

“Qurandan məktub var – 22”

“Göylərdə və yerdə nə varsa – istəyərək də olsa, istəməyərək də olsa – Allaha səcdə edər. Sabah, axşam, kölgələri də.” (Rad, 15)

“Kölgə” – bir işıq mənbəyinin qeyri-şəffaf cisim tərəfindən bloklandığı qaranlıq (real görüntü) sahədir.
Yerə görünən kölgələr yazmağı bacaran yeganə astronomik cisimlər Günəş, Ay və uyğun şəraitdə Venera və Yupiterdir.
Yerin Aya tökdüyü kölgə Ay tutulması, Ayın Yerə atdığı kölgə isə Günəş tutulmasıdır.
Yer üzündəki cisimlərin kölgəli olmaları üçün, çox incə bir sənət əsəri söhbət mövzusudur. Bu kölgələr 150 min km uzaqda olan Günəşin işıqlarının müəyyən qanun çərçivəsində yer üzünə əks olunması ilə meydana gəlir. İnsanlar qiyam halından, yuxarıdan yer üzünə başını qoyaraq səcdə etdikləri kimi, günəş işıqları da qiyam halında olan göydən Yer üzünə gəlib üz sürtərək səcdə etməkdədir. Bu işıqların yer üzü cisimlərində əks olunması əsnasında onlarda meydana gələn kölgələr də yerlərə üz sürtərək sanki səcdə etməkdədir. Əgər qarşılıqlı iki günəş mövcud olsa idi, yaxud yer üzü su kimi şəffaf bir şəkildə yaradılsaydı kölgələr də mövcud olmazdı və bu simvolik səcdələr meydana gəlməzdi.
Allahın Günəş sistemini bu şəkildə yaratması, bir yandan Allahın birliyini göstərdiyi kimi, digər yandan da onun bütün varlıqlar tərəfindən haqq məbud olaraq qəbul edilib ona səcdə edildiyi nəzərə çatdırılmışdır.
“Heç bir şey yoxdur ki Allah’ı həmd ilə zikr etməsin.” (İsra 17/44) təfsirindəki ayədə də bu həqiqətə işarə edilmişdir.
Bu xüsus, səcdə etməkdən imtina edənlər üçün ciddi bir dərsdir. Çünki bu kölgələrin səcdə vəziyyətinə girmələri Allah’ın səcdə edilməyə layiq yeganə həqiqi məbud olduğuna simvolik bir şəhadətdir. (Rad, 15)

Kölgə bizim keşikçimizdir. Daim bizimlə birlikdə olan, bizi yalnız qoymayan. Əməllərimizin tək şahidi odur. Etdiyimiz yaxşılıqları, pislikləri kölgəmizin şahidliyi ilə edirik…
Etdiyimiz yardımlara, yaxşılıqlara kölgə düşər, o əməlimizi görünməz edər, çünki Allah-təala buyurur; “Etdiyin yaxşılıqlarla öyünmə!”. Çirkin, pis əməllərimizin üzərinə əks olan kölgəmiz isə axirət günü bizə şahidlik edəcək, kimin, nəyin kölgəsini məhv etdiyimizi sübut edəcək.

Kölgə üzlərdəki eyibləri gizlədir…
Bütün varlıqların kölgələri bir-biri ilə birləşir, qarışır, kainatı dövr edir. Yerindən heç tərpənməyən bir cismin də kölgəsi hərəkət edir, bu isə Allahın yaratdığı hər bir varlığın şahidliyinin olduğunu göstərir. Hər bir yaradılışın ruhu, kölgəsi vardır, onlar baş verən hadisələrə şahiddirlər və hər bir yaradılışın bir səbəbi vardır, onlar bir-biri ilə bağlıdır, hətta kölgələri belə..

Kölgə insana var olduğunu xatırladır.
Kölgələr… biçiminə görə bəzi quruluşları daşısa da, nəticədə bir “öz”ləri yoxdur; lakin kölgə varlığı göstərən önəmli bir ’varlıq’dır! Yerüzü günləri, bütün varlıq bir kölgə kimidir! Sadəcə keçici şeylərin kölgəsi vardır; günləri günlər qovalar, çiçəklər açıb solar, doğanlar görünür və yox olurlar. Bir kölgə kimi gəzər hər bir varlıq, hələ insan…. Kölgənin kölgəyə miras buraxdığını bəs kim görmüşdür! Varlıq kölgəsi də, varlığın həqiqəti də Allah’dır və varlıq hər vəziyyətdə Allahı göstərir; kölgələr Ona qarşı itaətkardır; varlıq həmişə sacid vəziyyətdədir. Çünki kölgə “Əslinə” tabedir!
Şəffaf olan suyun  da kölgəsi vardır, suyun kölgəsindəki o narinliyi, o incəliyi ifadə etməyə sözlər aciz…  Su bütün canlıların yaşamı üçün mütləq lazımdır. Susuz yer üzün təsvir etmək mümkünsüzdür. Suyun savabı çoxdur və suyun yaddaşı vardır. Maraqlıdır, bunun üçün mü Allah suya narin, həssas kölgə vermiş?
Suyun şahidini az görünən etmiş, digər kölgələrin qaranlığında yox olmasın deyə, məhv edilməsin deyə…
Bəs istiyə dözə bilməyib, özünü ağac kölgəsinə çatdıran ruhun, bədənin savabını qazanan kölgənin əzminə nə deməli?
Ağacın kölgəsinin savabını qazanmaq üçün ruhum qol budaq açıb, torpağın dərinliklərinə kök salmaq istəyir…
Allah-təala bütün kainatı yaradarkən, rəsmini çəkərkən kölgəni xüsusi olaraq çəkdi. Kölgəsiz yer üzü gözəl olmazdı. Kölgə yaradılışı tamamlayır.* Diqqət etsək Allahın can verdiyi insanlar tərəfindən çəkilən rəsmlərin də kölgəsiz tam olmadığının, gözəl görünmədiyinin fərqinə vararıq.  Allahın zərrələri olduğumuzu bizə necə gözəl izah edir kölgə… Şükr olsun kölgəyə, onun şahidliyinə.  Kölgəmizin varlığına şükr etməliyik. Kölgəmiz yox olarsa bizdə cismən yox olmuşuq deməkdir. Etdiyimiz əməllərlə günəşə ilham verməliyik, bizim kölgəmizi var edən odur. Əməlləri saleh olmayan insanların kölgəsi səbəbsiz böyüyürsə, həmin yerdə günəş batmışdır demək, Günəş onlardan üz çevirmişdir.
“Günəşin varlığına şükr edək və ona arxalanıb yaxşı əməllərimizlə cığır açaq, kölgəmizi təqib edək, Allahın əmri ilə o bizi işığa möhtac qaralığa aparacaq, aparacaq ki, günəş həmin qaranlığa işıq saçsın…”

5 thoughts on ““Qurandan məktub var – 22”

  1. Kölge bizim keşikçimizdi.Daim bizimle bir olan bizleri yalniz qoymayan.Əməllərimizin tek şahidi odud.Etdiyimiz yaxşilıqları pislikləri kolgəmizin sahidliyi ilə edirik.Etdiyimiz yaxsilıqlara yardimlara kolge duser. allah sizlerden razi olsun bucur maraqlı faktlari bizimle paylaşdığıniz uçun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir