“Qurandan məktub var – 15”

“Qurandan məktub var – 15”

“Küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi olaraq göndərən Odur. Nəhayət, o küləklər ağır buludları daşıyarkən, Biz o buludları ölü bir diyara tərəf qovur, onunla yağmur endirir və bunun vasitəsilə hər cür meyvə yetişdiririk. Biz ölüləri də belə dirildəcəyik. Bəlkə, düşünüb ibrət alasınız.” (Əraf, 57)

Hər biri bir möhtəşəmlik təzahürü olan, lakin təkrarlanması səbəbi ilə öyrəşdiyimiz, buna görə də diqqətdən qaçırdığımız hadisələrin arxasında Allahın qüdrəti vardır.
Ayəyə Allahın ölü torpaqdan növbənöv canlı bitkilər çıxarması kimi qiyamət günündə ölüləri də məzarlarından dirildib çıxaracağı şəklində bir bilginin əlavə edilməsi özəlliklə maraq doğurucudur. Ayə təbiətdəki sürətli canlanma və yenilənmə, onu canlandıran Allahın varlığı və hökmranlığı, digər tərəfdən isə öldükdən sonra yenidən dirilmənin mümkün olduğuna işarət edir.

Quran bir təbiət elmi və ya astronomiya kitabı deyildir. Onun təməl məqsədi insana rəhbər olmaq, onu ağıl və bilik dünyasını sağlam təməllər üzərinə qurmağa, beləcə iman və əməli həyatını hər cür fitnələrdən qorumağa yönləndirməkdir. Bu baxımdan Quranda verilən çeşidli mövzulara dair bilgilərin, xəbərdarlıqların hədəfi insanlığın özünü Allah tərəfindən layiq görüldüyü məqamına çatacaq şəkildə inkişaf etdirməsidir.

Küləyin sirləri: “Gecə və gündüzün bir-birinin ardınca gəlib-getməsində, Allahın ruzi vermək üçün göydən yağış yağdırmasında, onun vasitəsilə yeri ölümündən (quruduqdan) sonra diriltməsində və küləkləri (müxtəlif tərəflərə) yönəltməsində ağılla düşünənlər üçün (Allahın hər şeyə qadir olmasını sübut edən) dəlillər vardır”.
Külək sərinlətməkdə, havanı təmizləməkdə və oksigen verməkdədir. Bitki toxumlarını yaymaqda və onların döllənməsində küləyin əhəmiyyəti böyükdür.
Külək. Bəzilərimiz onun əsməsindən qorxar və sevmərik. Amma külək haqqında sirləri öyrənəndə heyran olmamaq mümkün deyil. Necə də gözəl carçıdır külək.
Külək bitkilərin həyatında mühüm rol oynayır. O, çiçək tozcuqlarını bir çiçəkdən başqa çiçəyə aparır. Bunun nəticəsində bitkilər bar verir.
Çiçəklərdən meyvələr yaranır. Deməli, bəzən sevmədiyimiz külək özü ilə böyük gözəllik gətirir. İmtahanlar! Bizə külək qədər vahiməli gələr. Amma ki, o imtahanlar bizim yetişməmiz, bar verməyimiz üçündür, mayalandırıcı gücdür, küləklər misalı.
Allah necə də gözəl danışır! Küləklə belə bizə öyrətmək istəyir. Bunları görəndən sonra necə deyə bilərik ki, biz bilmirdik!

Külək buludların hərəkəti üçün vacib şərtdir.
Başqaları üçün motivasiya mənbəyi olmaq. Onları ruhlandırmaq, hərəkətinə təkan vermək və bunu təmənnasız etmək, var gücünlə.
Külək olmasa yağış olmaz.
O yağış ki, bitkilərin yetişməsi üçün mahiyyət kəsb edir. Yağış ruha sakitlik, hüzur bəxş edir. “Hər çətinliklə bərabər asanlıq gələr” ayəsini əks etdirir sanki özündə. Vurub dağıdan küləyin ardınca sakitliyə qərq edən yağış gələr. İmtahanla bərabər onu asanlaşdıran səbəblər. Allah hər şeyi öz ölçüsündə edər! Allah mərhəmətlidir!

Əsəbləşdiyiniz zaman dəstəməz alın deyən Peyğəmbərimiz burada sanki yağış və küləyi sintez etmişdir. Qorxu gətirən külək, yağışla ruhu sakitləşdirər.
“Nəhayət, o küləklər ağır buludları daşıyarkən, biz o buludları ölü bir diyara tərəf qovur, onunla yağmur endirir və bunun vasitəsi ilə hər cür meyvə yetişdiririk” .
Bununla Allahın mərhəmətinin necə də geniş olduğunu görürük.
“Allah məni unudur ki, mən bu çətinlikləri çəkirəm”deyə üsyan edənlər, Allah yaratdığı ölü diyarı unutmazkən, bizləri necə unuda bilər?!
Ölü diyara yağış yağdıran Rəbbim bizi sevir, bizi düşünür.

Külək nemətdir. Küləyi dinləyək. Nə demək istədiyini dinləyək.
Ayədə deyildiyi kimi: “Küləkləri öz mərhəməti önündə yağışdan qabaq müjdəçi olaraq göndərən Odur.” İmtahanı da asanlığı da Onun mərhəmətindəndir. “Səbr edənlərə müjdə ver” deyən Rəbbim, küləkdən sonra müjdəçi olaraq yağış yağdırar. Yağış müjdədir. Küləyi yatızdıran yağış.
Nəfsinin mənfiliklərini dağıt, yox et , külək misalı kimi. Sonra müjdəçi olan yağış ensin ruhuna. Təmizləyəcək küləyin fəsadlarını, təmizləyəcək mənfiliyinin ruhunda buraxdığı izləri. Yağış axıtdığın sevgi, rəhmət olsun! Buludlar Kitab, söz yüklü sən, Külək isə səni Qurana aparan hadisələr, müəllimlərin…
And olsun saf saf duranlara(buludlara) və qovduqca qovanlara (küləklərə)…

9 thoughts on ““Qurandan məktub var – 15”

  1. Allahım bizi də küləklər kimi əmrinlə hərəkət etdir.Daim Sənin yolunda hər istiqamətdə qaça bilək.Həmd olsun aləmlərin Rəbbinə.Sən xeyirdə yarışan gəncləri qoru.Amin!

  2. Qədim zamanlarda insanlar küləyin gücünü və istiqamətini səyat edərkən istifadə edərdilər. Aeroplanlar, havaşarları və gəmilərin yeləkləri məhz küləyin istiqamətilə hərəkətə gələrdi. Bu gün sizin vasitənizlə küləylə Quran səyfələrini səyahət etdim. Çox çox təşəkkür edirəm sizlərə. Özəl olaraq layihə rəhbərlərinə dərin minnətdarlığımı bildirirəm.

  3. Külək buludlardan ibarət safları düzənləyir. Rəhmətin enişinin ən böyük və görünməz olan vasitəsi külək kimi hər tərəfə əsərək rəhmət və cücərən toxumlar səpəsiz.
    Möhtəşəmsiz.
    Rəbbim elminizə bərəkət versin. Sizində saf kimi xidmət etməyinizə səbəb olan küləyə Rəbbim bərəkət versin.

Leave a Reply to Leyla Cancel reply