Vətənimizin qəhrəman oğulları ilə qürur duyuruq!
Qəhrəmanlarımızı tanımaq, onlara hörmət və sevgimizi çatdırmaq, qəlbimizdə qurduqları fəxr taxtı üçün minnətdarlığımızı bildirmək niyyəti ilə çıxdığımız yolda Quba rayonunun igidləri ilə görüş nəsibimiz oldu.
Qubadan olan MAXE Kərimov Eldəniz Laçın dəhlizində gedən döyüşlərdə yaralanıb.
Qazimiz döyüş təəssüratların bizimlə belə bölüşdü:
“Döyüş vaxtı dostlarım güllələrdən qorunmaq üçün səngər qazırdılar. Mən qazmadım, dedilər şəhid olacaqsan, qaz. Dedim ki, mən Allaha təslim oluram, qismətimdə varsa olacam.
Bir müddət sonra atışma oldu, səngərin içinə minamyot atdılar, mən sağ qaldım, dostlarım isə şəhid oldu…
Yaralansam da gizlədirdim, hospitala getmirdim”.
Qazimizin yanında minamyot partlayıb və bədənindən, baş nahiyəsindən ciddi zədə alıb.
Eldənizlə söhbət edərkən onda milli dəyərlərimizin ən alisi olan anaya sevgi və hörmət duyğusunu gördük. Anasını çox sevən Eldəniz, hətta müharibənin qızğın vaxtında belə onu unutmur və anasının doğum gününə hədiyyə göndərir.
Eldənizin anasına qarşı bu cür həssas, incə düşüncəsi onun Vətənə sevgisinin də hüdudsuz olduğunu göstərir.
Anasına diqqət və qayğı ilə yanaşan insan, əlbəttə ki, Vətəninə də tükənməyən məhəbbətlə bağlıdır.
Qazimiz çox həyalı, ailəsi isə olduqca səmimi idi. Bizi böyük sevgi ilə qarşılayan dəyərli ailəmiz, sevgi ilə də yola saldı.
Əziz millətimizin əziz igidi!
Qəhrəmanlığınla, şücaətinlə, Vətənə bağlılığınla bu gün “Cığır” ailəsinin də qəlbini fəth etdin. Sağ ol, var ol, Vətən oğlu!