Qazi Səyyad Cəfərli

Qazi Səyyad Cəfərli

Torpaq altında necə gizli xəzinələr vardır.
Gizli qalmağı sevər, lakin ən çətin durumda-zəlzələ anında ən gözəl şəkildə baş qaldırar.

44 günlük haqq savaşında xalqımızın ruhunda baş qaldıran zəlzələlərlə şahid olduq bu xəzinələrə, dəyərlərə.

Anladıq ki, bu torpaq qoynunda igidlər, şahidlər daşıyacaq qədər dəyərlidir.

Sözün əsl mənasında qəhrəman olan qazilərimizin ziyarətində yeni üfüqlərə daxil olur, hər tanış olduğumuz qazimizlə, onlardan öyrəndiyimiz hər hekayə ilə 44 günlük müharibə yox, insanlıq məktəbinin fəxri məzunları ilə görüşdüyümüzü aydın hiss edə bilirik.

Bu dəfə qapısını döyüb “siz bizim ümidimizsiniz” dediyimiz daha bir qazi Cəfərli Səyyaddır.

Səyyad 24 iyun 2002-ci ildə Xaçmaz rayonunun Rəhim-Oba kəndində dünyaya gəlib.

Quba rayonunun Vəlvələ kəndində yaşayan Səyyad Çingiz Mürsəlov adına Vəlvələ kənd məktəbində orta təhsil alıb.

Hərbi xidmətdə Beyləqan “N” saylı Kəşfiyyat bölüyünün əsgəri olaraq qulluq edən igidimiz 27 sentyabrda ll Qarabağ müharibəsində döyüşlərə qatılıb.

Oktyabrın 1-i Füzuli rayonu Nüzgar kəndində başından, sağ qol dirsək nahiyyəsindən və hər iki dizindən yuxarı böyük qəlpə yaraları almışdır.
Səyyad Füzuli Diaqnostika mərkəzində əməliyyat olunub. Hazırda müalicəsi davam etdirilir.

Ailəsi Səyyad haqqında qeyd edir:
“O, səbirli, çox dinləyib az danışan biridir.
Qəti qərarlı, sözü bütöv, qarışqanı belə incitməyəcək qədər mərhəmətli, xeyirxah niyyətli insandır”.

Təvazökar, vətənə sadiqlik nümunəsi gəncimiz deyir ki, bizim Hərbi Andımız var, müharibədə olanlar haqqında sizə heç nə danışa bilmərəm.

Əziz qazilərimiz, biz nə qədər xoşbəxtik ki, sizin kimi dəyərlərlə dəyərləndik! Gözlərində sirlər gizlidir Səyyadın. Duruşunda, baxışında əzəmət, mərhəmət nidası var.

Az, ancaq çox dəyərli kəlmələri ilə bizi öz dünyasındakı gözəlliklərə heyran qoydu.