“Oxu” layihəsi çərçivəsində İsmayıllı və Qəbələyə səfər.

“Oxu” layihəsi çərçivəsində İsmayıllı və Qəbələyə səfər.

“Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” layihəsinin könüllüləri, müxtəlif universitetlərdən tələbələri şövq və sevgilə oxu ətrini yaymaq ümidilə 27-28 mart tarixlərində İsmayıllı və Qəbələyə yola çıxdı.
İsmayıllı rayon Mərkəzi Kitabxanası və Uşaq Kitabxanasında atası dünyasını dəyişmiş uşaqlara tədbir təşkil etdik. Kitabxanalarda tələbələr “Oxu” layihəsi ilə bağlı məktəblilərdə maraq və şövq yaradacaq xüsusi təqdimatlarla çıxış edərək onları mütaliə mədəniyyətinə səsləyib. Müəllim və gənclər məktəblilərlə birgə kitabxana ilə tanış olublar, kitablara toxunaraq fikir səmasında üzüb mütaliə sevgilərini böyütməyə ümidləniblər.
MKS-nin üzvləri səmimi çıxışları ilə “Cığır” birliyini tanımaq və görüşün nəsib olmasından sevinc, fərəh duyduğunu vurğulayıblar. Eləcə də Birliyin müəllim və tələbə kollektivindən könüllülər layihənin birgə əməkdaşlıq çərçivəsində keçirilməsi və bunun önəmi haqqında fikirlərini geniş şəkildə çatdırıblar.
Daha sonra İsmayıllı rayon İcra Hakimiyyətinin təyin etdiyi Xankəndi kənd tam orta məktəbi və
Mirzəağa Əzimov adına Təzəkənd kənd orta məktəbində məktəblilərlə görüş keçirilib.
Sözügedən görüşlərdə “Cığır” İB sədri Yeganə Mirzəyeva, müəllim və tələbələr layihə haqqında geniş məlumat verərək oxu mədəniyyətinin təşviqi istiqamətində çıxışlar edib.
Könüllü gənclərlə birlikdə məktəblilərə dünya ədəbiyyatından müxtəlif kitablar haqqında məlumat verilib, onların uşaqlara qatacağı dəyərdən söhbət açılıb. Daha sonra məktəblilərlə növbəti proqram keçirilməsi və hədiyyə olunan kitabların mütaliəsi üçün görüş vaxtı təyin edilib.
Sonda “Cığır” İB tərəfindən atası dünyasını dəyişmiş uşaqlara, Mərkəzi Kitabxanaya, Uşaq Kitabxanasına, Xankəndi kənd məktəbli kitabxanasına və Mirzəağa Əzimova adına Təzəkənd kənd orta məktəbinin şagirdlərinə Birliyin nəşri olan və dünya ədəbiyyatından kitablar, eyni zamanda müxtəlif hədiyyələr təqdim olunub.
Qarşılanmada göstərilən isti və səmimi münasibət, yüksək dəyər və birliklə tanışlığa ayırdıqları zaman üçün İsmayıllı rayonu İcra hakimiyyəti və xüsuilə nümayəndəsi İsmayıl Faxtiyevə, İsmayıllı rayon MKS-nin direktoru v.m.i.e Ruhiyyə Mirzəyevaya, İsmayıllı Uşaq kitabxanası, Xankəndi kənd orta məktəbin direktoru Sabir Məhərrəmov və xüsusilə direktor müavini Turac Məmmədovaya, Mirzəağa Əzimov adına Təzəkənd orta məktəbin direktoru Elxan Bədəlova “Cığır” ailəsi olaraq təşəkkür edirikş
Xüsusilə qeyd etmək istəyirik ki, “Cığır” İB kollektivi adından bizim üçün mühüm əhəmiyyət kəsb edən “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” layihəsinin İsmayıllıda keçirilməsi sevindirici haldır. İsmayıllı rayonunda “oxu”ya diqqət və qayğı ilə dəyər verilməsi təqdirəlayiqdir. Cəmiyyətimizin sağlam təməllərə qovuşmasında başlıca qüvvə olan oxu mədəniyyətinin inkişafı və təşviqi naminə vətəninə fayda verməyə hazır olan İsmayıllı rayonunun nümayəndələri ilə birgə çalışmaq bizlər üçün şərəfdir.
Qəbələdə “İntellektual İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə birliyimizin himayəsində olan atası dünyasını dəyişmiş məktəblilərimizlə görüşdük.
Dəyərli oxucularımızın mütaliə sevgisini artırmaq və onlar arasında oxu mədəniyyətinin təşviqi məqsədilə gənclərimiz çıxış edərək dünya ədəbiyyatından müxtəlif kitablar haqqında məlumatlardan bəhs edib kitab oxumağın dəyər və əhəmiyyətini anlatdılar.
Birliyimizin təsisçisi Yeganə Mirzəyeva və müəllimlər hər gözəlliklə dolu olan qəlblərdə kitab sətirlərinin imzasını qoymağın əsl xoşbəxtlik olduğunu söylədi və bildirdilər ki, kiçiklərimizdə mütaliəyə qarşı sevgi, marağın yaranması və inkişafı parlaq gələcəyimizin qurulmasında müstəsna rol oynayır. Məhz dualarımız da yetişməkdə olan dəyərlilərimizin ömrünün kitabla bəzədilməsi və ölkəmizin sağlam təməllər əsasında çiçəklənməsidir.
Görüş sonu bütün məktəblilərə birliyimiz tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.
Bizə bu niyyətdə böyük dəstək olan, səmimi qarşılama ilə qəlbimizi fəth edən “İntellektual İnkişaf Naminə” İctimai Birliyinə dərin təşəkkürümüzü bildirir, fəaliyyətlərində uğurlar arzu edirik!
Daha sonra Qəbələdə “İntellektual İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə Qəbələ GİKM-nin aktiv, dəyərli gəncləri ilə görüş keçirib.
Görüşdə GİKM-nin fəaliyyəti və könüllülük proqramı haqqında Birliyimiz geniş məlumatlandırılıb, qarşılıqlı diskussiya edilib.
Eyni zamanda xoş tanışlıqdan sonra könüllülərimiz “Cığır” İB iş prinsipi, müxtəlif layihələr və digər əhəmiyyətli fəaliyyətlər barəsində məlumatlar gənclərin diqqətinə çatdırılıb.
“Cığır” İB-nin sədri Yeganə Mirzəyeva gənclərlə tanışlıqdan duyduğu sevinci dilə gətirərək onları layihədə şövqlə iştiraka və cəmiyyyətdə oxu mədəniyyətinin inkişafı adına birlik olmağa dəvət edib. Görüş “Cığır” və GİKM-nin əməkdaşlığı ilə gələcək həyata keçirilə biləcək layihələrin müzakirəsi ilə davam etdirilib.
Sonda iştirakçı gənclərə Birliyimiz tərəfindən “Oxu” layihəsinin əsas dəyərini əks etdirən dizaynlı qeyd dəftəri və qovluq hədiyyə olunub.
Əziz gənclər! Sizinlə tanışlıqdan məmnunluğumuzu ifadə edərək cəmiyyətimizi maarifləndirmə istiqamətli bu layihəmizdə birgə addımlayacağımıza ümidliyik. Sizə fəaliyyətinizdə uğurlar diləyir, oxu mədəniyyətinin təşviqinə müvəffəq olacağımıza inanırıq.
Bizlərə xüsusi diqqət, qayğı və həssaslığı ilə ev sahibliyi edən, görüşün uğurla təşkilinə şərait yaradan Qəbələ “İntellektual İnkişaf naminə” İB-nə, xüsusilə Birliyin rəhbəri Həzi Aslanova, səmimi qarşılama, dəyərli tanışlığa görə Qəbələ “GİKM” və rəhbəri Teymur Alşanova təşəkkürümüzü bildiririk!