“Oxu” layihəsi Bərdə və Tərtərdə

“Oxu” layihəsi Bərdə və Tərtərdə

“Cığır” MDİD İB-nin “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” layihəsi çərçivəsində növbəti görüşü Bərdə rayon Səməd Vurğun adına Mərkəzi Kitabxanasında “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin gəncləri, Bərdə rayon “Qadın Klubunun” üzvləri və bir neçə məktəbli ilə baş tutdu.
Görüşdə birliyin könüllü heyəti tərəfindən layihə və könüllülük fəaliyyəti haqqında ətraflı məlumatlar diqqətə çatdırıldı. Bərdə gəncləri tərəfindən GİKM-nin iş istiqaməti, vəzifə və məqsədləri tanıdıldı, qarşılıqlı müzakirələr edildi. Tədbirdə “Cığır” İB-nin sədri Yeganə Mirzəyeva mütaliə bacarıqlarının möhkəmləndirilməsinin və oxu mədəniyyətinin əhəmiyyətini vurğulayan çıxışlar etdi. Görüşün davamında “Cığır” və GİKM gəncləri xoş təəssüratlarını dilə gətirərək oxu mədəniyyətinin inkişafı istiqamətində layihədə birgə iştirak etməkdən məmnun olduqlarını ifadə etdilər. Tədbir sonu gənclərə layihə çərçivəsində çap edilən qovluq və qeyd dəftəri hədiyyə olundu.
Daha sonra “Cığır” könüllü komandası Bərdə rayon Şirvanlı kənd və Uğurbəyli kənd kitabxanasında məktəblilərlə görüş keçirdi.
Sözügedən görüşlərdə “Cığır” sədri Yeganə Mirzəyəva və könüllülərin rəhbərliyi ilə Karlo Kollodinin “Pinokkionun macəraları” kitabının müəyyən hissələri mütaliə olunub. Görüş sonu kitabxanalara və məktəblilərə müxtəlif hədiyyələr təqdim olunub.
Bərdə rayon Səməd Vurğun adına Mərkəzi Kitabxanası və rəhbəri Almaz Zülfüqarovaya, bizləri səmimi qarşıladıqları və dəyərli zamanları bizimlə keçirdikləri üçün Bərdə rayon GİKM ilə “Qadın Klubu”na, Bərdə rayon Şirvanlı və Uğurbəyli kənd kitabxanası rəhbərliyinə, eyni zamanda kitab hədiyyələrinin təşkilində bizimlə əməkdaşlıq edən “Qanun” və “Libra” nəşriyyat evinə təşəkkürümüzü bildiririk!
“Cığır” MDİD İB “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” layihəsi ilə bağlı Tərtər rayon Mədəniyyət Mərkəzində rayonun Mərkəzi kitabxanasının oxucuları ilə görüş keçirdi. Tərtər şəhəri və sakinləri müharibə dövründə böyük qəhrəmanlıq və mərdliyi ilə qəlbimizin ən dərinliklərindən süzülən sevgimizin təcəssüm etdiyi ünvanımız oldu! Tərtərli dostlarımızla görüş bizlərə unudulmaz təəssüratlar yaşatdı.
“Cığır” İB-nin sədri Yeganə Mirzəyevanın rəhbərliyi və Bakıdan böyük sevgi və fərəhlə layihəyə qatılan könüllü gənclərimizin iştirakı ilə Tərtər rayonu məktəbliləri ilə mütaliənin əhəmiyyəti haqqında söhbət aparıldı, həmçinin İtaliyalı yazıçı Karlo Kollodionun dünya şöhrətli “Pinokkionun macəraları” kitabı mütaliə edildi.
Mütaliənin sonunda iştirak edən məktəblilərə hədiyyələr təqdim edildi.
Kitabxanalara kitablar, kitabxana işçilərinə isə layihə çərçivəsində özəl dizaynda çap olunmuş qovluqlar, qeyd dəftərləri hədiyyə verildi.
Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə “Oxu” mədəniyyəti ilə bağlı icra etdikləri layihələr haqqında Birliyimizə məlumat verdi.
Bərdə Regional Mədəniyyət İdarəsinə və xüsusilə Tərtər rayon üzrə icra nümayəndəsi Ceyhun İsmayılzadəyə oxu mədəniyyətinin inkişafında və təşviqində yaxından göstərdiyi xidmətə görə,
Tərtər rayon MKS rəhbəri Reyhan İsmayılovaya xoş qarşılama, yüksək təşkilatçılıq və əməkdaşlığa görə, “Oxu” layihəsi üçün ev sahibliyi edən Tərtər rayon Mədəniyyət Mərkəzinin idari heyətinə və işçi kollektivinə dəstəyi üçün xüsusi təşəkkürümüzü bildiririk.
Biz kitabların dəyərini, gücünü yaymaq adına cəm olaraq mütaliə mədəniyyətini ölkəmizdə canlandırmağa böyük səylə çalışaraq vətənimizə xidmət etmək üçün yola çıxırıq.