“Oxu” layihəsi çərçivəsində Ağdaşa səfər etdik.

“Oxu” layihəsi çərçivəsində Ağdaşa səfər etdik.

“Cığır” MDİD İB-nin “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” ləyihəsi çərçivəsində Ağdaş rayonuna 2 günlük səfəri baş tutdu. Könüllü müəllimlər və tələbələr əvvəlcə Ağdaş Rayon Mərkəzi Kitabxanası və Heydər Əliyev Mərkəzi- 1 saylı Gənclər Kitabxanasında Ağdaşda yaşayan 32 əmanətimizlə, daha sonra Dəhnəxəlil kənd kitabxanasında 76 məktəbli ilə görüş keçirdi.

Görüşdə “Cığır” İB sədri Yeganə Mirzəyevanın və könüllülərin rəhbərliyi ilə italiyalı yazıçı Karlo Kallodionun “Pinokkionun macəraları” kitabından müəyyən bölmələr mütaliə olundu, “oxu”nun əhəmiyyəti və dəyərindən söhbət açıldı.

Görüş sonu əmanətlərimizə qeyd dəftəri, əlfəcin, qeyd vərəqi, rəngli marker və “Qanun” nəşriyyatından kitablar, məktəblilərə isə “Qanun” və “Libra” nəşriyyat evindən müxtəlif kitablar hədiyyə olunub.

Kitabxanalara “Libra”, “Qanun” nəşriyyatının və “Cığır” İB-nin nəşri olan kitablar, kitabxana işçilərinə layihə çərçivəsində çap olunan bloknotlar hədiyyə olaraq təqdim edilib.

“Cığır” MDİD İB növbəti görüşü Ağdaşda “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin gəncləri ilə həyata keçirdi. Görüşün əsas məqsədi “Cığır” İB-nin ən yeni layihəsi “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” layihəsinin tanıdılması və gənc könüllülərin layihədən faydalanaraq oxu mədəniyyətinə təşviq edilməsi idi. Ağdaş gəncləri ilə tanışlıqdan dərhal sonra söhbət və müzakirələrlə “Cığır” İB-nin fəaliyyəti ilə bağlı məlumatlar diqqətə çatdırıldı. İctimai Birliyin sədri Yeganə Mirzəyeva layihə barəsində gəncləri məlumatlandıraraq vurğuladı ki, onların mütaliə sevgisinin artaraq maariflənməsi sağlam gələcəyimizin təminatçısıdır. Daha sonra GİKM-nin gəncləri öz iş istiqamətləri, məqsəd və vəzifələri barədə birliyimizə ətraflı məlumat veriblər.

Görüş sonu GİKM-nin dəyərli gənclərinə də “Oxu” layihəsi çərçivəsində nəşr olunan qovluq və bloknot hədiyyə edilib.

Gənclər və uşaqlarla görüşə şərait yaratdığı və zamanlarını ayırıb xeyir yolunda xərcləməyə hazır olduqları üçün kitabxana rəhbərliyi və nümayəndələrinə, dəyərli tanışlıq və faydalı görüş üçün Ağdaş rayon GİKM-nə, eyni zamanda bizimlə əməkdaşlıq etdiyi üçün “Qanun” və “Libra” nəşriyyat evinə təşəkkürümüzü bildiririk!