“Oxu” layihəsi Oğuz və Şəkidə

“Oxu” layihəsi Oğuz və Şəkidə

“Cığır” MDİD İB “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” layihəsi çərçivəsində Oğuz rayon Mərkəzi Kitabxanasında Oğuz Əmanətləri ilə görüş keçirdik.

Tədbirdə “Cığır” İB sədri Yeganə Mirzəyeva oxucuları salamlayaraq “Oxu” layihəsinin əhəmiyyəti və dəyərindən söhbət açdı.

Könüllü gənclər uşaqlarla səmimi ünsiyyət quraraq oxu mədəniyyətinə dair fikirlərini bölüşüb, onları mütaliəyə səslədilər.

MKS direktor əvəzi Nəzakət Qasımova çıxış edərək birliyin layihənin icrası məqsədilə Oğuz rayonuna səfərindən məmnunluğunu dilə gətirdi.

Görüşdə “Cığır” İB həmtəsisçisi Gülnar Rüstəmovanın rəhbərliyilə oxucularla italiyalı yazıçı Karlo Kollodinin “Pinokkionun macəraları” kitabından seçilmiş hissələr mütaliə olundu.

Tədbir sonu hər bir əmanətimizə kitablar və müxtəlif hədiyyələr verildi.

Eyni zamanda kitabxanaya müxtəlif növ janrlarda kitablar, kitabxana işçilərinə layihə çərçivəsində çap olunan qovluq və bloknotlar hədiyyə edilib.


Görüşümüzün uşaqların kitab sevgisinin çoxalmasına, mütaliə mədəniyyətinin təşviqinə böyük töhfə verəcəyinə inanırıq.

Uşaqlarla görüşə şərait yaratdığı, zamanlarını ayırıb xeyir yolunda xərcləməyə hazır olduqları və səmimi qarşılama üçün Oğuz MKS-nin direktor əvəzi Nəzakət Qasımovaya və digər işçi nümayəndələrinə dərin təşəkkürümüzü bildiririk!

Daha sonra isə könüllü müəllim və tələbə heyəti olaraq “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” layihəsi istiqamətində Oğuz rayonunun Əsavəli Abdulhüseynov adına Sincan kənd məktəbi, İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbi, Ərmənət kənd kitabxanası və Baş Daşağıl kənd kitabxana filialının fəal oxucuları ilə görüş keçirdik.

Sözügedən tədbirlərin açılışına “Cığır” İB-nin tanıtımı ilə start verildi, daha sonra görüşlər birliyin sədri Yeganə Mirzəyevanın, müəllimlər və gənclərin “kitabların mənəvi dünyamızdakı əhəmiyyətindən”, “mütaliə bacarıqlarının formalaşması fərqliliyindən” bəhs edərək davam etdirildi.

Tədbir sonu bütün kitabxana, məktəb və oxuculara layihə çərçivəsində müəyyən edilən hədiyyələr təqdim edildi.

Qəlbləri oxu eşqi ilə çırpınan şagirdlərlə görüşdə kitabların sirlərindən söhbət açaraq sevinclərinə ortaq olmaq bizim üçün olduqca dəyərli idi.
Hər birinin özünəxas rəngli dünyası olan, gözlərindəki işıqla kitab sevgilərini fadə edən kənd məktəbliləri ilə görüş könüllülərdən ibarət idari heyətimiz üçün əsl motivasiya mənbəyinə çevrildi.
Kitab nuru ilə baxan gözlərdə gələcəyə olan inamı görmək bizi daha çox gözəlliyə imza atmağa ruhlandırdı.

Xüsusilə vurğulamaq istəyirik ki, qonaqpərvər və öz səmimi davranışları ilə seçilən Oğuz rayonunun əhalisi birliyimizi ən isti münasibətlə qarşılayaraq fəaliyyətimizi yüksək dəyərləndirdi, ələlxüsus müqəddəs Ramazan günlərində bizləri evlərinə qonaq dəvət edərək özəl diqqət göstərdilər.

Göstərdikləri diqqət və qayğıya görə Oğuz rayon Əsavəli Abdulhüseynov adına Sincan kənd məktəbinə, İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbinin direktor müavini Ruslan Bəkirova, Ərmənət kənd kitabxanasının rəhbəri Nəzakət Hüseynovaya və Baş Daşağıl kənd kitabxana filialının müdiri Aybəniz Abdullayevaya dərin minnətdarlığımızı bildiririk.

“Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” layihəsi ilə bağlı “Cığır” MDİD İB könüllü gənc komandası ilə birlikdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəki nümayəndəliyi ilə görüş keçirdi.

Tədbirdə səmimi tanışlıqdan sonra könüllülərimiz tərəfindən “Cığır” İB iş prinsipi, müxtəlif layihələr və digər əhəmiyyətli fəaliyyətlər barəsində məlumatlar gənclərin diqqətinə çatdırıldı.
“Cığır” İB-nin sədri Yeganə Mirzəyeva və həmtəsisçisi Gülnar Rüstəmova gənclərlə tanışlıqdan duyduğu sevinci dilə gətirərək onları layihədə şövqlə iştiraka və cəmiyyyətdə oxu mədəniyyətinin inkişafı adına birlik olmağa dəvət edib.

Daha sonra gənclərin fəaliyyəti və könüllülük proqramı haqqında Birliyimiz məlumatlandırılıb, qarşılıqlı diskussiya edilib.
Görüş sonrası “Cığır” könüllüləri və Mərkəzin gənclərinin gələcəkdə həyata keçirilə biləcək layihələrdə birgə əməkdaşlıq istiqamətində səmimi söhbətləri davam edib.

Sonda Şəki gənclərinə Birliyimiz tərəfindən “Oxu” layihəsinin əsas dəyərini əks etdirən dizaynlı bloknot və qovluq hədiyyə olunub.

Əziz gənclər! Sizinlə tanışlıqdan məmnunluğumuzu ifadə edərək cəmiyyətimizi maarifləndirmə yönümlü bu layihəmizdə birgə addımlayacağımıza inanırıq. Sizə fəaliyyətinizdə uğurlar diləyir, oxu mədəniyyətinin təşviqinə müvəffəq olacağımıza ümid bəsləyirik.
Xüsusi diqqət, qayğı və həssaslığı ilə ev sahibliyi edən GİKM-nin Şəki nümayəndəliyinə, xüsusilə i.ə.ü.mütəxəssis Arzu Əmirseyidovaya dərin təşəkkürümüzü bildiririk!

“Oxu” layihəsinin müxtəlif universitetlərdən olan könüllü tələbələri şövq və sevgilə oxu ətrini yaymaq ümidilə Şəki şəhərinin Baş Layısqı kənd tam orta məktəbi, Baş Zəyzid kənd MKS 49 saylı filialı, Aşağı Şabalıd kənd ümumi orta məktəb, Qumux kənd tam orta məktəb, Şin kənd tam orta məktəbində məktəbli oxucuları ilə görüş keçirdi.

Dəyərli oxucularımızın mütaliə sevgisini artırmaq və onlar arasında oxu mədəniyyətinin təşviqi məqsədilə gənclərimiz çıxış edərək dünya ədəbiyyatından müxtəlif kitablar haqqında məlumatlardan bəhs edib kitab oxumağın dəyər və əhəmiyyətini anlatdılar.

Birliyimizin təsisçisi Yeganə Mirzəyeva və müəllimlər hər gözəlliklə dolu olan qəlblərdə kitab sətirlərinin imzasını qoymağın əsl xoşbəxtlik olduğu istiqamətində çıxışlar etdilər və bildirdilər ki, kiçiklərimizdə mütaliəyə qarşı sevgi, marağın yaranması və inkişafı parlaq gələcəyimizin qurulmasında müstəsna rol oynayır. Məhz dualarımız da yetişməkdə olan dəyərlilərimizin ömrünün kitabla bəzədilməsi və ölkəmizin sağlam təməllər əsasında çiçəklənməsidir.

Görüş sonu məktəblərə və kitabxanaya birliyimiz tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.

 Bizə bu niyyətdə böyük dəstək olduğu üçün, səmimi qarşılama və məktəblilərlə görüşə şərait yaratdına görə Şəki rayon Baş Layısqı kənd tam orta məktəbin direktoru İmran Hüseynova, Baş Zəyzid kənd MKS 49 saylı filialının müdiri Zamiq Abbasova, Aşağı Şabalıd kənd ümumi orta məktəb kitabxanasının əməkdaşı Sevinc Qədimovaya, Qumux kənd tam orta məktəbin direktoru Vüqar Cumayeva, Şin kənd tam orta məktəbin direktor müavini Nəsimi Əhmədova təşəkkürümüzü bildirir, fəaliyyətlərində uğurlar arzu edirik!

“10 il sonrasını düşünürsənsə ağac ək, 100 il sonrasını düşünürsənsə faydalı insan yetişdir.”

“Oxu” layihəsi çərçivəsində uşaqlara kitab hədiyyə edərək faydalı insan yetişdirdiyimiz kimi 10 il sonrasını da düşünüb ağac əkməyi unutmadıq.

Dəyərli izləyicilər, bildiyiniz kimi “Oxu” layihəsi adı altında “Cığır” İB ailəsi rayonlara səfər edərək balaca dostlarımızı kitab dünyası ilə tanış etməkdədir.

Bununla yanaşı ziyarət etdiyimiz Şin kənd tam orta məktəb, Qumux kənd tam orta məktəb, İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəb, Sincan kənd tam orta məktəb, Baş Layısqı kənd tam orta məktəb kəndlərində “Sən də fidanınla yaşat şəhid adını” layihəsini həyata keçirdik.

Qəlblərində ən gözəl sevgini yaşadan kənd şagirdləri ilə bərabər torpağın canına nüfuz edərək, qanı ilə torpaqlarımızı dirildən şəhid adına fidanlar əkdik.

Torpağa can kimi nəzər saldıq, bizi hiss edircəsinə toxunduq, illər sonra başqalarına öz dəyərləri ilə faydalı olacağına ümid edərək əkdik fidanlarımızı.

İnanırıq ki, o fidanlar təkcə torpağa yox, balaca əllərlə, böyük sevgi ilə onları əkən qəlblərdə də məskən saldı.

Yaratdığı şəraitə görə Şəki rayon Baş Layısqı kənd tam orta məktəbin direktoru İmran Hüseynova, Qumux kənd tam orta məktəbin direktoru Vüqar Cumayeva, İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbinin direktor müavini Ruslan Bəkirova, Şin kənd tam orta məktəbin direktor müavini Nəsimi Əhmədova, Oğuz rayon Əsavəli Abdulhüseynov adına Sincan kənd tam orta məktəbinə təşəkkürümüzü bildirir, fəaliyyətlərində uğurlar arzu edirik!