“Oxu” layihəsi çərçivəsində Gəncəyə səfər etdik.

“Oxu” layihəsi çərçivəsində Gəncəyə səfər etdik.

“Cığır” MDİD İB “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” layihəsinin ətrini vətənimizin dilbər guşələrindən biri olan Gəncə şəhərində yaymağa müvəffəq oldu.
8 mart tarixində”Cığır” ictimai birliyinin könüllü komandasının və Gənclər idari heyətinin Gəncə səfərinin ilkin mərhələsi iş görüşməsi naharı ətrafında baş tutdu.
Görüşdə “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” layihəsinin nəzərə alınmalı incə məqamları bir daha nəzərdən keçirildi.
Könüllü tələbələrin, media işçilərinin səfər və layihə boyu üzərlərinə düşən vəzifə və öhdəlikləri xatırladıldı, səmimi ünsiyyət qurularaq layihədən gözlənilən nəticələr müzakirə edildi.
Layihənin ölkəmizin bölgələrində maarifçilik ənənələrinin canlanmasında önəmli mövqeyə malik olacağı, bunun üçün komanda ruhumuzla var-güclə çalışılacağı dilə gətirildi.

Öz dəyərli məsləhətləri ilə gənclərə hər zaman ilham verən müəllimlər gənc könüllülərə bu şərəfli yolda uğurlar arzu edərək, Gəncə səfəri ilə bölgələrdə başlayacaq görüşlərin açılışını elan etdilər.
Daha sonra isə Gəncə gəncləri ilə “Gəncə Maarif Evi” İB-də görüş keçirildi.
“Gəncə Maarif Evi” İB-nin rəhbərləri İmamverdi Vəliyev ilə Gülnar Məmmədova və birlik könüllülərinin səmimi qarşılamasından sonra gənclərlə görüşə start verildi.
Tədbirdə əvvəlcə iştirakçılara keçirilən layihə ilə bağlı ətraflı məlumatlar verildi, fikir mübadiləsi aparıldı.
“Cığır” İB sədri Yeganə Mirzəyeva “Liderlik” təlimi ilə bütün dinləyicilərin diqqətini lider olmağın əhəmiyyətinə köklədi. Təlim müzakirə, diskussiya, qarşılıqlı sual-cavab şəklində fərqli, bir o qədər də faydalı olaraq tədbir iştirakçılarının xüsusi marağına səbəb oldu.

Yeganə Mirzəyeva növbəti çıxışında gəncləri bu layihədən faydalanmağa, ətrafdakı insanları da oxumağa təşviq etməyə səsləyib.
Görüşdə iştirak edən gənclərə “Cığır”ın aktiv könüllüsü, gənclər idari heyətinin üzvü, qrafik dizayner, AZMİU Memarlıq Fakültəsinin magistr tələbəsi Elbəy Əliyevin hazırladığı, üzərində layihənin məğzini incəliklə əks etdirən dizaynlı qovluq və oxu dəftəri hədiyyə edilib

Dəyərli könüllümüz Elbəy Əliyev öz təəssüratlarını bölüşərək qeyd edib ki, o, “Cığır” ailəsini doğma şəhərində qonaq etdiyi üçün çox xoşbəxtdir və layihənin yalnız Gəncədə deyil, ölkəmizin ucqar bölgələrində də uğur qazanacağına sonsuz inam və ümid bəsləyir.
Daha sonra gənclər, könüllülər və idari heyətlə birlikdə çay süfrəsi ətrafında müzakirələr davam edib.
“Gəncə Maarif Evi” İB rəhbərliyinə bizi qonaq etdikləri və zamanlarını bizimlə bölüşdükləri üçün minnətdarlığımızı bildiririk.
İnanırıq ki, Gəncəyə səfərimiz “Oxu” layihəsinin uğurla həyata keçirilməsinə öz töhfəsini verəcək və gənclər və yeniyətmələr arasında oxu mədəniyyətinin təşviqinə nail olacağıq.