Mədəniyyət Nazirliyinin qrant müsabiqəsi çərçivəsində Birliyimizin qalibi olduğu “Milli-mənəvi dəyərlər və mədəni irsin təbliği” layihəsi çərçivəsində iştirakçılarımızla Şəki şəhərinə təşkil olunan ekskursiyamız uğurla tamamlanıb.
Səfər zamanı “Süsən” kəlağayı evində kəlağayı hazırlanması prosesi, eləcə də kəlağayı irsinin tarixi, Azərbaycan mədəniyyətindəki rolu və naxışlarının simvolik mənaları iştirakçılara çatdırıldı. İştirakçılar yerli ustaların rəhbərliyi ilə kəlağayı bəzəmə, həmçinin ənənəvi texnika ilə naxışların tətbiqi və rənglərin hazırlanması prosesində yaxından iştirak etdilər. Eyni zamanda Şəki ipəkçilik ənənələri, kəlağayı istehsalı, eləcə də ipək və boyaq materiallarının hazırlanma texnologiyası nümayiş olundu. Xüsusilə qeyd etmək istəyirik ki, iştirakçılar səfər zamanı kəlağayı muzeyi ilə də tanış oldular.
Daha sonra Şəki şəhərinin mədəniyyətinə aid olan dulusçuluq sənətinin yaranma tarixi haqqında yerli ustalar tərəfindən məlumat verildi, masterklass keçirildi. Ardınca Şəki şəhərinin tarixi hissəsinə – “Xan sarayı”, “Karvansaray” və digər abidə və muzeylərə ekskursiya edildi. Təlimçimiz Elbəy Əliyev iştirakçıları şəbəkə sənəti haqqında məlumatlandırdı. Şəbəkənin memarlıqda rolu, Şəki evlərinin estetik üslubundakı yeri və şəbəkə ornamentlərinin simvolik mənaları haqqında maarifləndirdi, onlara mədəni irsin əhəmiyyəti və milli kimliyin inşasında rolu ilə bağlı təlim verdi.
















