Hər həftənin bazar günü təfəkkürsevərləri salamlayan və ən yaxın dostuna çevrilən “Gözəl düşüncə” layihəsi bu dəfə də düşündürücü, bir o qədər də dərin mənalı – “Riyaziyyat və Quran” mövzusu ilə bizləri həyatın riyazi tərəflərini düşünməyə köklədi.
“Cığır” İB-nin nəzdində fəaliyyət göstərən “Salam Yurdu” təlim-tədris mərkəzinin rəhbəri və BMU magistrantı Günel Abdulməcid hazırladığı maraqlı təqdimatla riyaziyyatın həyatımıza təsiri, cəmiyyətimizdə rolundan söhbət açaraq bizləri hər birimizə məlum olan mövzulardan çıxarıb yeni təfəkkür axınına yelkən açdırdı. Filosof, riyaziyyatçı Dekartın fəlsəfi görüşlərindən bəhs edərək əslində düsturlar, teoremlər, funksiyalarla dolu olan riyaziyyatın həm də bizim həyat yolumuz olduğunu vurğuladı. Kainatın əvəzsiz varlığı olan insanın həyat yolunu funksiyanın qrafikinə bənzədən təqdimatçı, həmçinin, insanoğlunun düşüncələrinin, özünün qanunlarının koordinat oxunda x, addımlarının isə y olduğunu, x ədədinə verilən qiymət nəticəsində y ədədinin dəyişdiyi kimi atılan hər addım, edilən hər hərəkətin də bizim həyat qrafikimizi dəyişdiyini qeyd etdi. Daha sonra riyazi məsələləri Quran ayələri ilə əlaqələndirərək, xeyir əməllərin bizləri sonsuz müsbətə, pis əməllərin isə sonsuz mənfiyə apardığını əlavə etdi. Dolğun nümunələrlə çıxışını başa vuran təqdimatçı dinləyiciləri maraqlandıran bir sıra suallara cavab verərək, “gözəl düşüncə” üzvlərini riyaziyyatı-kainatın yazıldığı dili riyazi beyinlə təfəkkür etməyə səslədi. Görüşümüz riyaziyyatda olduğu kimi sosial mövqemizdən aslı olmayaraq, hər birimizi əhatə edən qarma-qarışıqlıqlar içərisində gizlənən nizamı tapıb üzə çıxarmaq ümidi ilə sona çatdı.