“Cığır” MDİD İB sədri Yeganə Mirzəyevanın Şuşa səfərindən təəssüratlar

“Cığır” MDİD İB sədri Yeganə Mirzəyevanın Şuşa səfərindən təəssüratlar

“Cənnətim Qarabağ, zinətim Qarabağ,
Nəğmələr gülüstanısan, sevgi dastanısan…”
Çoxdan gözlədiyimiz o ana qovuşduq, sevgi dastanının canlı ziyarətçiləri olmaq şərəfinə uzun illərdən sonra nail olduq!
29 dekabr tarixində ölkəmizdə fəaliyyət göstərən QHT nümayəndələrindən ibarət 2-ci qrupun “Mədəniyyət paytaxtı” Şuşa’ya səfəri təşkil edildi.
Səfərdə 100-ədək QHT-nin təmsilçisi qürur və məğrurluqla iştirak etdi.
Həmçinin “Cığır” İctimai Birliyi də müqəddəs saydığımız, hər qarışı zəfər ətri gələn torpaqlara ayaq basdı.
Təmsilçi olaraq birliyin təsisçisi Yeganə Mirzəyeva səfərdə iştirak etsə də, digər nümayəndə heyəti və könüllülərin də qəlbi orada bərabər həyəcanla döyündü.
Şuşa’nın hər qarışını görməyə can atan birliyimiz şəhərdə yeniqurulan tarixi, dini və mədəniyyət abidələrinə baş çəkmiş, həmçinin şəhərdə görülən abadlıq və quruculuq işləri ilə də yaxından tanış oldu.
Nümayəndələr əvvəlcə “Cıdır düzü”nü, “Molla Pənah Vaqif məqbərəsi”ni, daha sonra isə “Yuxarı Gövhərağa” və “Aşağı Gövhərağa”, “Saatlı” məscidlərini ziyarət ediblər.
Həyata keçirilən bu səfərin reallaşdırılmasında əsas məqsəd Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müxtəlif layihələrə imza atan, vətəndaşları, xüsusilə də gəncləri bu fəaliyyətlərə cəlb etməyə çalışan “Cığır” MDİD İB və digər QHT-lər ermənilərin 30 il ərzində törətdiyi vəhşiliyi, vandallığı öz gözləri ilə görmək və icra etdikləri vəzifənin əhəmiyyətini bir daha insanlara vurğulamaq idi.
Bununla yanaşı ərsəyə gətirmək istədikləri işlərin plan və hədəflərinə yeni bir ilham, nəfəs olmaq üçün vətənimizin doğma torpaqlarını ziyarət edərək güc, qüvvət, aldılar.
Yeganə xanım Şuşa torpağından bizlər üçün böyük rəmzi məna daşıyan, Şuşanın suyu ilə yoğrulmuş çörəklərdən sovqat gətirərək öz sevinc və kövrək duyğularını könüllülərlə paylaşmış, bu çörəyin ətrini, dadını duymaq könüllülər, tələbələr tərəfindən xoş həyəcana, böyük sevgiyə səbəb oldu.
“Cığır” İctimai Birliyi “Şuşa səfəri” nə dəvətdən iftixar hissi duyur, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi nə birliyin idarə heyəti və könüllüləri adından təşəkkürümüzü bildiririk.