Hər zaman xeyir işlərin carçısı olmağa tələsən birliyimiz əmanət qəlbi sevindirərək neçə-neçə qəlbdə mərhəmət, ümid işığını şövqləndirməyi niyyət edib.
2 illik pandemiya dönəmindən sonra ənənəyə sadiq qalaraq bu il də “Bakı, qonağımız var” layihəsini həyata keçirdik. 3 gün müddətində Azərbaycanın müxtəlif bölgələrində yaşayan atası dünyasını dəyişmiş uşaqların paytaxtla bağlı arzularına, xəyallarına cığır açdı. Gül balalarımızın səmimi qarşılanması, könlü sevgi ilə dolub daşan dəyərli könüllü kollektivimizlə tanış olmaları, paytaxt Bakının ən valehedici məkanlarına səfərləri layihənin ən yaddaqalan xatirələrinə çevrildi.
Əmanətlərimizin sevincinə qarışmış bu 3 gün ərzində Heydər Əliyev məscidi, Şəhidlər xiyabanı, Türk şəhidliyi, Cümə məscidi, Bakı Kitab Mərkəzi, Qız qalası, Tusi-Bohm Planetarium, Tarix muzeyi, Dənizkənarı Bulvar, “Mülk” sosial sahibkarlıq ticarət mərkəzi kimi əsrarəngiz mədəniyyət və istirahət məkanlarına ziyarətlər təşkil etdik. Şəhər həyatının, rəngarəngliyinin, mədəniyyətin beşiyi olan paytaxtın ilk qonaqları olan uşaqların heyrətini və xoşbəxtliyini gülüşlərindən hiss etməmək mümkün deyildi.
Bulvarda gəzərkən, velosiped sürərkən, Baku Tour avtobusu ilə səyahət edərkən, Bakı Kitab Mərkəzində mütaliə zamanı bir daha şahid olduq ki, hər uşaq özlüyündə 1 dünyadır, xəzinədir. Bu xəzinəni kəşf etmək isə nə böyük nemətdir.
Sonuncu gündə Binə alış-veriş mərkəzində dəyərli balalarımız üçün geyim tədarükü də gördük, onları ən gözəl geyimlər alıb hədiyyə edərək sevindirdik. Paytaxdan ən xoş anları çantalarına qoyub kəndlərinə yollanan əmanətlərimizin bu xoşbəxtliyi yaşaması üçün ianə dəstəyi göstərən hər bir xeyirsevərə, Bakını uşaqlara tanıtdırmada təmənnasız dəstək olan BNA-ya, sevimli balaların mavi dənizi seyr edə-edə Bulvarda gəzintisinə təmənnasız şərait yaradan Dənizkənarı Bulvar İdarəsinin rəhbərliyinə və səmimi kollektivinə, qonaqlarımızın 3 gün ərzində bütün qayğı və nəvazişini səmimi qəlbdən qarşılayan könüllülərimizə öz təşəkkürlərimizi bildiririk!