“Təhsil ümidli xeyriyyə satışı” keçirildi

“Təhsil ümidli xeyriyyə satışı” keçirildi

“Təhsilinə dəstək gözləyən abituriyentlərimizin ümidi biz olaq” deyərək yol alan “Cığır” MDİD İB 19-20 fevral tarixlərində böyük xeyriyyə satışında qonaqlarını qarşıladı. Kiçikdən-böyüyə satışda iştiraka tələsən hər xeyirsevər sevgi ilə hazırlanan təamlardan almağa tələsərək sevgimizə sevgi, coşqumuza coşqu qatdılar.
Müxtəlif məhsullarla təmsil etdiyimiz sərgidə xanımlar ən gözəl əl bacarıqlarını təqdim edərək hər bir kəsi gözəl və səmimi ünsiyyətin əhatəsinə saldılar.
Sosial sahibkarlıq layihələrimiz olan “Amber soap” sabunları, “Maidə” tekstil eko çantaları, “Zəhmətsevər” ev bağlamalarının təqdimi, “Mülk” xeyriyyə alış-veriş mərkəzinin məhsulları, “Bağbanın bağçası” layihəsindən gözəl təravətli bitkilər alıcıların diqqət və marağına səbəb oldu.
Müxtəlif universitetləri təmsil edən könüllü tələbələrimiz, gənclər bu xeyir yarışında yenə də öndə gedənlərdən oldular, tədbir təşkilatçılığının ən incə məqamlarını məhz onlar üstləndilər.
Dəvətimizə icabət edib gələn bütün dəyərli qonaqlarımıza dərin minnətdarlığımızı bildirir, xeyir gəmisində yeni limanlara doğru uğurlu yol alacağımıza ümid edirik.
3 aydır fəaliyyətə başlayan Aktual Tədris Mərkəzi 2 gün boyunca öz qapılarını təmənnasız şəkildə, sevgi ilə xeyir adına toplaşan insanların üzünə açdı. Geniş, işıqlı, komfortlu məkanda- mərkəzin qapalı salonunda qonaqlarımızla xoş zaman və səmərəli satış həyata keçirdik.
Səmimi ünsiyyət şəraitinin yaranmasında birliyimizə dəstək olan “Aktual” tədris mərkəzinin rəhbəri Türkan xanıma və administrativ heyətə birliyimizin idarə heyəti və könüllüləri tərəfindən dərin minnətdarlığımızı bildirir, əməkdaşlığımızın davamlı olmasını diləyirik!