Şəhid Qəndiyev Vüsalın ailəsini ziyarət etdik

Şəhid Qəndiyev Vüsalın ailəsini ziyarət etdik

Vətən mənə oğul desə, nə dərdim, Mamır olub qayasında bitərdim.

Vətən! Bu kəlmə təmiz ürəklər qədər safdır, pakdır, müqəddəsdir. Bu söz ana südü kimi şirindir, ana qucağı qədər əziz, ana nəfəsi tək doğmadır. Doğma Vətənimizi qorumaq isə hər bir Azərbaycan vətəndaşının borcudur. Torpaqlarımızın azad edilməsi uğrunda canından keçən Azərbaycan övladlarının hər birinin ruhları qarşısında hörmətlə baş əyirik.

Könüllü kollektivimiz ilə şəhid ailələrini ziyarət edərək onların yanında olmağa çalışır və mənəviyyatlarından özümüzə nümunə alırıq. Bu dəfə şəhid Qəndiyev Vüsalın ailəsinin ziyarətinə yollandıq.

Ailəsinin səmimi, xoş münasibəti qəlbimizi isitdi. Şəhidimizin övladları ilə xoş zaman keçirən könüllü gənclərimiz balacaların simasında gülüşə səbəb oldular.

Azərbaycanın müqəddəs, hər qarışında bir şəhidin qızıl qanı olan torpaqlarımızın azad edilməsindən sonra Respublikamız tərəfindən Qarabağda bərpa və quruculuq İşlərinə başlanıldı. Şuşa rayonunun Daşaltı kəndi ərazisində bərpa və quruculuq işləri ilə zamanı Vüsal Qəndiyev xidməti İşlərini yerinə yetirərkən erməni hərbi birləşmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olmuşdur.

Şəhidimiz 1993-cü ildə İsmayıllı rayonunda dünyaya gəlmişdir. 2 övladı olan şəhidimiz Vətən qarşısındakı vəzifəsini şərəflə yerinə yetirmişdir. Qeyd edək ki, 2021-ci il 9 dekabr tarixində Vüsal Qəndiyevlə yanaşı, Qobustan rayon sakini Orxan Xanatov da dövlətimizin bütövlüyü uğrunda canından keçmişdir.

Hər iki şəhidimizin mərd ruhları qarşında baş əyir, ailələrinə baş sağlığı diləyirik. Allah rəhmət eləsin!