“Qurandan məktub var – 9”

“Qurandan məktub var – 9”

“Nun! And olsun Qələmə və yazdıqlarına…” (Qələm, 1)

Rəbbinin mərhəmətinə görə sən divanə deyilsən..
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır…
və həqiqətən sən gözəl əxlaq üzərindəsən…
…Rəbbin onun yolundan dönənləri və haqq yolda olanları daha yaxşı tanıyır…
…Elə isə haqqı yalan sayanlara güzəştə getmə…
…Bu Kitab aləmlər üçün öyüd nəsihətdən başqa bir şey deyildir.

Qələm surəsi “Nun” ilə başlayır. Nun ن sözü ərəbcə yazılışında mürəkkəb qabı və ona damcılayan nöqtə şəklindədir. Sözün mənası isə bir-birindən çox fərqli səslənən ancaq ilahi məntiqlə bir araya gələn fərqli kəlimələrdir. Götürək elə “balıq” mənasını. Quranda “Zünun” deyə xitab olunan Yunus öz nəfsinə yenilərək balığın qarnına düşür və ” nun” sözü ” semek” və ya ” hut” kimi adi balıqları deyil məhz, Yunusu udan balıq mənasına gəlir. Yunusun tövbəsindən sonra Allahın əmri ilə balıq sahilə yaxınlaşaraq onu buraxır.
Digər mənası, “qılıncın kəskin hissəsi” olan “Nun”-u surədə qələm sözü izləyirik ki, bunu da tərcümə etsək ” And olsun qılınca və qələmə” tərcüməsini alırıq. Yəqin ki, hamımız qələmin gücünün nə qədər kəskin və iti olduğunu yaxşı bilirik.
“Nun” eyni zamanda ərəbcədə cəmlik ifadə edir. Yəni “mən”i “biz” edə bilir.
Zənnimizcə, qələm insanlığa verilmiş ən böyük sərvətdir. Qələmin məhsulu kitabdır, kitabın məhsulu təfəkkürdür, təfəkkürün məhsulu xatırlamaqdır və insan yalnız xatırlayanda özünü və Yaradanını dərk edə bilir.
Sözlərin dilinə çevrilən Qələmlə Allah kainata bir damcı mürəkkəb buraxır. Mürəkkəbdən neçə planet, neçə ulduz, neçə nebula, sistemlər və nəhayət, neçə insan topluluğu yaranır. Bir damcı mürəkkəbdən törənən varlıq Allahın öz kitabının bir səhifəsi kimidir. Öz qələmi ilə insanı yaradan Rəbbimiz elə o qələmlə də neçə tarix yazır.
Öz ruhundan Adəmə üfürdükdən sonra, görünür, öz qələmindən də ona bir zərrə bəxş edir. Yerə enən Adəm Allahın zərrəsini daşıyan o qələmlə öz hekayəsini yazır. Bu gun Adəmin hekayəsinin ardını yazırıq, əlimizdə isə o qələm. Adəm bilirdi, onun davamçıları da öyrənmişdi qələmi və Rəbbi haqqında yazmağın nə demək olduğunu.
Bizə isə bu suala cavab vermək qalıb : Biz mi qələmlə yazırıq ya qələm bizi yazır?
And olsun Qələmə sən divanə deyilsən… Haqq sözü gətirənlər nədənsə bu cür adlanıb. Çünki onlar kütlənin eşitdiyi səslərdə rəngləri görə, gördükləri rənglərdə ahəngi eşidə bilib. Və bu ən böyük məcnunluqdur. Heç təsadüf deyil ki, məcnun və cənnət ikisi də eyni kökdən olub görünməyən deməkdir.. məcnunların görə bildiklərini duymadıqları üçün divanə sayılıb.
Bu ayələr Allahın and içdiyi Qələm – yerin dibini və üstünü, okeanların ənginliklərini, kainatın dərinliklərini Allahın sözüylə sətir sətir yazdığı o qələm şahid çəkilib.. Haqqı gətirib beyinlərdə inqilablar yaradan rəsulların böyük əxlaq üzərində olduğuna və onlar üçün böyük mükafatlar hazırlandığına..
Mənim də o əxlaqda payım varmı? Okeanın ən dibindəki canlılar Qələmə bənzərlikləriylə bizə bir ayə xatırlatdıqları halda Ya Insan? Xaliqin ən gözəl xilqətini özündə daşıyan və alın yazısı ” böyük işlər görməyi bacarmaq” olan insanoğlu özündə Kitabdan hansı kiçik işarəni(ayəni) daşıya bilir?

17 thoughts on ““Qurandan məktub var – 9”

  1. Ən çətin tərbiyyə-düşüncə təmizliyidir. Cəmiyyətin inksafının təməl daşları olan gənclərimizin belə gözəl düşüncəyə sahib olması həqiqətən qürurvericidir

    1. masallah olsun gencler..her yazinizi nece heyranligla oxuyuram bir bilsez…siz bize bir mukafatsiz…hec tefekkur etmediyim movzularda ele gozel arasdirmalar edirsiz ki… Allah sizi tekebburdan,nefsinizin şərinden qorusun insallah…qurur menbeyisiz…

  2. Qələmə and olsun! Sətir sətir yazdıqlarına and olsun. Sən Məcnun deyilsən. Qələm surəsi.
    Yazdıqlarınıza Allah and içir. Allah qələminizə bərəkət versin. Həqiqətən sizin kimi gənclərə şahid olmaq böyük xoşbəxtlikdir. Siz bizim gənclər haqda dualarimızsız. Allah sizi sevsin Əziz gənclər.

  3. “Qələmin məhsulu kitabdır, kitabın məhsulu təfəkkürdür, təfəkkürün məhsulu xatırlamaqdır və insan yalnız xatırlayanda özünü və Yaradanını dərk edə bilir.”
    Rəbbim bizə daima Onun nemətlərini xatırlayan kəslərdən qərar versin.
    Əziz gənclər! Qələminizlə yazdlqlarınız Bütün dünyaya səs salsın… Təşəkkürlər Sizə!

Leave a Reply to Sevda Cancel reply