“Qurandan məktub var – 9”

“Qurandan məktub var – 9”

“Dənizdə üzən dağ kimi gəmilər də Onun dəlillərindəndir”. (Şura, 32)

“Ya dalğalara ram olacaqsan, ya dalğaları ram edəcəksən”.

Tarix boyu gəmilərdən yük daşımaq, ticarət etmək, səfərlər etmək, böyük coğrafi kəşflər, dəniz donanması üçün istifadə edilib.

Bəs heç düşünmüsünüzmü nəhəng gəmiləri su üzərində saxlayan, onların batmağına mane olan, tufanlı okeanları belə keçməyinə imkan yaradan təbiət qanunları hansılardır?

Niyə balaca dəmir parçası mütləq suyun dibinə gedir, böyük gəmi isə sakit şəkildə üzür?
Axı o da dəmirdən hazırlanıb, özü də çox ağırdır.

Gəmi üstəlik çoxsaylı şəxsi heyəti, sərnişinləri daşıyır, ona çoxlu yük yığırlar və çəkisi daha da artır.

Bunun sirri sadədir.

Bilirik ki, hava sudan xeyli yüngüldür. Gəminin içərisində, yəni korpusunda hava ilə dolu boşluq var. Hava gəmini batmağa qoymur və onu suyun üzərində saxlayır. Buna görə də, ağır yükdaşıyan gəmilər belə açıq dənizin səthində asanlıqla hərəkət edə bilir.

Maraqlı elm – fizikanın qanunlarında belədir ki, gəmi bir növ onu suyun üzərinə itələyən hava səbəbindən batmır.

Arximed qanununa əsasən, suyun sıxlığı gəminin sıxlığından çox olduğu üçün gəmi batmır.

Gəminin su altında olan hissəsi möhkəm və etibarlı şəkildə bərkidilir.

Gəminin çəkisi bütün gücü ilə onu suyun dibinə çəkir, göyərtəsində olan hava isə, əksinə, onu suyun üzərinə itələyir.

Beləliklə, lazımi balans yaranır və tonlarla çəkisi olan nəhəng gəmi dəniz səthində əzəmətlə üzür.

Sualtı qayıqlar da eyni prinsipə görə suyun dibinə enir.

Gəmi və insan

İnsanı gəmiyə bənzətsək, insanın da gəmi kimi getdiyi yol, istiqamət və hədəfi var.

Hara gedəcəyini bilməyən gəmi suda məqsədsizcə üzər, ən kiçik tufana, dalğaya belə tab gətirə bilməz, çünki kapitan və heyətin konkret götürdüyü istiqamət olmadığı üçün gəmi mürəddəbatı necə həmlələr etməli olduğunu bilməz.

Biz insanlar da əgər hədəf təyin edib, ona nail olmaq üçün planlar qurmasaq suda özbaşına üzən gəmi kimi ora-bura üzərik, amma məqsədə çata bilmərik.

Gəmimizə kapitan lazım.

Hədəfə gedən yolda gəmiyə kapitan lazım olduğu kimi, insana da mentor, yol göstərən rəhbər lazımdır.

Yol rəhbərimiz bizə özümüzü tanımağa, nəyə qadir olduğumuzu, gəmimizin nə qədər yük daşıya bildiyini və nə qədər dalğaya dözə bildiyimizi bizə göstərər, bizim potensialımıza uyğun hədəflər təyin etməyimizə kömək edər.

Gəmimizin kapitanı – Quran

Əgər insan özünə rəhbər və doğru yolu xatırladıcı mentor, müəllim təyin etməsə küləkdə sovrulan yarpaq kimi istiqamətsiz və məqsədsizcə yaşar.

Quranı həyat xəritəmiz edib, ayələrini yolgöstərici nişanələr kimi yolu xatırladan vasitə olaraq görsək, həyatımız daha asan olar.

Gəmi heyəti ən kritik məqamlarda belə, kapitana tabe olmasa həlak olar.

Əleyhinə olan külək və dalğanı lehinə (xeyrinə) çevir.

Dalğa və külək gəmi üçün çox təhlükəlidir, onun istiqamətini dəyişə, yırğalaya, hətta aşıra bilər.

Göyərtədə olanları dalğa apara, güclü dalğa gəmini parçalaya bilər.

Lakin mahir kapitan ən güclü dalğadan belə ustalıqla istifadə edəndir.

Biz də həyatımızda qarşılaşdığımız problemləri, əngəlləri lehimizə çevirməyi öyrənməliyik. Bu həyatımızı xeyli asanlaşdırar.

Daşıya biləcəyindən çox yük götürsən batarsan.

Gəmi bizə diqqətli olmağı öyrədir.

Necə ki, qabına çox su doldursan daşar, eləcə də zehnində çox düşüncələr, istəklər, arzular olsa fikrin haçalanar.

İnsan da daşıya biləcəyindən artıq yük, öhdəlik, məsuliyyət götürməməlidir üzərinə. Yoxsa “gəmisi batar”.

Hədəfimizə çatmaq üçün elmimiz olmalıdır.

Kapitan və heyəti lazımi bilikləri bilməsə gəmini necə idarə edə, çıxan krizləri, böhranları necə həll edəcəyini bilməz.
Gecə ulduzlardan, gündüz günəş və buludlardan yol xəritəsi kimi istifadə etməyi bilməsə yolunu azar. Dalğaları özünə ram edə bilməsə tufanda məhv olar.

Qəlbimizi qaranlıq sahillərindən aydınlıq sahillərə aparan gəmimiz nədir?

Gəmi, bəlkə də, insanı xatırladır, bizə özümüzü göstərir, yolumuzun doğru ya yalnış olmasını deyir bizə. Bəs limanımız haradır? Mayakımız nədir? 

İnsan dünyaya bir sıxıntı ilə, bir təzyiq ilə gəlir, sanki yüklənir. Bu bizim gəmimizin başlanğıc limanıdır, artıq səyahətin vaxtıdır.

Bəs hara səyahət edəcəyik? Hayy Allaha.
Yüklənirik…Və sanırıq ki, batırıq. Amma Allah bizə daşıya bilməyəcəyimiz yükdən artığı ilə yükləməz, əksinə bizi Nura, salama, səyahətə çıxardar.
Unutma! Qəlbinə ilham olunan sənin yükündür.

Öz vəzifəsini yerinə yetirmək üçün gəmi sağlam olmalıdır. Sağlam olmaq ruhu diri tuta bilməkdir.

Dostluğu öyrədən gəmilər
Küləklərin ən yaxın dostu

Külək gəmiyə enerji verir, onu hərəkətə gətirir. Gəmi özünü küləyə təslim edir və əmin olmağı sərgiləyir bizlərə.

Bəs dəniz?
Dənizlər gəmilər üçün yoldur. Amma dəniz o qədər böyükdür ki, gəmilər onun üzərində istədiyi kimi hərəkət edə bilməz. Öz xəritəsi, yolu, çatmaq istədiyi hədəfi var.

Mükaşif olub ən gözəl kəşflərə yelkən açmaq ümidi ilə…

“Qurandan məktub var – 9”

“Nun! And olsun Qələmə və yazdıqlarına…” (Qələm, 1)

Rəbbinin mərhəmətinə görə sən divanə deyilsən..
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır…
və həqiqətən sən gözəl əxlaq üzərindəsən…
…Rəbbin onun yolundan dönənləri və haqq yolda olanları daha yaxşı tanıyır…
…Elə isə haqqı yalan sayanlara güzəştə getmə…
…Bu Kitab aləmlər üçün öyüd nəsihətdən başqa bir şey deyildir.

Qələm surəsi “Nun” ilə başlayır. Nun ن sözü ərəbcə yazılışında mürəkkəb qabı və ona damcılayan nöqtə şəklindədir. Sözün mənası isə bir-birindən çox fərqli səslənən ancaq ilahi məntiqlə bir araya gələn fərqli kəlimələrdir. Götürək elə “balıq” mənasını. Quranda “Zünun” deyə xitab olunan Yunus öz nəfsinə yenilərək balığın qarnına düşür və ” nun” sözü ” semek” və ya ” hut” kimi adi balıqları deyil məhz, Yunusu udan balıq mənasına gəlir. Yunusun tövbəsindən sonra Allahın əmri ilə balıq sahilə yaxınlaşaraq onu buraxır.
Digər mənası, “qılıncın kəskin hissəsi” olan “Nun”-u surədə qələm sözü izləyirik ki, bunu da tərcümə etsək ” And olsun qılınca və qələmə” tərcüməsini alırıq. Yəqin ki, hamımız qələmin gücünün nə qədər kəskin və iti olduğunu yaxşı bilirik.
“Nun” eyni zamanda ərəbcədə cəmlik ifadə edir. Yəni “mən”i “biz” edə bilir.
Zənnimizcə, qələm insanlığa verilmiş ən böyük sərvətdir. Qələmin məhsulu kitabdır, kitabın məhsulu təfəkkürdür, təfəkkürün məhsulu xatırlamaqdır və insan yalnız xatırlayanda özünü və Yaradanını dərk edə bilir.
Sözlərin dilinə çevrilən Qələmlə Allah kainata bir damcı mürəkkəb buraxır. Mürəkkəbdən neçə planet, neçə ulduz, neçə nebula, sistemlər və nəhayət, neçə insan topluluğu yaranır. Bir damcı mürəkkəbdən törənən varlıq Allahın öz kitabının bir səhifəsi kimidir. Öz qələmi ilə insanı yaradan Rəbbimiz elə o qələmlə də neçə tarix yazır.
Öz ruhundan Adəmə üfürdükdən sonra, görünür, öz qələmindən də ona bir zərrə bəxş edir. Yerə enən Adəm Allahın zərrəsini daşıyan o qələmlə öz hekayəsini yazır. Bu gun Adəmin hekayəsinin ardını yazırıq, əlimizdə isə o qələm. Adəm bilirdi, onun davamçıları da öyrənmişdi qələmi və Rəbbi haqqında yazmağın nə demək olduğunu.
Bizə isə bu suala cavab vermək qalıb : Biz mi qələmlə yazırıq ya qələm bizi yazır?
And olsun Qələmə sən divanə deyilsən… Haqq sözü gətirənlər nədənsə bu cür adlanıb. Çünki onlar kütlənin eşitdiyi səslərdə rəngləri görə, gördükləri rənglərdə ahəngi eşidə bilib. Və bu ən böyük məcnunluqdur. Heç təsadüf deyil ki, məcnun və cənnət ikisi də eyni kökdən olub görünməyən deməkdir.. məcnunların görə bildiklərini duymadıqları üçün divanə sayılıb.
Bu ayələr Allahın and içdiyi Qələm – yerin dibini və üstünü, okeanların ənginliklərini, kainatın dərinliklərini Allahın sözüylə sətir sətir yazdığı o qələm şahid çəkilib.. Haqqı gətirib beyinlərdə inqilablar yaradan rəsulların böyük əxlaq üzərində olduğuna və onlar üçün böyük mükafatlar hazırlandığına..
Mənim də o əxlaqda payım varmı? Okeanın ən dibindəki canlılar Qələmə bənzərlikləriylə bizə bir ayə xatırlatdıqları halda Ya Insan? Xaliqin ən gözəl xilqətini özündə daşıyan və alın yazısı ” böyük işlər görməyi bacarmaq” olan insanoğlu özündə Kitabdan hansı kiçik işarəni(ayəni) daşıya bilir?

17 thoughts on ““Qurandan məktub var – 9”

  1. Ən çətin tərbiyyə-düşüncə təmizliyidir. Cəmiyyətin inksafının təməl daşları olan gənclərimizin belə gözəl düşüncəyə sahib olması həqiqətən qürurvericidir

    1. masallah olsun gencler..her yazinizi nece heyranligla oxuyuram bir bilsez…siz bize bir mukafatsiz…hec tefekkur etmediyim movzularda ele gozel arasdirmalar edirsiz ki… Allah sizi tekebburdan,nefsinizin şərinden qorusun insallah…qurur menbeyisiz…

  2. Qələmə and olsun! Sətir sətir yazdıqlarına and olsun. Sən Məcnun deyilsən. Qələm surəsi.
    Yazdıqlarınıza Allah and içir. Allah qələminizə bərəkət versin. Həqiqətən sizin kimi gənclərə şahid olmaq böyük xoşbəxtlikdir. Siz bizim gənclər haqda dualarimızsız. Allah sizi sevsin Əziz gənclər.

  3. “Qələmin məhsulu kitabdır, kitabın məhsulu təfəkkürdür, təfəkkürün məhsulu xatırlamaqdır və insan yalnız xatırlayanda özünü və Yaradanını dərk edə bilir.”
    Rəbbim bizə daima Onun nemətlərini xatırlayan kəslərdən qərar versin.
    Əziz gənclər! Qələminizlə yazdlqlarınız Bütün dünyaya səs salsın… Təşəkkürlər Sizə!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir