“Qurandan məktub var-26”

“Qurandan məktub var-26”

Bəyandan Məktub var!

Qullarıma de ki, ən gözəl sözləri danışsınlar…

İsra 53

Məktubumuza Füzulinin sözləri ilə başlamaq istəyirik.
“İnsan sədəfində sözdən qiymətli gövhər görmədim.” 
Gəlin onun məşhur “Söz” qəzəlindəki mətlə beytə müraciət edək;

“Xəlqə ağzın sirrini hərdəm qılır izhar söz,
Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz”

Hər ləhzə yoxdan var söz, burada yoxluğun bir sözlə var olduğu , sözün necə böyük təsirə malik olduğuna işarə edilir.

Allah-Təala əcdadımız Adəmə hər şeyin adını və danışmağı öyrətdi.
Ən böyük ilahi nemətlərdən birinə, danışmaq imkanına malik olan insan bu ilahi nemətin şükrünü özünəməxsus bir şeylə, yəni gözəl söz danışmaqla etməlidir.

Gözəl danışmaq nədir? 

İlahi həqiqətlərin bədii və ruhani gözəlliklərini sərgiləyən hikmət şəlaləsi.

Nədir söz?

Söz qəlbimizdəki düşüncələrin dilimizdəki qarşılığıdır.
Gözəl qəlb gözəl söz inşa edər. Gözəl söz gözəl düşüncədən doğur.

Quran bizdən necə bir danışma üslubu istəyir ?

Gözəl sözlər danış

…Gözəl söz kökü möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir.
İbrahim 24

Xoş sözlər danış

…onlara xoş söz söylə…
İsra, 23 

…xoş söz deyin…
Nisa 8 

Yumşaq danış

…Onunla yumşaq danışın.
Taha 44 

Doğru danış

…yalan söz­­lərdən də çəkinin…
Həcc 30 

…doğru söz danışın…
Əhzab 70

Hikmətli söz danış

… Boş sözlərdən üz çevirirlər…
Muminun- 3

…onlara təsir göstərə biləcək söz söylə…
Nisa 63

Alçaq səslə danış

… Səsini alçalt…
Loğman 19 

Açıq danış

… Gizli söhbət qadağan edildi…
Mucadilə 8 

Söz sənin mənəviyyatini təmsil edir.
Gözəl söz danışmaq bizim missiyalarımızdan biridir. Gözəl sözlü olmaq məsuliyyətindəyik.

Nitqimizin sərhədləri dünyamızın sərhədləridir.
Biz nitqimizlə həm xeyir, həm də şər əməllərin yaradıcısı ola bilirik. Buna görə Rəbbimizin bizdən istədiyi gözəl söz danışmaqdır ki, qurduğumuz ünsiyyət bağları xeyrə səbəb olsun.

Hər kəlməmizi ibadətə çevirmək öz əlimizdədir, bir gözəl sözlə daş qəlbləri yumşalda, mərhəmət və vicdan duyğularını oyada bilərik həmçinin də öz mənəviyyatımızı qidalandırmış olarıq.Gözəl söz danışmaq ruhun tərbiyəsidir.

Söz toxumdur. 

Yaradıcı Allah hər birimizə gözəl düşünməyi, bir-birimizin qəlbinə gözəl söz toxumları əkməyi nəsib eləsin.