“Qurandan məktub var – 13”

“Qurandan məktub var – 13”

“Adamlardan təkəbbürlə üz çevirmə,yer üzündə lovğa -lovğa gəzib dolanma .Həqiqətən Allah heç bir özündən razını,lovğalanıb fəxr edəni sevməz.” (Loğman surəsi)

Təkəbbür nədir?
Təkəbbür kəbir ( böyük) sözündən yaranıb, özünü hərkəsdən böyük görməkdir. Bu hiss insanın özü hiss etmədən də gizlidən-gizliyə daxildə baş verə bilər.
İlk təkəbbürlənən, böyüklənən məlumdur ki, İblis olmuşdur. Allahın ona “Adəmə səcdə et” sözü qarşısında o özünü üstün görərək itaətdən qaçmışdır. Allah da onu Cənnətindən çıxararaq, kibirlənməyini qəbul etməmişdir. İblis Cənnətdən qovulmasında belə öz günahını görməyib, təkəbbürünə israrla davam edərək bundan daha çox qidalanmışdır. Adəmi günahkar görmüş, qisas almaq üçün doğru yolun qarşısında oturub, Adəm övladlarını azdıracağına söz vermişdi.
Bəs İblis haqqı bilmirmi?
İblis Allahın qüdrətinin və əzəmətinin böyüklüyü və ucalığının fərqindədir, lakin onun təkəbbürü onu düz yoldan çıxarıb inadını artırır.
Təkəbbür simvolu olan Tovuzquşu.
Quşların xilqəti, xüsusilə də tovuz quşları Allahın şah əsəri kimi tanınır. Bu quşu görən hər bir insan Allahın qüdrəti və elmi haqqında fikirləşməyə bilmir. «Sizə nə olub ki, Allahın əzəmətini etiraf etmirsiniz?!» (“Nuh, 13). Allahın yaratdığı quşlar içərisində tovuzquşu ən gözəli, əsrarəngizi və ən qəribəsidir. Lakin sufi ədəbiyyatında tovuzquşu quşlar içində ən paxılı və təkəbbürlüsü sayılaraq təkəbbür simvoluna çevrilmişdir. Tovuz quşunun quyruğunda təxminən 200 lələk olur. Quyruğu böyük olsa da, bu quş 16 km/saat sürətlə uça bilir. Cəm halında yaşayır, bir erkək tovuz quşu da onlara rəhbərlik edir. Erkək tovuz quşunun baharda, yay və payızda gözəl lələkləri olur. Ancaq qış fəslində onun bu gözəl lələkləri tökülməyə başlayır. Erkək tovuzquşları çox təkəbbürlü və paxıl olurlar. Onlar gözəllikləri arxasında göstərdiyi paxıllığın hiddətindən bəzən dişinin yumurtalarını sındırırlar. Çünki dişi tovuzquşu balalarına daha çox məhəbbət göstərə bilər. Tovuzquşları ilk görənlərin diqqətini çəkib onları heyran buraxsa da, yetər ki, ağızlarını açsın səsləri insanda ikrah yaradır, insanı özündən uzaqlaşdırır. Hətta ətrafında olanlara zərər yetirdiyi üçün onları sadəcə dekorativ olaraq istifadə edirlər.
XX əsrin əvvəllərində parkları bəzəmək üçün tovuzquşunu bəzən nadir hallarda saxlayırdılar, elə hesab edilirdi ki, onların xoşagəlməz səsləri və bağlarda yaratdığı zərərlər onun görünüşündəki zövqlə uyğunluq təşkil etmir.
Tövratda və Bibliyada ilan və tovuz quşu haqqında belə deyilir: İblis Cənnətdən qovulduqda, Adəmin də ordan çıxarılması üçün fürsət axtarır, tovuzquşu və ilana bir təklif verir. Bu təklifə görə, cin sehrli bir muncuq olacaq, tovuzquşunun ağzına girəcək və ondan Həvva ilə rastlaşmağı və qadağan olunmuş almanı yeməsini istəyəcək.
Biz bu məlumatdan hansı nəticəni çıxarmalıyıq?
Allah bizi yaratdı və bizə gözəllik bəxş etdi, necə ki, tovuzquşuya əsrarəngiz lələklər bəxş etdi. Tovuzquşuya baxdıqda onun sanki insanlara yanağını çevirdiyini görürük. Çünki baxışlarını arxaya çevirəndə qanadları onu kibirləndirir və özünü yalnız bu gözəllikdə zənn edir. Tovuzquşu ayağına baxanda fəryad qoparır, ayaqlarının gözəl olmadığını bilir. Tovuzquşu sanki məşhur “insanı geyiminə görə qarşıla, bilgisinə görə yola sal” deyimini xatırladır.
Bəli Allahın bizdən istədiyi Yer üzündə təvazökarcasına gəzmək, yanağımızı insanlardan çevirmədən münasibət saxlayaraq, öz mənfiliklərimizi daim göz önümüzdə tutmaqdır. Zahiri gözəllik keçicidir, daxili aləmimizi gözəl saxlamalıyıq. Əsas olan mənən pak olmaqdır. Bədənimizdə olan hər bir hüceyrə yaxşılığa xidmət edərsə təkəbbür də bizim ruhumuzu əlinə ala bilməz. Tovuzquşunun xoşagəlməz səsi də onun təkəbbürlü ruhunun carçısıdır. Çünki hər səsin, sözün bir ruhu vardır. Təkəbbürlülük sözlərimizə , səsimizə neqativ yükləyərək bizim topluma, yaşadığımız dünyaya zərər verməyimizə səbəb olacaq. İnsan əcdadı (Adəm)öz ruhunu təkəbbürdən qorudu, ona görə Allah subhana təala haqlı olaraq buyurdu: “Qəlbində zərrə təkəbbür olan insan Cənnətə girə bilməz.”

4 thoughts on ““Qurandan məktub var – 13”

  1. İlk təkəbbürlənən, böyüklənən məlumdur ki, İblis olmuşdur. Allahın ona “Adəmə səcdə et” sözü qarşısında o özünü üstün görərək itaətdən qaçmışdır. Allah da onu Cənnətindən çıxararaq, kibirlənməyini qəbul etməmişdir. İblis Cənnətdən qovulmasında belə öz günahını görməyib, təkəbbürünə israrla davam edərək bundan daha çox qidalanmışdır

Leave a Reply to Nurlana Cancel reply