“Qurandan məktub var – 13”

“Qurandan məktub var – 13”

“Gözlər Onu dərk etməz. O isə gözləri dərk edər. O, lətifdir,hər şeyi ən incəliyinə qədər bilir və hər şeydən xəbərdardır!”  (Ənam, 103)

Göz nədir? Biz necə görürük ?
Gördüyümüzü necə dərk edirik?
“Ölçü” haqqında heç eşitmisinizmi?
Lətif və xəbərdar sifətinin mənası nədir?
Ayə bizə hansı mesajı çatdırır?

“Lakin gözlər həqiqəti görməz, qəlbi ilə axtarmalı insan”.
(A.S. Ekzüperi “Balaca şahzadə”)

Göz — görmə funksiyasını təmin edən duyğu orqanı. O beyinin bir hissəsi olaraq formalaşır. Bir çox canlı orqanizmdə görmə sinir sisteminin tərkib hissəsi olub, dalğaların işıq diapazonundakı elektromaqnit şüalanmasını qəbul edərək onu elektro-kimyəvi siqnal şəklində neyronlara ötürür. Gözlərimizin diametri 2.5 sm, çəkisi isə 8 qr-dır. Hər bir göz 107 mln hüceyrədən ibarətdir və onların hamısı işığa qarşı həssasdır.
Gözümüz işığı elektrik siqnalına çevirərək beynimizə ötürür, beyin də bu siqnalları görüntüyə çevirir. Göz bədəninizdəki ən sürətli əzələdir və el arasında deyim var: “Bir göz qırpımında”.

Kameralar insan gözünün imitasiyasıdır (təqlididir).

İnsan gözlərini kamera kimi görmək istədiyi obyektə fokuslaya və digər obyeklərin keyfiyyətini aşağı sala (bulanıqlaşdıra) bilir.

İnsan gözü təxminən 10 milyon fərqli rəng ayırd edə bilər. İnsan gözünün görmə hüdudları da çoxdur, lakin sadəcə 400 – 700 nm arası işıqları görə bilir. 20 milli saniyədən aşağı hərəkətliliyi isə görə bilmir. İnsan gözünün görmə tezliyi 50 Hzdır. 18-25 arası Fps görə bilir.

İnsan gözü ətrafdakı hər şeyi 3 ölçülü olaraq görür. Bəs ölçü nədir?

Yəqin ki, bir çox yerlərdə 3D sözü ilə rastlaşmısınız, bu ifadə daha çox rəqəmsal obyektlərin real dünyadakı ölçülərə uyğunlaşdırılması zamanı istifadə olunur. Bəs əslində 3D nədir?

3D – “3dimension” sözündən olub, hərfi mənası “üçölçülü” deməkdir, yəni uzunluq, en, hündürlük – sahib olan obyektler.

Ümumiyyətlə, 0, 1, 2, 3, 4… və daha yüksək ölçülər də mövcuddur. Bunlardan ilk 4 ölçüdə olan obyektləri insan gözü qəbul və dərk edə bilir, 4-cü və daha yuxarı ölçüləri isə insan gözü görməyə qadir deyildir.

Nöqtə heç bir ölçüyə sahib deyil, nə en, nə uzuluq, nə də hündürlük. Ona görə o 0 ölçülüdür, daha sonra iki və daha çox 0 ölçülü obyektin, yəni nöqtənin birləşməsindən 1 ölçülü (uzunluq) obyekt, yəni düz xətt əmələ gəlir. İki və daha çox 1 ölçülü obyekt olan düz xəttin birləşməsindən həm uzunluq, həm də en ölçülərinə sahib (və müəyyən sahəyə) 2 ölçülü obyekt meydana gəlir. İki və daha çox 2 ölçülü, müəyyən sahəyə sahib obyektin birləşməsindən isə 3 ölçülü (uzunluq, en, hündürlük) obyektlər meydana çıxır (real həyatda olan bütün obyektlər insan gözü tərəfindən 3 ölçülü olaraq qəbul edilir).

Gördüyümüz kimi, hər növbəti ölçü özündən əvvəlki ölçüdə olan iki və daha çox obyektin birləşməsindən əmələ gəlir. Başda da qeyd etdiyimiz kimi, insan gözünün dərk edə biləcək gücdə olmadığı 4-cü və daha yüksək ölçülər də mi eyni qayda ilə yaranır?

Bəli, 4-cü ölçüyə çatmaq üçün iki və daha çox 3 ölçülü obyekti birləşdirmək lazımdır. Bu bağı yaradan isə zamandır. Məsələn, bir obyektin 10 saniyə əvvəlki vəziyyəti ilə cari vəziyyəti arasında bizim görə bilmədiyimiz bir əlaqə var, bu zamandır. Daha sonra bu bağ, yəni zamanlar arasındakı əlaqə 5-ci və bu qayda ilə hər növbəti ölçü özündən əvvəlki ölçüdə olan iki və daha çox obyektin birləşməsindən əmələ gəlməklə sonsuzluğa doğru yol alır.

Göz vizual obyektləri dərk etmək üçündür, 4-cü və daha yüksək ölçülərə sahib obyektlər qeyri-vizual ölçülərə (məsələn zaman) sahib olduqları üçün biz onları göz ilə görə bilmirik.

İdrak olunan idrak edəni idrak edə bilməz.

“İstədiyiniz bir şeyə çatmaq” mənasını verən idrak, “həssas bir şeyi qavrayan duyğu orqanı və ya ağlın mücərrəd bir varlığı və ya mənanı qavraması” mənasında metafora olaraq istifadə olunur. Burada istifadəsində hər iki mənanı da əhatə edir;  Başqa sözlə, “Gözlər Onu dərk etməz” ifadəsi ilə Tanrının görünən bir maddi və cismani varlıq olmadığı, onun həqiqi varlığını və təbiətinin başqa bir varlıq tərəfindən tam olaraq bilinib- bilinməyəcəyi açıqlandı. Bu ifadə ilə maddi cisimləri, bütləri, heykəlləri, rəsmləri ilahiləşdirən və onlara ilahiliyi və müqəddəsliyi aid edərək sığınacaq və qorxduqları bir güc mənbəyi hesab edən bütün dinlər, inanclar və bunlara əsaslanan münasibətlər rədd edilir.

“Əl- Habir” isminin isə mənası belədir:
Hər şeyin iç üzündən, gizli tərəflərindən xəbərdar olan, baş verən və baş verəcək olanları ən yaxşı şəkildə bilən, mülkündə baş verən hər şeydən xəbərdar olan.

Lətif sözünün bir neçə mənası var:
1) Verdiyini az, xalqın itaətin çox sayır;
2) Dəqiq işlərin gizli tərəfindən xəbərdarlıq və hər incəliyi ayırd edir;
3) Zərif və nadir şeylərin xaliqi;
4) Vəfa əhlinə mükafat verən, cəfa əhlini bağışlayan.

Lətif və habir Allahın istəklərindəndir. Lətif adı, Allah’ın qullarına sevgi, şəfqət, dözüm, bəxşiş və lütf ilə çox mərhəmətli olduğu və xüsusən, Habir adı ilə birlikdə istifadə edildiyi zaman “hər şeyi ən incə detallara qədər mükəmməl bilən” mənasını verir. 

İmam Rza (ə.s) buyurmuşdur: “Düşüncə və xəyallar Allahı əhatə etmir. Onun zatı dərk olunası deyil”.

Allah heç vəchlə görünməz. Baxın ki, həzrət Musa xalqın istəyi ilə Allahı görmək istədikdə hansı cavabı aldı?

“Gözləri dərk etməz” dedikdə Onun insan baxışlarından xəbərdarlığı nəzərdə tutulur. Necə ki, “səmi`” və “bəsir” dedikdə Allahın eşidilən və görülənlərdən xəbərdar olması anlaşılır.

Bəşər sözü həm göz, həm də bəsirət mənalarını bildirir. Bu əsasla ayəni belə mənalandırmaq olar. Nə zahiri göz Allahı görə bilir, nə də qəlb onun mərifəti dərinliyinə varır.  Bəsirət odur ki, insan dünyada olan yaxşılıqları görməyə başlar və onu Allahın təcəllisi hesab edər.

İmam Əli (ə) buyurur: “Nə zaman bəsirət gözü kor olar, gözün görməsinin faydası olmaz”.

Göz bizə Allahın verdiyi nemətdir. Gözümüzlə onun yaratdıqlarını görüb, qəlbimizlə hiss edirik. Bir sözlə qəlbimizə gedən yol gözümüzdən keçir.

Bəs görmək üçün mütləq gözlərləmi baxmaq lazımdır?

Yox!

Gözlərini yumub, hiss edə bilməkdir əsl görmək.

Könül gözümüzdən baxsaq, insanları, bitkiləri-dünyanı hiss etmək mümkündür. Faciə fiziki cəhətdən kor olmaq deyil, faciə könül gözümüzün bağlı olmasıdır.

Biz Allahın yaratdıqları arasında kiçik zərrələrik. O zərrə ki, köksümüzdə döyünən qəlbimizə dünyaları sığdıra bilər və dünyaya könül gözümüzdən baxa bilərik.

Bizdən məsafələrlə uzaq və görmək imkanımız olmayan bir insanın duyğularını hiss etmək, onun nə yaşadığını təxmin etmək – bir çoxumuz yaşamışıq bu vəziyyəti. Bəs buna nə deməli? Bax, əsl görmək budur.

Əziz oxucu, unutmayaq ki, Allahın ayəsi bir dəryadır, biz sizə o dəryadan sadəcə bir damla təqdim etdik. Üzərində təfəkkür etmək və daha çoxunu araşdırmaq sizin ixtiyarınızdadır.

Gözlər beyinin aynasıdır. Göz görər, beyin dərk edər. Gəlin biz də beyin olaq və gördüyümüz həqiqətləri dərk edək!

“Qurandan məktub var – 13”

“Adamlardan təkəbbürlə üz çevirmə,yer üzündə lovğa -lovğa gəzib dolanma .Həqiqətən Allah heç bir özündən razını,lovğalanıb fəxr edəni sevməz.” (Loğman surəsi)

Təkəbbür nədir?
Təkəbbür kəbir ( böyük) sözündən yaranıb, özünü hərkəsdən böyük görməkdir. Bu hiss insanın özü hiss etmədən də gizlidən-gizliyə daxildə baş verə bilər.
İlk təkəbbürlənən, böyüklənən məlumdur ki, İblis olmuşdur. Allahın ona “Adəmə səcdə et” sözü qarşısında o özünü üstün görərək itaətdən qaçmışdır. Allah da onu Cənnətindən çıxararaq, kibirlənməyini qəbul etməmişdir. İblis Cənnətdən qovulmasında belə öz günahını görməyib, təkəbbürünə israrla davam edərək bundan daha çox qidalanmışdır. Adəmi günahkar görmüş, qisas almaq üçün doğru yolun qarşısında oturub, Adəm övladlarını azdıracağına söz vermişdi.
Bəs İblis haqqı bilmirmi?
İblis Allahın qüdrətinin və əzəmətinin böyüklüyü və ucalığının fərqindədir, lakin onun təkəbbürü onu düz yoldan çıxarıb inadını artırır.
Təkəbbür simvolu olan Tovuzquşu.
Quşların xilqəti, xüsusilə də tovuz quşları Allahın şah əsəri kimi tanınır. Bu quşu görən hər bir insan Allahın qüdrəti və elmi haqqında fikirləşməyə bilmir. «Sizə nə olub ki, Allahın əzəmətini etiraf etmirsiniz?!» (“Nuh, 13). Allahın yaratdığı quşlar içərisində tovuzquşu ən gözəli, əsrarəngizi və ən qəribəsidir. Lakin sufi ədəbiyyatında tovuzquşu quşlar içində ən paxılı və təkəbbürlüsü sayılaraq təkəbbür simvoluna çevrilmişdir. Tovuz quşunun quyruğunda təxminən 200 lələk olur. Quyruğu böyük olsa da, bu quş 16 km/saat sürətlə uça bilir. Cəm halında yaşayır, bir erkək tovuz quşu da onlara rəhbərlik edir. Erkək tovuz quşunun baharda, yay və payızda gözəl lələkləri olur. Ancaq qış fəslində onun bu gözəl lələkləri tökülməyə başlayır. Erkək tovuzquşları çox təkəbbürlü və paxıl olurlar. Onlar gözəllikləri arxasında göstərdiyi paxıllığın hiddətindən bəzən dişinin yumurtalarını sındırırlar. Çünki dişi tovuzquşu balalarına daha çox məhəbbət göstərə bilər. Tovuzquşları ilk görənlərin diqqətini çəkib onları heyran buraxsa da, yetər ki, ağızlarını açsın səsləri insanda ikrah yaradır, insanı özündən uzaqlaşdırır. Hətta ətrafında olanlara zərər yetirdiyi üçün onları sadəcə dekorativ olaraq istifadə edirlər.
XX əsrin əvvəllərində parkları bəzəmək üçün tovuzquşunu bəzən nadir hallarda saxlayırdılar, elə hesab edilirdi ki, onların xoşagəlməz səsləri və bağlarda yaratdığı zərərlər onun görünüşündəki zövqlə uyğunluq təşkil etmir.
Tövratda və Bibliyada ilan və tovuz quşu haqqında belə deyilir: İblis Cənnətdən qovulduqda, Adəmin də ordan çıxarılması üçün fürsət axtarır, tovuzquşu və ilana bir təklif verir. Bu təklifə görə, cin sehrli bir muncuq olacaq, tovuzquşunun ağzına girəcək və ondan Həvva ilə rastlaşmağı və qadağan olunmuş almanı yeməsini istəyəcək.
Biz bu məlumatdan hansı nəticəni çıxarmalıyıq?
Allah bizi yaratdı və bizə gözəllik bəxş etdi, necə ki, tovuzquşuya əsrarəngiz lələklər bəxş etdi. Tovuzquşuya baxdıqda onun sanki insanlara yanağını çevirdiyini görürük. Çünki baxışlarını arxaya çevirəndə qanadları onu kibirləndirir və özünü yalnız bu gözəllikdə zənn edir. Tovuzquşu ayağına baxanda fəryad qoparır, ayaqlarının gözəl olmadığını bilir. Tovuzquşu sanki məşhur “insanı geyiminə görə qarşıla, bilgisinə görə yola sal” deyimini xatırladır.
Bəli Allahın bizdən istədiyi Yer üzündə təvazökarcasına gəzmək, yanağımızı insanlardan çevirmədən münasibət saxlayaraq, öz mənfiliklərimizi daim göz önümüzdə tutmaqdır. Zahiri gözəllik keçicidir, daxili aləmimizi gözəl saxlamalıyıq. Əsas olan mənən pak olmaqdır. Bədənimizdə olan hər bir hüceyrə yaxşılığa xidmət edərsə təkəbbür də bizim ruhumuzu əlinə ala bilməz. Tovuzquşunun xoşagəlməz səsi də onun təkəbbürlü ruhunun carçısıdır. Çünki hər səsin, sözün bir ruhu vardır. Təkəbbürlülük sözlərimizə , səsimizə neqativ yükləyərək bizim topluma, yaşadığımız dünyaya zərər verməyimizə səbəb olacaq. İnsan əcdadı (Adəm)öz ruhunu təkəbbürdən qorudu, ona görə Allah subhana təala haqlı olaraq buyurdu: “Qəlbində zərrə təkəbbür olan insan Cənnətə girə bilməz.”

4 thoughts on ““Qurandan məktub var – 13”

  1. İlk təkəbbürlənən, böyüklənən məlumdur ki, İblis olmuşdur. Allahın ona “Adəmə səcdə et” sözü qarşısında o özünü üstün görərək itaətdən qaçmışdır. Allah da onu Cənnətindən çıxararaq, kibirlənməyini qəbul etməmişdir. İblis Cənnətdən qovulmasında belə öz günahını görməyib, təkəbbürünə israrla davam edərək bundan daha çox qidalanmışdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir