Qurandan məktubun var!
Əminik ki, Kainat, Yaradılış, Göylər və Yer səni hər zaman düşündürən, müzakirələrə səbəb olan bir mövzudur. Quranda bu mövzu üzərinə bir çox yerdə ayətlər keçir. Bugünki məktubumuzda Hud surəsi bizə bələdçilik edəcək.
…Ərşi su üzərində ikən, göyləri və yeri altı gündə yaradan Odur…
Hud 7.
Göylərin və yerin altı gündə yaradılışı necə baş verib?
Ayətdə keçən gün ifadəsi bizim qəbul etdiyimiz bir gün=24 saat mənasında işlədilmir. Yer və günəş yaranmamışdan əvvəl bir günü günəşin batışı və doğuşu mənasında işlətməyimiz doğru olmaz. Burda nəzərdə tutulan 6 gün 6 mərhələ, 6 dövr mənasında işlədilir.
Gəlin Göylərin və yerin yaradılışının 6 mərhələsinə nəzər salaq.
- Planck mərhələsi – 10(-⁴³) saniyə olaraq hesablanan vaxt- BigBang teoremi. Kainat- sıx, özlü,sonsuz sayda kiçik məkana sıxılmış forma
- Kosmik maye mərhələsi – qravitasiya, nüvə, elektromaqnit qüvvələrin yaranması nəticəsində atom altı zərrəciklər -proton, neytron, elektron, kvarklara ayrılması
- Elektron mərhələsi- BigBangdan bir saniyə sonra ani inflyasiyanın təsiri nəticəsində elektron cütləri(elektron-pozitron) yaranır. Elektronla pozitiv elektron bir araya gəldikdə bir-birini yox edir və yüksək enerji ortaya çıxır.
- Radiasiya mərhələsi – işıq və istilik halında yayıla bilən foton enerjisi
- Maddənin yaradılışı mərhələsi -hidrogen atomunun yaranması. 2 hidrogen atomunun bir helium atomuna çevrilməsi
- Ulduzlar və qalaktikalar mərhələsi – elementlərin yaranması, maddə və enerjinin sabit hala gəlməsi.
Bu mərhələlərin nə qədər zaman çəkdiyini bilmək çətindir.Bəlkə bir neçə saniyə, bəlkədə milyon, milyard illər…
Yer kürəsində həyatın yaranma mərhələlərinə nəzər salaq.
1. İlkin bombarduman
2. Yer alov topu olur, vulkanlar
3. Lavalar soyumağa başlayır, yerin təbəqələri yaranır
4. Su yaranır, okeanlar yaranır
5. Su canlı orqanizmlərin yaranması üçün mühit təmin edir, ilk canlı orqanizmlər sianobakteriyalar yaranır
6. Həmin sianobakteriyalar oksigenin yaranmasını təmin edir və həmçinin atmosferin yaranması üçün zəruri kimyəvi elementlər yaradır
7. Bunlar tədricən vulkanlardan qalan zərərli qazları təmizləyir və atmosferi yaradır.
Bu mərhələlər bizə bir işi görən zaman ən xırda detallarına qədər düşünmək, ən kiçik parçasından başlamaq və hissə-hissə, planlı şəkildə səbrlə, əzmlə, inamla, şükürlə, sevgi ilə görməyi örnək gostərir.
Ərş nədir ? Ərş müəyyən bir məkandırmı?
Ərş -hərfi mənası “yüksəklik, yüksək yer, tavan, ev, çadır” mənasındadır. Həmçinin “kralın taxtı, hökmranlıq, şan, şərəf” kimi başa düşülür.
Ərş dedikdə varlıq aləmini Öz qüdrəti altında saxlayan Allahın hakimiyyəti nəzərdə tutulur. Bu hakimiyyət ən yüksək təbəqədə deyil bir bütünün içindədir. Yalnız bütöv halda baxa bilsək bir şeyə hakim ola bilərik.
Ərşi su üzərində ikən…
Bir zərrə sudan yaranmışıq, canlı aləm sudan asılıdır. Göylər, yer, yaşadığımız mühit, torpaq, bədənimiz, beynimizin içi, qanımız, hüceyrələrimiz ən kiçik hissəciklərində belə su vardır. Suyun tərkibi isə iki həcm hidrogen və bir həcm oksigendən ibarətdir. Yəni başlanğıcda dediyimiz hidrogen atomundan. Sudan yaranıb suyun həyat verdiyi torpağa geri dönürük.
Ərşin, suyun, göylərin, yerin və bunlarda olan hər şeyin yaradılış məqsədi məsuliyyətlə yüklənən insanı imtahan etmək və bunların içində ən gözəl əməl işləyənləri seçib ortaya çıxarmaqdır.
Bu imtahandan gözəl nəticə ilə çıxmaq duası ilə…