“Qurandan məktub var-12”

“Qurandan məktub var-12”

Qurandan məktub var!

Dəniz- sonsuz sevgi, aydınlıq, fərahlıq, şəffaflıq, dalğa, duyğu, nemətlər…

Onun dəlillərinin bəzisini sizə göstərməkdən ötrü dənizdə gəmilərin Allahın neməti sayəsində üzdüyünü gör­­mürsünüzmü? Şübhəsiz ki, bunlar səbrli olanlar və şükür edənlər üçün bir ibrətdir.

Loğman 31

1. Allahın dəlilləri (ayələri) nədir?

Ayə- açıq əlamət, dəlil, ibrət, işarə mənalarını ifadə edir və bir qanunun və məqsədin mövcudluğunu göstərən əlamətdir. Demək ki, Allah dənizdə gəmilərin üzməsi ilə bizə bir qanun və məqsədin mövcudluğunu göstərir.

2. Necə olur ki, gəmilər dənizdə üzür? Gəmilərin dənizdə üzməsinə səbəb olan qanun və məqsəd nədir?
Gəmilərin dənizdə necə üzə bildiyini təsəvvür edə bilmək üçün içi su ilə dolu olan qaba atılan cisimi araşdıraq. İçi su ilə dolu olan qabın içindəki hər hansı bir nöqtədəki təzyiqin suyun dərinliyindən asılı olaraq dəyişdiyini nəzərə alaq (P=ρgh). Suyun dərinliyi (yəni h) təzyiqin qiymətinə (yəni P-ə) təsir edir. Həmçinin təzyiq maye içindəki cismə bir istiqamətdə deyil də hər tərəfdən təsir edir. Təzyiqin düsturunu daha yaxından araşdırsaq
P=ρgh-da P- təzyiq, ρ- mayenin sıxlığı və h- təzyiq göstərilən səthin nə qədər dərinlikdə olduğunun göstəricisidir.
İndi isə suyun içinə (bütün tərəfləri b olan) bir cisim daxil edək. Mayeyə daxil edilən cismə maye tərəfindən sağdan, soldan, aşağıdan və yuxarıdan təzyiqlər təsir edəcək. İlk növbədə cismə sağdan və soldan təsir edən təzyiqlər üçün baxdığımız zaman görürük ki, burada sağ və soldan olan təzyiqlər üçün cismin h-ı eyni və mayenin ρ-u eyni olur və bu təzyiqlər bir-birinə bərabər olduğundan bir-birini tarazlaşdırırlar. Amma aşağıdan və yuxarıda qeyd olan səthlərə təsir edən təzyiqlər üçün isə dərinlik müxtəlif qiymətlər aldığından, həmin təzyiqlər nəticəsində yaranan qüvvələr də müxtəlif qiymətlər alır. Bu qüvvələrin qiymətinin hansının böyük olmasına görə cismin üzmə şərti yaranır. Amma cismin üzməsi üçün təkcə qüvvələr fərqi yox, həmçinin cismin sıxlığı ilə suyun sıxlığı arasındakı fərq də təsir edir. Əgər cismin sıxlığı mayedən az olarsa, cisim mayenin səthinə çıxır və üzmə halı alır.
Dənizin- suyun sıxlığı içinə düşən cismə hər tərəfdən təzyiqlər göstərir. Suyun içində dərinliyə gedən cisim sıxıntılar içində itir. Amma cismin öz sıxlığı nə qədər az olsa, molekulları arası məsafəsi olarsa, suyun səthi ilə üzə bilər. Sıxıntılar içində olub da öz sıxıntıları da əlavə olunmuş olsa suda batar (sıxıntılara qərq olar).

Təzyiqlər ilə cismi formaya salan dəniz sıxıntılarımızdan qurtularaq, yerini hava ilə (nəfəs ilə) dolduraraq ona gəlməyimizi istəyir.

Mənfilərdən qurtulmaq, həlim olmaq və mənfilərin yerinə müsbətləri qoymaq Rəbbə əminliyə aparır.

İsanın əminliyi və enerji balansındakı nizamı dənizin üzərində gəzməsinə imkan verdi.
Qəlbdə olan dərin duyğular qəlbə genişlik verir, sıxıntılarımızdan xilas edir. Sıxıntılarından xilas olan qəlb üzərək, suyun göstərdiyi təzyiqə üstün gələ bilər.

3. Gəmilər necə hazırlanır?

Yuxarıda dediyimiz fiziki qanuna uyğunluqlara əsasən gəmilərin istehsalı zamanı 3 əsas şərt nəzərə alınır:
1. Yuxarı və aşağı səthlərin sahələri
2. Cisimin yuxarı və aşağı səthlərinə təsir göstərən təzyiqlərin dərinlikdən asılı olaraq dəyişməsi
3. Cisimlə mayenin sıxlığı arasındakı fərq

Bunlara əsasən gəmilər hazırlanarkən gəminin korpusunda hava ilə dolu boşluqlar qoyulur. Və həmçinin gəminin alt səthinin sahəsi üst səthinə nisbətən daha kiçik olur ki, bu Arximed və ağırlıq qüvvələri arasında fərq yaradır ki, qaldırma qüvvəsi üstün gələrək cismi mayenin səthinə itələyir.

4. Gəmilərin üzməsində səbir edən və şükür edənlər üçün hansı ibrətlər var?
Gəlin baxaq, səbr və şükür edənlər kimlərdir? Onlar üçün hansı ibrətlər var?
Səbir Allaha əminlik, imandır. Allaha əmin olanlar, iman gətirənlər səbir edər. Səbirin sonu salamdır. Rüştə çatmaq üçün səbir göstərmək gərəkdir.
Bəs şükür nədir? Şükür Rəbbinin nemətlərinə təşəkkür edə bilməkdir. Rəbbimizin verdiyi nemətlərdən razı qalaraq qəlbimizdən keçən təşəkkür hissi, minnətdarlıq hissidir.
İbrət nədir? İbrət nəticə çıxarmaq, ibrət almaq, nümunə götürməkdir.
Ayədə Rəbbimiz səbir və şükür edənlər üçün ibrət olduğunu vurğulayır.

5. Bəs bu ibrət nədir?

Görək biz sıxıntılarımızdan qurtulub dəryada üzə biləcəyik yoxsa dünya dərdləri içində batacağıq?
Öz ağırlığımızdan qurtulmaq üçün boşluq atmalıyıq araya , o boşluq da səbr və şükürlə olur.
Biz dənizə saf duyğularla, niyyətlə girəcəyik yoxsa özümüzlə dünyanın ağırlığını götürəcəyik?

Sıxıntılardan qurtulmaq..
Sıxlığı azaltmaq yerinə hava almaq…
Nədir hava?
Fərahlıq verən, hay olan…
Fərahlıq nədədir?
Allahın kamil kəlmələrinin idrakında…
Qəlbdən mənfi yüklərin çıxarılması və yerinə müsbət yükün daxil edilməsi fərahlığa, əminliyə, səbrə, şükrə-Fəlaha aparır.

Allahın qüdrətinin sonsuzluğuna şahidlik nemətlərə şükürdür.