“Mütaliə terapiyadır” kitabının təqdimatı baş tutdu

“Mütaliə terapiyadır” kitabının təqdimatı baş tutdu

07 iyul Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Cığır” MDID İB-nin həyata keçirdiyi və 6 ay boyunca ölkəmizin müxtəlif guşələrində Oxu sədasını yayan “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” layihəsi çərçivəsində hazırlanan və Agentliyin maliyyə dəstəyi ilə nəşr olunan “Mütaliə terapiyadır” adlı kitabının oxucu kütləsi qarşısında təqdimat tədbiri baş tutdu.

Tədbir dəvətimizə məmnuniyyətlə icabət edən dəyərli qonaqlar və birliyin qəlbi mütaliə işığını yaymağa tələsən könüllü kollektivinin iştirakı ilə “Libraff” kitab evi Park Akademiya filialında keçirildi.

Bizimlə bərabər, bu uğurumuza, gənclərin böyük şövq və sevgi ilə hazırladığı kitabın təqdimatında keçirdiyimiz xoşbəxt duyğulara ürəkdən şərik olmaq üçün iştirak edən qonaqlardan Mədəniyyət Nazirliyi məsul nümayəndə Kamran Musayev, Milli Cəbhə Partiyasının Sədri Millət vəkili Razi Nurullayev və müavini Murad Alışov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini Hikmət Məmmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndəsi Yusif Bağırov, Millət vəkili Aydın Mirzəzadə, ADU-nun müəllimi Türkan Abbasova, tədqiqatçı və təhsil fədaisi Günay Məmmədova, Xətai MKS işçisi Təranə Quliyeva, “Libra” nəşriyyat evinin müdiri Veysəl Məmmədov, 7 nömrəli Peşə liseyi rəhbəri Elsevər Salayev, İslamşünaslıq elmi tədqiqat mərkəzinin rəhbəri professor Əsədulla Qurbanov, sosioloq Rəşad Ağalı iştirak etmiş, qonaqlarımız gələcəyə iz salmaq adına çalışan gənclərimizin fəaliyyəti ilə bağlı düşüncələrini paylaşaraq nitq söylədilər.

Tədbirin aparıcıları, həmçinin kitabın hazırlanmasına könül qoyan dəyərli gənc könüllülərimizdən Xanım BabayevaElbəy Əliyev kitabın hazırlanması, tərtibatı prosesindən, kitabın bölmələri, daxilində yer alan məqalələrdən, könüllülərin məktublarından, əmanətlərin esselərindən məlumatları iştirakçılara böyük coşqu ilə çatdırdılar.

“Cığır” birliyinin sədri Yeganə Mirzəyeva, “Cığır” idarə heyətinin üzvü Sevinc Məmiyeva, “Cığır” birliyinin təsisçisi Gülnar Rüstəmovanın çıxışları böyük maraqla və diqqətlə qarşılanmış, xoş duyğular yaratmışdır. Tədbirdə eyni zamanda şəhid polkovnik Qərib Baxşəliyevin həyat yoldaşının çıxışı da insanlara oxu təşviqində gözəl örnək olmuşdur. Tədbir “Mütaliə terapiyadır” kitabının birlik sədri tərəfindən xoş arzu və dualarla imzalanması ilə başa çatdı.

Bu dəyərli tədbirin həyata keçirilməsinə xüsusi, özən və diqqətlə şərait yaratdığı üçün “Libraff” Nəşriyyat evinə dərin təşəkkürümüzü bildiririk!