“Milli-mənəvi dəyərlər və mədəni irsin təbliği” layihəsi üzrə növbəti fəaliyyət həyata keçirilib.

“Milli-mənəvi dəyərlər və mədəni irsin təbliği” layihəsi üzrə növbəti fəaliyyət həyata keçirilib.

Mədəniyyət Nazirliyinin qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş “Milli-mənəvi dəyərlər və mədəni irsin təbliği” layihəsi üzrə növbəti fəaliyyət həyata keçirilib. Layihə çərçivəsində Şəki şəhərindən olan ata himayəsindən məhrum uşaqlar və onların anaları üçün şəhərin tarixi məkanlarına ekskursiya təşkil edilib.

Ziyarət zamanı iştirakçılar ilk olaraq dünya əhəmiyyətli memarlıq abidəsi olan Şəki Xan Sarayında olublar. Təlimçi Elbəy Əliyev ailələrə şəbəkə sənətinin incəlikləri, bu sənətin Azərbaycan memarlığındakı yeri və ornamentlərin simvolik mənaları barədə ətraflı məlumat verib.

Ekskursiyanın davamında iştirakçılar “Süsən” kəlağayı evini ziyarət ediblər. Burada kəlağayı irsinin tarixi və naxışların fəlsəfəsi ilə tanış olan ailələr, yerli ustaların rəhbərliyi ilə keçirilən master-klassda yaxından iştirak ediblər. Onlar ənənəvi texnika ilə naxış vurulması və təbii rənglərin hazırlanması prosesini əyani şəkildə öyrənib, sonda isə muzey eksponatları ilə tanış olublar.

Göstərdikləri dəstəyə və yaradılan şəraitə görə “Süsən” kəlağayı evinin rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk.