Ailə başçısını itirmiş ailələrin maddi baxımdan yaşadığı çətinliklərin ən önəmlisi uşaqlara təhsil verilməsidir. Yaxından tanış olduğumuz və müşahidə etdiyimiz əmanət abituriyentlər arasında kifayət qədər potensiallı gənclər var. “Cığır” MDİD İB olaraq artıq bir neçə ildir ki “Təhsil təqaüdü” layihəmizi həyata keçirərək bu potensialın böyüməsinə və inkişafına dəstək olmağa çalışırıq. (Ətraflı məlumat üçün: “Təhsil təqaüdü”)
İlk dəfə 2021-ci ildə abituriyent əmanətlərimiz arasından bacarıqlı gənclərimizi seçmək və onları daha yaxından tanımaq üçün “Mənim məqsədim” layihəsini həyata keçirdik. Layihə eyni zamanda abituriyentləri ictimai birliklə daha yaxından tanış etmək, onlarda sağlam həyat məqsədi formalaşdırmaq, sosial məsuliyyət və fərqindəlik hissi formalaşdırmaq, xəyal dünyalarını zənginləşdirmək kimi bir sıra məqsədlərə xidmət edir.
“Gələcək məqsədi olanların ovuclarındadır.”
Təhsil almağı hədəfləyən əmanət abituriyentlərimizi plan və proqramı tələbə, pedaqoq və psixoloq heyəti tərəfindən hazırlanan 3 günlük təlimə dəvət edirik. 3 gün müddətində abituriyentlərimiz birliyimizin əsas layihələri ilə yaxından tanış olurlar və layihənin məqsədinə uyğun təlim, təqdimat, vörkşop və terapiyalar həyata keçirilir.
Layihənin sonunda uşaqlara hədiyyələr verilir və təhsil təqaüdü ilə təmin olunmaq üçün potensiallarına uyğun maliyyə ayrılır.