“Kitab bağı” kafemizdə tədqiqatçı-jurnalist Böyükağa Mikayıllı ilə görüş keçirilib.

“Kitab bağı” kafemizdə tədqiqatçı-jurnalist Böyükağa Mikayıllı ilə görüş keçirilib.

Görüşdə “Cığır” İB təsisçisi, BDU, İslamşünaslıq ETM aparıcı elmi işçisi, fil.ü.f.d., Yeganə Mirzəyeva, idarə heyəti üzvləri və İB nəzdində yaradılan və ataları dünyasını dəyişmiş uşaqların təhsilinə dəstək göstərən “Salam yurdu” təlim-tədris mərkəzində könüllü şəkildə müəllimlik edən gənclər iştirak ediblər.

Çıxış üçün sözü alan Böyükağa müəllim əvvəlcə müxtəlif universitetlərdə pedaqoji ixtisas üzrə təhsil alan tələbələrlə tanış olub, daha sonra pedaqoji fikir tarixi, dünyanın müasir və qabaqcıl təhsil müəssisələri, qlobal təhsil sistemi və s. ilə bağlı bir çox tədqiqatlarından bəhs edib.

“Məktəbəqədər və ibtidai təhsil” jurnalının baş redaktoru Böyükağa Mikayıllı gənclərlə pedaqogika haqqında dəyərli fikirlərini və əhəmiyyətli təcrübələrini bölüşüb. O belə vurğulayıb: “Əziz gənclər, sizin yiyələndiyiniz müəllimlik peşəsi olduqca məsuliyyətli peşədir. Siz özünüzü buna görə dəyərli və şanslı hiss etməlisiniz. Bu gün xüsusi sevgi və məsuliyyətlə pedaqoji görüşdə iştirakınız işıqlı gələcəyimizdən xəbər verir. Mən sizin gözlərinizdə bu parıltını görürəm”.

Böyükağa müəllim gəncləri həmçinin bu sahə üzrə tədqiqatlar aparmağa, yeniliklər kəşf etməyə, çoxlu elmi məqalələr yazmağa şövqləndirib, qeyd edib ki, “Öyrənməyi sevin, öyrəndikcə insan xoşbəxt olur”.

B. Mikayıllı görüşün sonunda gənclərə bu şərəfli və məsuliyyətli yolda hər zaman dəstək verməyə hazır olduğunu bildirib və uğurlar arzulayıb.