“Qurandan məktub var-5”

“Qurandan məktub var-5”

“Hikmətdən məktubun var!” 

Gecə də onlar üçün bir dəlildir. Biz gündüzü ondan sıyırıb çıxardarıq və bu zaman onlar qaranlıqda qalarlar.
Yasin 37

İlk öncə ayədəki “sıyırıb çıxardarıq” feilinə nəzər salaq: ərəbcə “nesleğu” feili dərini üzmək, qabığı soymaq, çıxarmaq mənasında işlədilir.
Günəşi sıyırıb çıxarmaq ifadəsində – Günəş əgər olmasa kamilləşə bilmərik, qaranlıqda istiqamətimiz, yolumuz, inancımız, ümidimiz olmaz.

Gəlin düşünək! Gecə nədir? Gecədə hansı dəlillər ola bilər? Gündüz olmazsa nə baş verər ? 
Gecə və gündüz, qaranlıq və aydınlıq …

Gecə özlüyündə bir varlıq deyil, işığın yoxluğudur.
Gecə və gündüz bir-birini əvəz etmir, var olan gecədir, qalaktika qaranlıqdır, günəş kimi minlərlə ulduzlar, göy cisimləri varki onlar daxilində gedən reaksiyalar nəticəsində işıq və istilik ayırır. Yer işıq mənbəyinin ətrafında daim hərəkətdə olduğu üçün qaranlıqdan işığa çata bilir. Biz tərəfi qaranlığa qərq olarkən, digər tərəfi aydınlıq olur. Amma hətta bu qaranlıqda da işığa çatmanın bir müjdəçisi, ümid mənbəyi olan Ay nişanəsi var. Yer minilliklərdir hərəkətdədir, Günəşin ətrafında yorulmadan, usanmadan dövr edir, yanır, yetər ki faydalı olsun. Qoynuna sığınanlar canlansın.
Kamilləşmək üçün yanmaq lazım və yandığın zaman ətrafını aydınladırsan, işıq olursan.

Kainat genişləndiyi üçün bu işıqların bir-birinə və yer kürəsinə çatması min, hətta milyon illər zaman alır. Günəş isə yer kürəsinə yaxın olduğu üçün onun istiliyi və işığı bizlərə daha tez çatır.
Gecə və gündüzün yaranma səbəbi Yer kürəsinin daim hərəkətdə olmasıdır. Bu biz insanlara bir dəlil ola bilər, Allah bizdən daim hərəkətdə olmağımızı istəyir. Gecə və gündüzün bir-birini izləməsi bizlərin də hərəkətdə olmağımızı və daimi hərəkəti analiz edib bir-birini izləməsini sorğulayaraq yeni kəşflərin qapısını açmağı öyrədir.

Gündüz və gecənin bir-birini izləməsi, qaranlıq və aydınlıq, yin və yanq…  İki ziddiyət bir araya gəlir və birlik olurlar. Fərqlilik yaranır. Mahiyyət fərqliliklərin münasibətində ortaya çıxır. Kainatdakı hər şey ziddi ilə var olur. Birinin varlığı digərinin yoxluğu ilə önə çıxır, dəyər qazanır.

Gecə başlanğıcdır. Bütün başlanğıclar, hətta Günəşin doğuşu belə ən zifiri qaranlıqdan sonra olur.

Gecə bədən, cisim, Günəş isə sanki bir ruhdur. Cisim və ruh bir-birini tamamlamalıdır. Ruhumuzun Günəşi isə sevgidir.  Sevgi olmazsa cismimiz qaranlığa qərq olar, qaranlığı yarıb keçən, ruhumuzu aydınladan bir işıq olmaz.

Ruhumuzun sevgi ilə qalması diləyi ilə, xeyirli sabahlar!