“Gözəl düşüncə”də növbəti mövzumuz “Quşlar – təbiətdə və Quranda”

“Gözəl düşüncə”də növbəti mövzumuz “Quşlar – təbiətdə və Quranda”

“Yer üzündəki bütün canlılar və iki qanadı ilə uçan varlıqlar sizin kimi ümmətdirlər” (“Ənam” surəsi, 38).
Bizləri hər zaman fərqli və bənzərsiz təfəkkür səyahətinə çıxaran, gözəl düşünənlərin sevimlisi olan “Gözəl düşüncə” layihəsi bu dəfə də qəlbimizi və düşüncəmizi fikir səmasında uçurdu. ADU tələbəsi və “Cığır” İB könüllüsü Xanım Babayevanın təqdimatında sirlərlə dolu yaradılış və nizama sahib olan quşlar haqqında dolğun bilgilərə sahib olduq. Necə olur ki onlar havada qanad saxlaya bilir? Yoxsa quşlar arasında rabitə var?
Uca Yaradanın xüsusi gözəlliklə yaratdığı quşlara Quran prizmasından yanaşıb, onların adının keçdiyi ayələrin hikmət və sirrinə bələd olduq. Həyatımıza gözəllik qatan bu möcüzəvi canlıların xüsusiyyətləri, növləri, yaşamı və qidalanma tərzi kimi nüanslara da toxunmağı unutmadıq. Eyni zamanda Biomimikri (təbiəti yamsılama) adlı müasir elm sahəsindən söhbət açaraq, təbiətdə var olan “ideyaların” tətbiq olunmasında quşların əhəmiyyətindən danışdıq. Bir daha aydın oldu ki, quşların ağılalmaz uçuş texnikaları, çıxardığı heyrətamiz səslər, insanlara verdikləri fayda və digər amillər, əlbəttə ki, Allahın hikmət və fəzilətindən başqa bir şey deyil. Hər birimizə bir qanadı səbr, digəri isə şükür ilə uçan quş olmağı dua edirik.