Tətilin ilk günü Azərbaycanda Cümhuriyyətin 100 illiyinə həsr olunmuş tədbirdə toplandıq.Uşaqların vətənpərvərlik mövzusundakı çıxışları,ifa etdikləri şer və səhnəciklər hər kəsin böyük rəğbətinə səbəb oldu.
Hər birinin ifasında bir və eyni mesaj vardı: “Vətən mənəm və gələcək mənimlə çiçəklənəcək.”
Azadlığı, müstəqilliyi özündə əks etdirən “Cümhuriyyət tədbiri”miz uşaqların həmişə sevincinə səbəb olan tort kəsməklə, tamamlandı. Onu da xüsusilə vurğulamaq istərdik ki, bu tort uşaqlara AMEA Coğrafiya İnstitutunun hədiyyəsi idi. Dəstəyi keçən hər bir kəsə təşəkkür edirik.
İkinci günümüzü əmanətlərimizlə birlikdə İsmayıllı rayonunda, piknikdə şən oyunlarla, maraqlı müsabiqələrlə, “Diriliş” – flaşmobunun nümayişi ilə keçirdik.
Hər ailəyə bayram bazarlığı,qurban əti verildi.
Üçüncü gün “Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi”ndə qədim tariximizi bir daha ehtiramla yad etdik.
2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın açıq səma altında yaradılmış nadir muzeylərindən olan bu qədim tikilimizdə eramızdan əvvəl 3-cü minillikdən bu günə qədər Qala kəndində yaşayan əhalinin həyat tərzi,yaşayış evləri,5 məscid,3 hamam və sair canlı olaraq qorunub saxlanılmışdır.
Uşaqlar maraqlı mənbələrdən əldə olunan istinadlara əsasən məlumatlandırıldılar.
Dördüncü gün əmanətlərimizlə “Şəhidlər xiyabanı”nda Azərbaycanda Cümhuriyyətin 100 illiyinə həsr olunmuş “Can borcu” tədbirində toplandıq.
Tədbirin əsas mahiyyəti,Azərbaycanın müstəqilliyi uğrunda canlarını tərəddüd etmədən qurban etmiş Nuru Paşanın rəhbərlik etdiyi “Qafqaz İslam Ordusu”nun türk əsgərlərinin şücaətini çatdırmaq idi.
Daha sonra yuxarı sinif şagirdləri ilə bərabər “Üfüqə doğru” tədbirində “məktəb – təhsil – mərifət” mövzusunda kiçik elmi-seminar keçirildi.
Seminar daim maddi və mənəvi dəstəyini əmanət balalarımızdan əsirgəməyən “Şadurvan Çay Evi”ndə baş tutdu.
Müdiriyyət və bütün işçilərə təşəkkür edirik.
Günün sonunda Bakının qədim küçələrini birlikdə gəzdik, Şirvanşahlar, Qız qalası muzeylərinə ekskursiya etdik.