Azərbaycan Respublikasının QHT-lərə Dövlət dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə ilk dəfə işğaldan azad edilmiş vətən torpağımızda – Zəngilanda “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” keçirildi. Forumda “Cığır”MDİD İB də daxil olmaqla, 200-ə yaxın QHT təmsilçiləri iştirak edib. 24-25 iyun tarixlərində keçirilən Forum “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində təşkil edilmişdir. İki gün davam edən Forumda “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər”, “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları”, “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzularında panel müzakirələri təşkil olunub. Silahlı Qüvvələr Günü münasibətilə Qubadlıda Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində möhtəşəm tədbir proqramı keçirilib. QHT nümayəndələri həmçinin Laçın rayonuna da səfər etmişlər. Forumun ikinci günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə “Yaşıl Dünya Naminə Azərbaycan QHT-lərinin Həmrəylik Müraciəti” ünvanlanıb. Sonda Azərbaycanın doğma Zəngilanında inşa edilən, mədəniyyət incisi olan Zəngilan məscidilə tanış olub dualar edilib, birliyimizin təsisçisi Yeganə Mirzəyeva forumdan böyük ümidlər və xoş təəssüratlarla ayrılıb.
Bu tədbir Şərqi Zəngəzura gedən yolun ilk müjdəçisi olaraq qiymətləndirilə bilər. Növbəti illərdə Zəngəzurda, İrəvanda belə tədbirlərin keçirilməsinə ümid edir, Ali Baş Komandanımız cənab İlham Əliyevə dövlət siyasətinin uğurlu nəticələrindən dolayı təşəkkür edir və Allahdan cənab prezidentimizə güc, qüvvət diləyirik. Şəhidlərimizin ruhu şad olsun!