“Salam Yurdu” TTM tərəfindən keçirilən 2 həftəlik yay məktəbi universitet və könüllü tələbə kollektivindən ibarət heyətlə, kəşf dolu xəzinələrin yer aldığı uşaqlarla, öyrədici və əyləncəli dərslərlə başa çatdı.
2 həftəlik proqram çərçivəsində ibtidai siniflər üçün ingilis dili, əyləncəli riyaziyyat, master- klas, psixoloji qrup terapiyası, nağıl, film, rəsm saatı, mərifət və digər dərnəklər həyata keçirilirdi.
V-VII siniflər üçün isə ingilis dili, dizaynın əsasları, mərifət dərnəyi, mütaliə saatları, film, rəsm saatları, qrup terapiyası, pantomim və digər dərnəklər ilə onların daxillərində olan potensialı görməsi üçün cəhd etdik.
Uşaqların ağız zövqünə uyğun şəkildə, sevgi və xoş sözlərlə hazırlanan təamlarla yay məktəbi boyunca menyumuz bir masa arxasında səmimi gülüşlərin sehrinə boyandı.
Yay məktəbimizin son günü balaca dostlarla “Omar” atcılıq mərkəzinə ekskursiya təşkil etdik.
Atları yaxından seyr edən balaca səyyahlar onlara toxunaraq mərhəmətin, qəlb isintisinin, xoş bir təbəssümün sahibinə çevrildilər.
Yay məktəbi boyunca könüllü müəllim heyəti uşaqlar üçün dərdlənərək, “onun qəlbində gözəllik toxumunu necə əkə bilərəm?” Və daha çox suallar ətrafında düşünərək planlar, məqsədlər tərtib edərək, hər uşağa individual yanaşmağa, onları dinləməyə, sevgi, qayğı göstərməyə diqqət göstərdi.
Tanıdığımız hər bir uşaq bizim üçün gül bağçasındakı ən nadir çiçəklər kimi özəl idi. Onları yaxından tanımaq və gözəlliklərini kəşf edərək bu istiqamətdə irəliləmək hər birimizin mənəvi dünyasına da çox böyük təsirlər buraxdı.
Ümid edirik ki, faydalı olmaq naminə çıxdığımız bu yolda bir addım atmış olduq, təşəkkür edirik, əziz dostlarımız və balaca dostlarımızın valideynləri. Nə yaxşı ki sizinlə bərabər “Oxu” cığırına addım atmağımız üçün bizimlə birgə oldunuz!