Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi və “Cığır” birliyinin qardaşlıq, mərhəmət, xeyir adına göstərdiyi nümunəvi addım.

Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi və “Cığır” birliyinin qardaşlıq, mərhəmət, xeyir adına göstərdiyi nümunəvi addım.

30 aprel tarixində “Cığır” MDİD ictimai birliyi dövlətçilik siyasətinə və ənənələrinə sadiq qalaraq cəmiyyətdə müsbət sosial təsir yaratmağa hədəflənmiş növbəti layihəsini icra edib. Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin rəhbəri Kadir Bektaşoğlunun təşəbbüsü və Birliyin birlikdə təşkilatçılığı ilə məktəblilər arasında sosial məsuliyyətin aşılanması, sosial problemlərin həllində ictimai iştirakçılığın təbliği və bu sahədə maarifləndirmə istiqamətində mühüm sosial hadisə gerçəkləşib.

Ata himayəsindən məhrum uşaqların ali təhsil almalarına dəstək məqsədli Birlik daxilində yaradılan “Elm ümmandır” təhsil təqaüdü proqramı çərçivəsində könüllü xanımların hazırladıqları ev təamları, şirniyyatlar, eyni zamanda Birliyin sosial sahibkarlıq layihə məhsullarının məktəbin bufetində satışı keçirilmişdir. Bütün məktəb kollektivinin, müəllimlərin, şagirdlərin şövqlə bu layihədə iştirakı və dəstəyi, yaxşılıq etmənin gözlərdə yaratdığı sevinc və xoşbəxtlik, məktəbin idarə heyətinin, müəllimlərinin xüsusi təşəbbüsü məktəbdə öyrədilən dəyərləri ən gözəl şəkildə əks etdirirdi. Toplanan məvaciblə yanaşı, gün ərzində məktəb bufetindən gələn qazanc da müdiriyyət tərəfindən qeyd olunan uşaqların təhsili üçün ianə edildi.

Kadir müəllimə Azərbaycan dövlətçiliyinə, Türkiyə-Azərbaycan qardaşlığına verdiyi hər töhfəsinə görə mənəvi dəyərlərin inkişafı adına təşəkkürümüzü bildiririk. Kadir müəllimin ətrafında toplaşan müəllim heyəti və onların yetirmələrinin özəl təfəkkürü və mərhəmətli həyat şəkilləri insanların yaxşılığa ehtiyacı olmasının bariz nümunəsidir. Azərbaycan təhsilində belə innovativ rəhbərliyin olması sevindirici hal olmaqla bərabər bizlərə də belə məktəblərin açılması və saylarının artması üçün böyük motivasiyadır.

Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin bütün kollektivinə – məktəbin idarə heyətindən tutmuş, müəllim kollektivi, valideynlər, şagirdlər – mənəvi dəyərlərə sahib ali təhsilli insanların yetişməsi missiyasında Birliyə dəstəklərindən dolayı təşəkkür edir, onların dövlət, insanlıq sevgisini qəlblərdə bu şəkildə yansıtmaqla hər kəsi xeyrə şahid edərək sosial məsuliyyətləri ilə örnək olacaqlarına inanır, yeni cığırlar açacaqlarına, digər məktəbləri də xeyirdə yarışa dəvət edəcəklərinə ümid edirik.

Orta məktəblərimizin belə təşəbbüsü ali bir niyyətə qapı açmaq, sosial rifah, dövlətçilik ənənələrimizin gücləndirilməsi, gələcəyimiz olan gənclərin sağlam rifahı üçün əvəzsiz bir xidmətdir.