Şəhidlərimizin əmanətləri ilə görüş keçirildi.

Şəhidlərimizin əmanətləri ilə görüş keçirildi.

Qələbə – sevgidir.
Hər özünə “azərbaycanlıyam” deyən insanın qəlbində bu günlərdə qəhrəman şəhidlərimizə qarşı sonsuz bir sevgi var. Heç bir vaxt üzünü görmədiyimiz və  tanımadığımız bu igidlərə qarşı izahı olmayan bir sevgi hiss edirik. Kitabımızda deyilir ki Allah bir insanı seçib sevirsə onu bütün ətraf sevir. Allahın sevgisi insanın uca məqamını və özəlliyini bildirir, onun yaxşılığına, xeyrə şahid olmasını bildirir. ŞƏHiD məhz belə insandır.
20 noyabrda “Cığır” İB son günlər ərzində  tanış  olduğu şəhid ailələri bir araya topladı. Şəhidlərimizə böyük ehtiramını, sevgisini “Cığır” ailəsi bizə əmanət qalan ailələrə çatdırdı. Psixoloq və pedaqoq kollektivimiz uşaqlar və analara onların bizim üçün necə dəyərli olduğunu, tutduğu yüksək “şəhid ailəsi” adının qürur və vüqarla fərqləndiyini bir daha bildirdilər. Müxtəlif yaşlı əmanətlərlə maraqlı oyunlar təşkil edilmişdi. Uşaqlara hədiyyələr təqdim olundu.
Zaman keçəcək hər şəhid haqqında kitablar yazılacaq, heykəllər qoyulacaq, bulaqlar çəkiləcək…bu əmanətlər böyüyüb özləri gözəl insan olacaqlar. Vacib olan bizi müşahidə edən şəhidlərin ailəsinə lazım olan zaman harda olduğumuzdur, necə dayaq olduğumuz, hansı sözlər dediyimizdir…
Ömür bəlli nəfəs sayının illər sapına inci kimi düzülmüş bir nemətdir. Hər insanın payına düşən sayılı miqdarda fürsətdir. Bizim şəhidlər bu fürsəti ətrafa salamı yaymağa, sülhü bərqarar etməyə sərf etdilər. Onlar Vətənə olan sevgisini canları ilə sübut etdilər.