“Cığır” MDİD ictimai birliyinin təşkilatçılığı və polkovnik-leytenant şəhid Qərib Baxşəliyevin həyat yoldaşı Gülnarə Baxşəliyevanın təklifi ilə yeni layihəyə imza atılıb. “Şəhid ərməğanı” adlı layihənin məqsədi millətimizin rifahı adına fədakarlıq edən şəhidlərin ailələrinin həssas qrup nümayəndələrinə dəstək adına bir araya gələrək xeyriyyə tədbiri təşkil etməsidir. Şəhid Qərib Baxşəliyevin büstü önündə keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İB-nin sədri Yeganə Mirzəyeva yeni layihə haqqında ətraflı məlumat verib. Şəhidin xanımı Gülnarə Baxşəliyeva çıxış edərək şəhidin xeyirxah əməllərini davam etdirməkdən qürur duyduğunu vurğulayıb. Tədbirdə aprel döyüşləri şəhidi Tural Qurbanovun xanımı Afaq Qurbanova, şəhid polkovnik-leytenant Rəşad Quliyevin xanımı Aytən Quliyeva və övladları da iştirak ediblər.
Tədbirdə Birliyin üzvlərinin və aztəminatlı ailələrin əl işləri, ikinci əl kitabların satış sərgisi təşkil edilib, eyni zamanda həssas qrup nümayəndələrinin hazırladığı qutablar satışa təqdim olunub. “Allah yolunda öldürülənləri əsla ölmüş sanma, onlar diridirlər, Rəbbləri qatında ruzilənirlər” ayəsinə müvafiq olaraq, şəhid adına – onun dəvətinə toplaşan insanların ianələrinin bir qismi ata himayəsindən məhrum uşaqların təhsilinə, bir qismi isə qardaş Türkiyədə zəlzələdən zərər çəkənlər üçün AFAD-a yönləndiriləcək.
Cəmiyyətdə mənəvi dəyərlərin inkişafı, sağlam ünsiyyətin formalaşması, mərhəmət, şəfqət, empatiya kimi emosional zəkanın inkişafına təkan verən dəyərlərin formalaşmasına xidmət edən belə layihənin keçirilməsi əhali arasında rəğbətlə qarşılanıb. Digər şəhid xanımları da böyük şövqlə bu layihəni keçirmək istədiklərini qeyd ediblər.