İki illik aradan sonra “Cığır” İB ailəsi olaraq Ramazan ayında əmanətlərimizlə toplu şəkildə keçirilən iftarlarımıza qovuşduq.
Üzümüzdə sevinc, qəlbimizdə şükürlə Ramazan iftarlarımızın əvəzedilməz qonaqları- dul analarımız və əmanətlərimizlə unudulmaz 26 iftar süfrəsində cəm olmaq xoşbəxtliyini yaşadıq.
Ümumilikdə 500 əmanətə ramazan hədiyyəsi çatdırıldı.
Uşaqlarla könüllü müəllimlər tərəfindən iftar öncəsi şükür, təşəkkür, xeyirxahlıq mövzusunda ibrətlik söhbətlər aparıldı. İftar saatında ən səmimi duyğularla Vətənimizə, millətimizə və bütün dünyaya uşaqların dilindən sülh, əmin-amanlıq duaları edildi .Bununla yanaşı Ramazan ayına özəl dizaynda hazırlanmış köynəklər, könüllü gənclərimiz tərəfindən hazırlanan, içərisində kiçik yaşlı əmanətlər üçün çeşidli şirniyyatlar, böyük yaşlı əmanətlər üçün isə qeyd dəftərləri qoyulan Ramazan qutuları böyük sevgi ilə təqdim edildi.
Uşaqlar tədbir boyu Qurani Kərimdən “Ey Rəbbim, məni müvəffəq et, valideynlərimə verdiyin nemətə şükr edim və mənə razı qalacağın əməllər nəsib et!” (Əhqaf 15) ayəsini ən gözəl şəkildə yazaaq, boyayaraq rəngli çərçivələrə qoyaraq Ramazan hədiyyəsi kimi xatirə saxladılar.
Eyniz zamanda Ramazanın günlərində 3 şəhid ailəsində təşkil olunan iftar süfrələrində iştirak etdik.Şəhidlərimizin əziz xatirəsini həyatımızın bütün anlarında, xalqımıza xas olan ən əziz günlərimizdə, bayramlarımızda yada salmaq və ruhlarına dualar oxumaq bizlərin ən ümdə vəzifəsidir.
Ramazan ayında “Cığır” İB yeni bir layihəyə cığır açdı. Dul analar “Cığır” İB-nin himayəsində ata və ana qayğısından məhrum əmanət balalar üçün nəzərdə tutduqları “Mənim ailəm” layihəsi ilə öz mərhəmət və şəfqət qanadlarını balalarımızın üzərinə açaraq onlara mənəvi ana olmağa niyyətləndilər.
“Mənim ailəm” layihəsi çərçivəsində 4 ailə ziyarət edilərək onlara Ramazan sovqatları aparıldı, bərabər iftar edildi.
Xeyirsevərlər tərəfindən verilən qurbanlıqlar kəsilərək sahiblərinə çatdırıldı.
İftar süfrələrində əməyi keçən hər bir xeyirsevərə təşəkkür edir, mallarına ruzi-bərəkət diləyirik!