“Qurban bayramı-2022”

“Qurban bayramı-2022”

Daha bir Qurban bayramı əmanətlərimizlə yaşandı!

Bayram sevincini, xoşbəxtliyini bölgələrdəki əmanət ailələrimizə çatdırmaq üçün birliyimizin könüllü kollektivi xeyir ətrafında cəm olmağa tələsdilər.

Ağdaş, Qəbələ, İsmayıllı rayonlarında ailələr ilə baş tutan bayram görüşündə uşaqların qəlbinə könüllülərlə birgə oynadıqları oyunlarla, qurbanın əhəmiyyəti, mahiyyəti haqqında edilən söhbətlərlə, təşkil edilən mütaliələrlə, birgə kəsilən bayram tortuyla sevinc yaşatdıq, onların mənəvi dünyalarına bircə-bircə nəzər yetirdik.

Artıq neçə ildir bir çox əmanətin sevincinə səbəb olan “Velosipedim” layihəsi bayram günündə də əmanətlərin təbəssümünə səbəb oldu! Belə ki Bakıda 2, İsmayıllı rayonunda 3, Şəki rayonunda 1, Oğuz rayonunda 1 ümumilikdə isə 7 ailəyə velosiped hədiyyə edildi.

“Oxumadığın gün qaranlıqdasan” şüarı ilə rayonlarımızda “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” layihəsi çərçivəsində balaca dostlarımızla bərabər oxu saatı da təşkil etdik. Atif Səmədov adına Kötüklü orta məktəbində, Oğuz rayonu Baş Daşağıl kitabxanasında, Kərimli, Ərmənət və Sincan kəndlərində, Şəki Baş Layısqıda, Şabalıd kəndində könüllülərimiz ilə birgə kitabların ruhundan pay almağa səy göstərdik. Bununla yanaşı balaca mütaliəsevər dostlarımıza da kitablar hədiyyə etdik. Həmçinin də “Luca” filmini heyrət və maraqla izləyən əmanətlərimiz unudulmaz anlar yaşadı.

Yaşanılan xoş anlar və paylaşılan bütün gözəlliklər faydalı olmağın mahiyyətini bir daha hafizəmizdə möhkəmlətdi.

Bayramda bizə əmanətlərimizin çöhrəsində gülüş yaratmağa şərik olmaq üçün “Aqro Mix” də qoşuldu.

Kənd təsərrüfatı tədarükü və təchizatı ilə məşğul olan Aqro Mix MMC-nin bayram sovqatı olaraq 100 paket meyvə məhsulları hədiyyə edərək incə addımı ilə əmanətlərimizin qəlbini sevgisi ilə isitdi Duyarlı, xeyir adına yarışması və birliyimizə göstərdiyi dəstək üçün “Aqro MİX” MMC-yə dərin təşəkkürümüzü bildiririk!

Dəyərli xeyirsevərlərimizin ianə dəstəyi ilə kəsilən qurbanları da rayonlardakı və Bakıdakı ailələrimizə bayram sovqatı olaraq çatdırmaqdan sevinc və məmnunluq yaşadıq.