“Qurandan məktub var – 8”

“Qurandan məktub var – 8”

“Nun. And olsun qələmə və yazdıqlarına!” (Qələm, 1)

Hələ heç birşey yox ikən Allahın “Ol” sözü vardı və birdə ki Qələm. “And olsun Qələmə” dedi Uca Allah və qələmi şahid çəkərək bir yazı yazdı. O yazıda bütün külli-aləm yer aldı.
Ən kiçik hüceyrəsindən tutmuş ən böyük qalaktikalara kimi qələmin yazdıqları ərsəyə gəldi. O yazıda Sən də yer aldın. Hətta ən böyük qəhrəman da Sən oldun.
Sonra Sənin içindəki kainatı yazdı qələm. O qədər böyük idi ki yazın, ağaclar qələmə, dəryalar mürəkkəbə köməyə gəldi.
Və yenə də Allahın sözləri, yazdıqları bitib tükənmədi.
Ağac aciz qaldı, Dərya aciz…
“Kafü Nun ن dan vücuda gəldi cahan,
Əgər anlar isən, əyandır söz.”
Nun hərifi Qələm surəsindən başqa heç bir surənin əvvəlində keçmir.
Dünyanın yaradılışı üçün deyilmiş iki kəlmədən biri “Kün”-un əsasını təşkil edən “Kaf və Nun” Yaradanın bütün yaradılışı “Kaf nə Nun”da yaratdığına işarədir. “Nun”un özəlliyi nöqtədir, nöqtəsiz “nun” “nun” deyildir. Kainatın yaranışı da kiçik bir zərrədən, bir nöqtədən başladı və davam edir. “Nun” ərəbcədə cəmlik yaradır. Yəni “mən”-i “biz” edir.
Nun kimi sevmək gərək dünyanı, çünki Nun ن iki qolu arasında insanları sarmalayan, onu qoruyan dünyaya bənzəyir. Bu bənzətmə isti yay günündə bulaq suyu içərkən aldığımız həzzi verir. Tərcümədə “cənnət bulağı” mənasına gələn Nun- la təsadüfdürmü bu?..
O kiçik nöqtə isə insandır. O insan ki, bu cahana sığmayır…
“Ərşlə fər şu kafü nun, məndə bulundu cümlə çün,
Kəs sözünü və əbsəm ol, şərhü bəyanə sığmazam.”
Dünya bizim üçün yazıldı, biz də onun üçün.
And olsun Qələmə və yazdıqlarına!
Qələm və kitab- İnsanın barmaqları arasına qoyulmuş iki qanad. Tarixin süzgəcindən həqiqətləri əbədiyyətə daşıyan və bir-birinə bağlı iki ip. Allahın ilk iki əmri, ruhun dili və qulağı. OXU əmrini endirdikdən sonra, Rəbbimiz YAZ deyə buyurur. Bildiyin həqiqətləri, şahid olduqlarını, duyduqlarını kitaba köçür ki, tarixi vərəqləyənlər oxuya bilsin. Qələmlə yazılanlar əsrlərdir insanı zaman və məkan məhdudiyyətindən çıxararaq onun ən dəyərli mirasına çevrilir.
Kitabın mayası olan qələm insanı inqilablar etməyə, dəyişməyə və sonsuz duyğular aləminə aparır.
Qələm bir insanın ən böyük sərvətidir. Qələmlə ya dirildər, ya da basdırarıq.
Ən dəyərli nemət olan bilgi insanlara qələmin verdiyi qanadla çatdırılır.
Yazmaq, fikirlərimizi və elmimizi bölüşmək üçün hər tərəfimiz bu gün qlobal yazı platformaları ilə zəngindir. “Bir cümlə öyrəndiyində onun haqqını öyrədərək verə bilərsən”- Allahın bizə öyrətdiyi kəlmələri paylaşmaq üçün o zaman nə bizə mane olur? Qələmimizlə qorxu və nifrətin üzərinə qara bir xətt çəkib, dünyanın yeni səhifəsini daha gözəl xətlə yazmaq üçün Allah əlimizdəki qələmə and verir.
Demək ki, nəzərədə tutur ki, qələm vasitəsi ilə nunlar birləşib söz olur. Necə ki insanlar birləşəndə cəmiyyət olur. Tək nöqtə ancaq biz olanda yəni digər nöqtələrlə birlikdə olduqda daha faydalı olur.
Deməli Nun ن kimi sevməyi öyrənməliyik.
Qələm sadəcə yazan deyil, qələm dəyişən və siləndir. Ən gözəlini yazıb, ən çirkinini silmək duasıyla… özümüzdən və sözümüzdən!

15 thoughts on ““Qurandan məktub var – 8”

  1. Ey aşiqi olduğum ayədən xəbər gətirənlər!
    Qələm sizə şahid olsun!
    Könülləriniz qələmin mehi, sərinliyi ilə bir ömür boyu mütmain olsun. Qələm çağırışınız, mayakınız olsun.
    Bütün qələmlər “Məktub var”ın mayakı ilə cığır açsınlar.✨

    1. And olsun qələmə ki, aldığınız bu yol sizə möhtəşəm cığırlar açacaq. Qələminiz hər daim yazmaqla şərəfləndirsin sizləri. Siz bizim ümidimiz və gələcəyimizsiz.

  2. Rəbbimin lütfü və razılığı üzərinizə olsun. Siz gənclər yaxşılığı əmr edib pislikdən çəkindirirsiniz.Bu arasdırmalar yeni gənclikdə yeni Cığır açır.

  3. Əziz gənclər!
    Rəbbim Sizin qələminizə elə bərəkət versin ki, insanların qəlblərini yazılarınızla fəth edib onların bir daha düşünmələrinə vəsilə olasınız.
    Qələm Sizin ən böyük sərvətiniz olsun…

    1. Heç bir təfsir kitablarında yaşamadığım heyranlığı yaşayıram oxuyanda..
      Deyəsən bu məktub layihəsi sonunda cildlərlə təfsir kitablarına dönüşəcək. Məncə insanların buna ehtiyacı var 🙂

  4. Sevgi mərhəmətin toxumudur,mərhəmət sevginin meyvəsi.Qəlbləri sevgi ilə çırpınan gənclərimiz,qələminizdən tökülən kəlmələr insanliğa daim məlhəm olsun.Sizlərlə fəxr edirik

Leave a Reply to Gulnarə Cancel reply