“Qurandan məktub var – 25”

“Qurandan məktub var – 25”

“Aralarından sözü keçərli biri dedi: “Yusifi öldürməyin! Əgər hökmən nə isə edəcəksinizsə, onu bir quyunun dibinə atın ki, karvanlardan biri onu tapıb aparsın”. (Yusif surəsi, 10)

“Xain qardaşları onu aparıb quyuya atmaq qərarına gəldikdə biz ona belə vəhy etdik: “Sən onlara bu əməlləri barəsində gözləmədikləri bir halda xəbər verəcəksən”. (Yusif surəsi 15)

Bizim işimiz quyu qazmaq deyil, Henri, bizim işimiz quyuya atılmış Yusifdən ibrət almaqdır. (Nemətulla Yıldız)

Yusif surəsi insanın necə kamil ola biləcəyindən bəhs edir. Allah kamil insanı Yusif peyğəmbərin timsalında təsvir edir.
Yusif surəsi sanki Quranı açan surələrdəndir. Onu başa düşəndə Quranın batini aləmi insanın üzünə açılar.

  • 1.Niyə quyuya atıldı!

Yusifin qardaşları onun məqamına, ağlına və istedadına dözə bilmədi, həsəd və qısqanclıqdan fəsad çıxardılar.  Bəzi qardaşları etdiklərinin səhv olduğunu bilsə də sükutu seçdi və zülmə səssiz qaldı. Buradan belə ibrət var ki, Allah sadəcə zülm etməməyi yox, həm də zülmün qarşısında səssiz qalmamağımızı da istəyir. Yəni sükunət də zülmə şərik olmaqdır.

Belə sual yarana bilər sizdə ki, Allah sevimli bəndəsinə niyə quyunu rəva bilir. Bu sualın cavabı növbəti suallarda öz əksini tapacaq.

  • 2. Hz. Yusif quyuda nə etdi?

Yusifi işıqlı aləmdən qaranlıq aləmə-quyuya atdılar.
Amma o qaranlıq aləm onun işığına çevrilərək quyunu aydınlatdı.
Quyudan qorxduğu üçün çıxmaq istəyirdi, amma Allah tərəfindən ona vəhy gəldikdən sonra qorxusu azaldı.

Yusif salamı yaymaq izzəti ilə şərəfləndi.

Yusifi axtarmaq üçün gəlmişdilər, lakin həmin an Allah Yusifə yuxu verdi ki, orada olduğu bilinməsin, çünki quyudan qurtulmaq vaxtı gəlməmişdi.

  • 3. Quyu nəyi simvolizə edir?

Quyu ona missiyasını öyrədən, yada salan, onu peyğəmbərliyin ilk toxumlarına dəvət edən çağırış idi. Yeni həyatın başlanğıcı idi.
Dərinlərə enmək yüksəlməyin başlanğıcıdır.

Quyu dünyadır, ya özümü tapacam bu quyuda, ya da quyunun qaranlıqlarında qərq olacağam.

Quyu Yusifin qorxusuna qalib gəldiyi məkan idi.
Quyuya atılanda hər nə qədər qorxurdursa, əslində quyunun içində bir o qədər rahat idi.

Yusif quyuda təfəkkür etdi, quyuda zikr etdi Rəbbini, Yaradanına əminliyi artdı.

  • 4. Bizim hansı quyularımız var?
  • 5. Quyuda olanda nə edirik?
  • 6. Necə qurtuluruq ordan?

Quyuya düşmədən yüksək məqama çata bilməz insanoğlu.
Mənim quyum məni aydınlığa çıxaracaq sıxıntıdır.

Həqiqi özümüz elə bizim quyumuzdur.
Bizim quyumuz daxilimizə enib özümüzü görməkdir, kəşf etmək, özümüzlə tanış olmaqdır.
Rəbbimizin göstəricisi daxilimizdəki o quyudadır.
Quyumuza enib özümüzü tanısaq necə gözəl olar hər şey.

Quyu nə deməkdir?

Quyu Allahın bizə olan sevgisi və ümididir.
Bizə verdiyi fürsətdir özümüzü tanımaq üçün.
İnsanoğlunu özünə yaxınlaşdırmaq üçün vasitədir.
Quyumuz bizə ilk çox qorxulu və qaranlıq gələcək. Sonra aram-aram bu qorxu azalacaq, yerini Rəbbinə əminlik əvəz edəcək.
Sən Quran nuruna qovuşacaqsan!

Bu artıq xilasdır, ipdir, ey Adəmoğlu!
Cəhddir… Duadır…
İp-xilas-ixlas
Sənin ixlasına səbəb olan ip sənin xilasın olacaq.

Lakin iplə bitmir hər şey, quyudan xilasımız, ixlasımız yalnız ipin məqsədindən aslıdır.

Bizi quyudan çıxaran ip Qurandır.
Dünyaya gəldiyimizdə biz də o quyunun dibinə girərik. Sonra  Quran ipi bizi o quyudan çıxarar.
Quranda elm var, dirilik var və gətirdiyi bir səbir var. Onlar bizi yavaş-yavaş quyudan çıxarar.
Bizi Allahın həqiqətinə doğru oyandırar.

Bəs sən içindəki quyunu kəşf edə bilmisənmi, ey dost?

“Qurandan məktub var – 25”

“Allahdan başqa özlərinə dost (hami) qəbul edənlər özünə yuva qurmuş hörümçəyə bənzəyirlər. Evlərin ən zəifi isə, şübhəsiz ki, hörümçək yuvasıdır. Kaş biləydilər!” (Ənkəbut, 41)
Ənkəbut surəsi adını hörümçəyin adından götürüb.
Hörümçək toru zəif bir sığınacaqdır. Bu, onun payına düşən sığınacaq olsa da qərib ziyarətçilər ücün tələdən başqa bir şey deyildir. O hətta “ev əhli” üçün ölüm yatağıdır. Çünki dişi hörümçək çoxalma prosesi üçün onu ziyarət edən “erkəyi” , çoxalma – ziqot mərhələsində balalarını yeyir. Balalarının bəziləri də digərlərini yeyir. Allahdan başqasına sığınanlara bundan daha gözəl bənzətmə ola bilməz!

“Quran”ın ifadə tərzindəki dəqiqliyə baxaq ki, hörümçək evinin ən zəif ev olduğu vurğulanır, ipinin zəif olduğu deyil! Biz müasir dövrdə bilirik ki, hörümçək torundakı iplər eyni qalınlıqdakı iplərdən dörd dəfə daha qüvvətlidir. Zəiflik ipdə deyil, məhz evdədir!

Ayənin sonunda “Əgər bilsəydilər” buyurulur. Bu ifadə onun çox sonralar elm tərəfindən bilinəcək bir həqiqət olduğunu bildirir, xəbər verir. Bu ayə Məkkədə nazil olduğuna görə, Peyğəmbərimizin (s.ə.s.) Mədinəyə hicrəti əsnasında mağarada gizləndiyi vaxt, bir hörümçəyin mağaranın girəcəyini toru ilə hörüb müşrikləri çaşdırdığı o xariqüladə hadisəyə də işarət vardır.
Sonunda, “əgər müşriklər bunu bilsəydilər”, -deyərək bir həqiqəti vurğulayır “Əgər müşriklər bir hörümçəyə məğlub olacaq qədər həqiqətlərə qarşı kor olduqlarını bilsəydilər, belə bir sui – qəsdə təşəbbüs etməzdilər”, -deməkdir.

Allahın Qüdrətinin təcəssümü olan bir Hörümçək…
….Mən bunu anladım ki, nəyisə sevmiriksə, nədənsə qorxuruqsa onu tanımamağımızdan irəli gəlir.
Hörümçəyi Allah nə üçün bizə misal çəkir?
Hörümçəyin nə kimi xüsusiyyətləri var?
Quranda adının keçməsi üçün onu fərqləndirən, vacib edən nədir?
Hər 4 metrlik sahədə 1000 hörümçək yaşayır.
Hörümçəklər özlərini koma halına salaraq su altında saatlarca qala bilirlər.
Hörümçəklər bir çox zərərli həşəratları yeyərək bağları qoruyurlar.
Eyni zamanda bitkilərin də çoxalmalarına kömək edirlər.
Hörümçəklərin bir çoxunun 8 gözü vardır, bəzilərinin 6 və ya daha az ola bilər.
Bəzi erkək hörümçəklər dişi hörümçəklərə hədiyyə olaraq ölü ağcaqanad və həşəratlar gətirirlər.

İnsanın təqlid edə bilmədiyi istehsal: Hörümçək ipliyi…
…Hörümçəklər tor qurarkən istifadə etdikləri ipliyi öz bədənlərində istehsal edirlər. Diametri bir millimetrin mində birindən daha kiçik olan bu iplik eyni qalınlıqdakı polad teldən beş dəfə daha möhkəmdir. Bu qədər möhkəm olan bu iplik kauçukdan yüzdə otuz daha elastikdir və öz ölçüsünün 4 qatı qədər uzana bilir. Bu ipliyi dünyanın ətrafında dövr etdirsək, kütləsi yalnızca 320 qram olacaq. Həm də hörümçək toru çox elastik olur. Fici, Madaqaskar və basqa adaların sakinləri də hörümçəyin hazırladığı torlardan istifadə edirlər.

Hörümçək bizə nə anladır?
İnsan hörümçəyin torunu çox sahədə model götürüb.
Nə üçün başqalarına sığınanlar hörümçəyə bənzədilir?
…Hörümçəkdə ailə bağları çox zəifdir. Allaha sığınanların kökü isə yerdə möhkəmdir. Allahdan başqa dost tutduqlarımız.. Onlar məhz ailəsinin kökü möhkəm olmayan, bir-birlərinin ölümünə səbəb olanlara bənzəyir.
Hisslərimizi Allaha ortaq qoşuruq. Qorxu da ən böyük şərikdir! Bizim bağlarımız,həqiqətən də, zəifdir. Dünya ilə bizim aramızda olan bağ da hörümçəyin ailəsinə olan bağına bənzəyir.

Hörümçəklərin beyni bütün bədənini əhatə edir. Belə nəticə çıxır ki, hörümçəklər digər orqanlarını beyinlərinə “qurban veriblər”.
Olduqca gizli mesajlar ötürən hörümçək simvolu.. Onun verdiyi mesajları dinləməyə qulaq verək.