“Qurandan məktub var-21”

“Qurandan məktub var-21”

Hidayətdən məktubun var!

Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz.

“Muminun 78”

Dəyərli dost, uca Allah insanlara verdiyi böyük nemətləri xatırladır və şükürdə aciz olduğumuzu vurğulayır. Bu nemətlər, həqiqəti eşitməyə imkan verəcək qulaqlar, gördüklərini görüb öyrənməsinə kömək edəcək gözlər, eşitdiklərini və gördüklərini mənalandıraraq həqiqəti dərk edə biləcək qəlblərdir. İnsan ancaq bu şəkildə sahib olduğu nemətləri dərk edə və onlara şükr edə bilər.

Allahın ayələrdə qəlb, qulaq və gözə birlikdə yer verməsi diqqət çəkicidir. Qulaq, göz və qəlb elmin yoludur.

Eşitmə orqanı olan qulaq ərəbcə “üzün” kimi ifadə edilir. Dolçanın qulpu, tutacağı üçün də eyni söz işlədilir. Bu baxımdan üzün sözü bağ, birləşdirici ünsür kimi görünür. Eyni kökdən gələn “azan” isə bildirmək, məlumat vermək anlamındadır.

Qulaq 3 hissədən ibarətdir: xarici qulaq, orta qulaq və daxili qulaq.

● Xarici qulaq səs dalğalarını, titrəyişlərini alır və orta qulağa ötürür.
● Orta qulaq xarici qulaqdan gələn səs dalğalarını möhkəmləndirir və tənzimləyir.
● Daxili qulaqda səs titrəyişləri beyinin sinir hüceyrələrinə, neyronlara ötürülür.

Eşitmə dediyimiz akt necə baş verir? 

Qulaq seyvanı səsi toplayıb keçəcəklə təbil pərdəsini tərpədir. Təbil pərdəsi sümükcükləri hərəkətə gətirərək oval pəncərəni titrəyişdirir. Daxili qulaqda olan maye titrəyiş nəticəsində dalğalanır və elektrik-kimyəvi reaksiya nəticəsində eşitmə siniri ilə beyin qabığına ötürülür.

İnsan bədənində müvazinəti qoruyan orqan olan vestibulyar aparat qulaqda yerləşir. Bu səbəbdən də qulağı eşitmə orqanı ilə yanaşı, həm də müvazinət orqanı adlandırırıq.

Maraqlıdır insanın müvazinətini niyə məhz eşitmə orqanı olan qulaq qoruyur?

İnsan sadəcə cismani deyil, həm də ruhani varlıq olduğu üçün onun cisminin müvazinəti ilə bərabər ruhunun müvazinətinin qorunmasına da ehtiyacı var. Eşitdiklərimiz bunda rol oynayır.

Ruhun müvazinəti nə zaman pozular? Haqqı görüb eşitmədikdə, ona görə Allahın həqiqi bəndələri haqqı tam mənası ilə eşidən, həqiqəti bütün aydınlığı ilə görən insanlardır.

Fikir versək insanın ana bətnində qulaq formasında olduğunu görürük. Son illərdə aparılan araşdırmalara görə, hamiləliyin son iki ayında körpələr kənardan gələn səsləri eşitməyə başlayırlar.

Sual işarəsi niyə qulaq formasındadır?

Qəlbin verdiyi sualları cavablandırmaq üçün dinləməyi bacarmalı, qəlblə qulağın rabitəsi olmalıdır.

İnsan yaradılış təməlində duymağa ehtiyacı var, qəlbini duymağa, həyatı duymağa, Allahın bizə söylədiklərini duymağa.
Qəlbimiz öz sözünü pıçıltı ilə deyir, onu eşidə bilmək üçün qəlb və qulaq arasında mənəvi tarazlıq, bağlılıq yaranmalıdır.

Biz bu pıçıltını duya bilirik mi?

Bir qəlbin pıçıltısını dinləməyə iki qulağımız da bizə kömək edirmi?
Bəs gözün gördüklərini duya bilirikmi?

Duymaq dedikdə sadəcə eşitdiyimiz səslərmi nəzərə alınmalıdır, insan gördüklərini də duya bilməzmi?

Muhammədə niyə o gözəl qulaq ola bilirdi deyirdilər? Nə deməkdir bu söz?

Qəlbinə Quran enmiş birisi gözəl qulaq olmağı bacarırmış. Demək biz qəlbimizlə də eşidə bilərik.

Hər birinizə peyğəmbərimiz kimi gözəl qulaq olmağı, dinləməyi, duymağı bacarmağı diləyirik.