Bəyandan məktubun var!
Ramazan ayının növbəti təfəkkür dolu günündə yeni bir ayənin işığında toplaşdıq. O işıq ki, bizi nura qərq edər, daim oxumağa, yenilənməyə, yenilənərək hər gün Günəş kimi tazə tərz ilə doğulmağa istiqamətləndirər.
“O, insanı ələqdən yaratdı.”
Ələq 2
Bu ayəni araşdırmağımız heç də təsadüfi deyil. Təbiətin kəşfinə çıxdıqdan sonra ən az onun qədər mükəmməl və unikal sabitlikdə olan insanı düşünmək, təfəkkür etmək hər kəsə nəsib olmayan kamil bir işdir.
Bəs nədir ələq?
Ələq sözünün mənası laxtalanmış qan, embrion deməkdir. Embrion isə sperma ilə mayalanmış yumurta hüceyrənin 1 həftə ərzində formalaşan qan toplusudur. Daha aydın desək, çoxhüceyrəli bir orqanizmin inkişafının başlanğıc mərhələsidir. Orqanlar kimi bədən quruluşlarının meydana gəlməsi ilə davam edən həyat dövrünün bir hissəsi də adlandırmaq olar.
İndi isə qanın nə olduğunu öyrənək. Qan nədir və funksiyası nədən ibarətdir?
Qan orqanizmin birləşdirici toxumasına aid olub, insanların və əksər heyvanların bədənlərində dövr edən və orqanizmdə müxtəlif funksiyaları yerinə yetirən qırmızı rəngli mayedir. Qan limfa və hüceyrəarası maye ilə birlikdə orqanizmin daxili maye mühitini əmələ gətirir. İnsan bədəninin çəkisinin orta hesabla 8%-i qan təşkil edir.
Qan orqanizmdə müxtəlif funksiyaları yerinə yetirir. Hüceyrələrə qida maddələrini və oksigeni çatdırır, mübadilənin son məhsullarını ifrazat orqanlarına gətirir, bədən temperaturunun sabit saxlanılmasında iştirak edir, zəhərli maddələri və yad cisimləri kənar etməklə orqanizmi zərərli təsirlərdən qoruyur.
Digər maraqlı fakt isə əlaqə sözünün ilkin variantının məhz ələq sözü ilə eyni kökdən gəlməsidir.
Düşünək:
Yaradıcı Rəbb insanı ələqdən, əlaqədən yaratdı.
Ələq…
Əlaqə…
Əlaqə – diqqət, könül vermək, bağlanmaq, bağ qurmaq, ünsiyyətdir.
Ələqdən yaradılan insana ilk əmr:
Oxu, Yaradıcı Rəbbinin adı ilə. O səni ələqdən xəlq etdi!
Ələqdən yaradılan insanın ilk əlaqəsi Oxu oldu.
Oxu!
Özünü, ətrafını, bütün xəlq olunanları…
Oxu ünsiyyətdir.
Bəs ünsiyyətdə ən vacib ünsür nədir?
–Danışan və eşidən qəlb, qulaq olmaq…
İnsanın yarandığı ələqin forması da qulağa bənzəyir.
Ələqdən yaranan insan əlaqə ilə yoxdan var oldu, həyat tapdı, hay oldu.
Ələqdən yaradılan insanın doğru əlaqəsindən gözəl ünsiyyət yaranacaq və şübhəsiz ki, salam ünsiyyət ilə yenidən dirçələcək.