“Qurandan məktub var – 17”

“Qurandan məktub var – 17”

“Dağlar isə didilmiş yun görkəmi alacaqdır. O gün kimin tərəziləri ağır gələrsə xoşbəxt güzəran sürəcək.” (Qariə, 5-7)

Ayədə hikməti axtaraq!
Dağ və yun? Kiçik qiyamətimiz? Özümüzü mühakimə etmək?

“Dağlar didilmiş rəngarəng yun kimi havada parça-parça olacaqdır”.

“İhn” sözü rəngarəng yun deməkdir. “Mənfuş” isə “nəfş” kökündən götürülmüşdür və yunu açmaq mənasında işlənir. Adətən yun çırpmaqla və xüsusi alətlərlə didilərək açılır. Quranın müxtəlif ayələrində dağlar qiyamət astanasında öncə hərəkətə gələr, sonra parçalanaraq tamamilə dağılarlar. Sonra havada toz şəklinə düşərlər. Sözügedən ayədə isə dağlar rəngli, didilmiş yuna bənzədilir. Bu yunlar küləklə birlikdə hərəkət edir və onların yalnız rəngi gözə dəyir. Bu, dağların dağılmasının son mərhələsidir.

Ayənin məzmunundan da anladığımız kimi, qiyamət, məşhər anı təsvir edilir və mizan tərəzilərinin qurulacağı, əməllərin ayrılacağı, yaxşı və pisin məlum olacağı bildirilir.

Quran dünənə, bu günə və gələcəyə xitab edən kitabdır. Bu səbəbdən ayələr çox mənalıdır. Biz qiyaməti bu günümüzə uyğunlaşdıraraq, ayələri şərh etməyə çalışacağıq. Axı Quran həyat kitabı və yolgöstəricidir.

Bizim kiçik qiyamətimiz nədir?

Məşhərdə Allah bizim əməllərimizi mizan tərəzisində ölçəcək və gözəl əməllərimiz ilə pis əməllərimiz ayrılacaq, müvafiq olaraq bizim nəyə layiq olduğumuz elan olunacaq.

Gəlin düşünək. İndi məşhər yerində olsaydıq halımız necə olardı? Hansı pis və yaxşı əməllərlə məhkəməyə çıxardıq?

Böyük məhkəməyə hazırlaşmaq üçün öz kiçik məhkəməmizi quraq vicdanımız qarşısında.
Böyük məhkəmə günündən əvvəl özümüzü sorğu-suala tutaq, uca dağlarımızı yun kimi didək, nə doğrudur, nə müsbətdir, nə pisdir və yanlışdır? Fərqinə varaq.

Qiyamət- əməllərinlə tanış olacağın və özünə şahid olacağın gündür.

Qiyamət günü insan öz əməllərindən peşman olar və içi yanar. Özünü mühakimə etmək çətindir. İnsanı öz beynində ideal, əla, gözəl, yaxşı yaratdığı obrazı mühakimə etmək yıxır.

Öz bütünü yıxırsan.

Kiməm mən? Başqalarına göstərdiyim obrazla öz içimdəki obraz eynidirmi?

Həqiqətən də, mənfi və müsbət yönlərimi bilməliyəm.

Özümə başqa biri olaraq nəzər salmalıyam. İç dünyama… Məhşərimə…

Ayəyə bütöv nəzər salaq;
“Dağlar didilmiş yun görkəmi alacaqlar”.

Dağ nədir ?
Dağ- dünya həyatına dərdlənməmdir, dünya həyatına yüklənirəm, əzildikcə əzilirəm. Dağa dönürəm. Dağ məni ağırlaşdırır.

Ruhum azad yaradılmışkən mən onu zəncirləyərək özümə cəhənnəm yaşadıram.

Yaradılış missiyamdan qaçmaq, görməzdən gəlmək də həyatımı dağa çevirir. Çətinləşdirdikcə çətinləşdirirəm.

Dağ- Nəfsimiz…

Dağa dırmanaraq Everesti fəth etmək isə nəfsimiz üzərində fateh olmaq və onu özümüzə ram etmək.

Dağlar möhkəmlik sərtlik simvolu, amma yun yumşaqlıq həlimlik.

Bəs yun?
Yun emal mərhələsində didik-didik edilərək təmizlənir. İçində ən kiçik hissələr təmizlənənə qədər didilir. Daha sonra isə saf yun tərəzidə çəkilir.
İnsan da yun kimi keçdiyi yollardan özünə bəzən yaxşı, bəzən pis hissələr yığır. Kənar amillərin təsiri və öz düşüncələri ilə insan ruhuna faydalı və faydasız şeylər qazandırır. Bir gün insan da yun kimi didiləcək. Yaxşı pisdən ayrılacaq. Və eynilə yun kimi təmizləndikdən sonra tərəziyə qoyulacaq.

Çirkli yun təmizləndikdən sonra çəkisi azaldığı kimi, dünya həyatı boyu pisliklərlə özünü çirkləndirən insan da mizan günü havada uçuşan yun kimi çox yüngül olacaq.

Deməli, həm təkəbbür dağlarımız, həm də ayaqda qala bilməmiz üçün sütun olan dağlarımız ən incə hissələrinə qədər parçalanıb yun kimi didilərək yaxşı pisdən ayrılacaq.

Didilmiş yun kimi

Yun didilərkən ayrılan hər bir çirk özü ilə yundan bir parça aparır. Yun ilə ona ağırlıq verən maddə arasındakı rabitə nə qədər güclü olarsa, yunun çəkisi o qədər azalır.

Bəs məndə yun misalı necə təzahür edir?
Təmizlənməyən yun başqasına gözəl şəkildə necə xidmət edə bilər?

Bu asan olmayacaq.
Çətinliklər, çırpılmalar, dağılmalar olacaq. Amma sonda ruhum yüngülləşəcək. Hər şey mənim təmizlənərək ən gözəl şəkildə vəzifəmi icra etməyim üçündür. 

Mənim vəzifəm, mənim yaradılışım tək özüm üçün deyil.

Təmizləndikdən sonra yunun missiyası sona çatır?

Təmiz, didilmiş yun başqalarına faydalı olmalıdır.
Ramazan faydalı olmaq üçün ən gözəl vasitə, ən gözəl yol.

“Qurandan məktub var – 17”

“Qurunun və dənizin qaranlıqlarında yolu tapa biləsiniz deyə Sizin üçün ulduzları yaradan Odur..” (Ənam, 97)
Ulduz özündə gedən istilik-nüvə reaksiyaları hesabına daxili şüalanma mənbələri olan, adi gözlə 6 minədək, teleskopla baxdıqda milyonlarla müşahidə olunan və bürclərdə qruplaşan səma cismləridir. Ulduzların parlaqlıq vahidi ulduz ölçüsüdür. Yerin Günəş ətrafında hərəkəti nəticəsində ulduzlar göy sferasında il ərzində yerini dəyişir (buna illik parallaks deyilir). Ulduzların daxilinə getdikcə temperatur artır və mərkəzində bir neçə milyonlar dərəcəyə çatır. Bu şəraitdə istilik nüvə sintez reaksiyaları gedir. Bəzi ulduzların spektrində şüalanma xətləri var. Kəsilməz şüalanmanın yarandığı qat fotosfer, udulma xətlərinin yarandığı üst qat isə atmosfer adlanır. Ulduzları rənglərinə və yaşlarına görə 3 yerə ayırmaq mümkündür:
Yaşlı olan ulduzlar qırmızı rənglidir. BBC-nin məlumatına görə ulduzların yaşı eyni zamanda dönüş sürətləri ilə də bağlıdır. Ulduzlar yaşlandıqca dönüş sürətləri azalır.
Orta ölçülü ulduzlar isə sarı rənglidir. Orta boy olan və Dünyamızı isidən Günəş Dünyaya ən yaxın ulduzdur və 8 işıq dəqiqəsi (149.6 milyon km) uzaqlıqdadır.
Gənc olan ulduzlar isə mavi və ya ağ rəngdədirlər. Ulduzların ömrü böyüklüyü ilə mütənasibdir. Böyük olan ulduzlar enerjilərini çox tez xərcləyirlər və ölümləri tez olur. Kiçik ulduzların ömürləri isə daha uzun olur. Böyük bir ulduz öldüyü zaman adətən qara dəliyə ya da ulduzun nüvə reaksiyaları nəticəsində yaranan çox şiddətli partlamaya çevrilir.
Bəs, ulduzların sahib olduğu enerjinin qaynağı haradan gəlməkdədir?
Ulduzlar ilk olaraq enerjisini hidrogeni heliuma çevirərək alırlar. Nüvədəki hidrogen atomlarının bitməsiylə də helium atomları bir araya gəlirlər və reaksiya ilə karbon atomuna çevrilirlər. Heliumların yanmasıyla da mərkəzdəki istilik artır və ulduzun içindəki təzyiq artmağa başlayır. Bu da ulduzun genişlənməsinə səbəb olur. Və qırmızı bir top kütləsinə çevrilməyə başlayır.
“BİZ YAXIN GÖYÜ ULDUZLARLA (Kəvakiblə) BƏZƏDİK.” (Saffat, 6)
İnsan oğlu ulduzları yer üzündə axtarar, göy üzündəki ulduzları unudar. Otellərin divarlarındakı ulduzları sayar, göydəki sayılmayacaq ulduzların möhtəşəmliyini unudar. Alışdığı möcüzələri unudar da alışmadığı adiliklərə heyran olar. İnsanoğlu belədir və Rəbbimiz də alışdığımız möcüzələrə bir daha diqqət çəkər.
Əslində əl-kəvakib kainat mənasını ifadə edər. Amma ulduz sözünə çevirmək daha doğrudur, çünki burada bizə bəhs edilən kainat ya da ulduzların birbaş cismi deyil, onların işığıdır. Səmanın bəzənmiş olduğu işıq… Onun içində bizə qədər gələn işıq, bildiyimiz bilmədiyimiz hər ölçüdə yaxın göydə gözlərimizlə görə bildiyimiz işıq.
Ulduzlar nə qədər uzaq olsa da Allah “yaxın göyü bəzədim” ifadəsini işlətməklə sanki bizə mesaj verir. Onlar sizə yaxındır..
Səma qara örtüyünə bürünər, onu bir-biriylə parıltısında yarışan əsrarəngiz ulduzlar bəzəyər – fəza boşluğunda yol nizamlayıcıları.
Əgər gecə yatmaq üçün yaranmışsa niyə ayədə ulduzlar yol göstərən cismlər kimi göstərilir?
Demək ki, gecə bir kəşfiyyatın başlanğıcıdır və ulduzlar məqsədlərinə doğru gedənlərə bir istiqamətdir. Ruhun özünü axtarması, ruhun öz Rəbbini axtarması seruveni. Hz İbrahim kimi: O, batan ulduzlarda dərk etdi Allahı, içindəki “Batmayan”a yönəldi.
Ulduzlar Gecə sirdaşları.. Onlar nələrə şahiddir? Bütöv gecəni yuxuda olanlar bu yol nizamlayıcılarının yardımını necə alacaq?
Səhabələr, tələbələr hərəsi bir ulduzdur… Kimi qırmızı, kimi mavi, yaşlı və ya da gənc… Aydan -müəllimlərindən aldığı elm nuruyla bərq vurarlar, insanlığın səmasını bəzəyərlər, bəzən tez sönə bilərlər, Amma bəzən də Ayın yanında sonadək parlayan Dan Ulduzu olarlar. Sənin bu lövhədə yerin nədir?

5 thoughts on ““Qurandan məktub var – 17”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir